Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1200/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X12 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon DYPŞnin polis baş leytenantı X6, Zərərçəkmiş şəxs X4, X1 iştirakları ilə, X2 Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 sentyabr 2022-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassızdır. Hadisə baş verən zaman o, idarə etdiyi “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun kənarında dayanarkən “Golf Car” markalı avtomobil arxadan gələrək onun avtomobilinin arxa hissəsi ilə toqquşmuş və nəticədə onun idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Hər ikisi sığorta şirkətinə zəng edərək hadisə yerinə gəlməyi xahiş etmişlər. Sığorta şirkətinin nümayəndələri gələrək akt tərtib edib avtomobillərin fotoşəkillərini çəkərək hadisə yerindən getmişlər. “Golf Car” markalı avtomobilin sürücüsü təqsirli olduğunu etiraf etmişdir. Hadisənin səhərisi günü özünü Sabunçu rayon DYPŞ-nin əməkdaşı kimi təqdim edən şəxs ona zəng edərək hadisə yerinə gəlməsini xahiş etmiş, o, hadisə yerinə getmiş, həmin əməkdaş ona hadisə ilə bağlı bir neçə sual verərək şikayətinin olub-olmamasını soruşmuş, ondan sonra onlar ayrılmışlar. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, lakin onun həmin protokoldan xəbəri olmamışdır. O, heç bir yol hərəkəti qaydasını pozmamış və onun əməlində heç bir inzibati xəta tərkibi olmamışdır. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsində göstərilənlərə uyğun olaraq ilkin izahatında bildirmişdir ki, hadisə günü, yəni 21 avqust 2022-ci il tarixdə onun idarə etdiyi avtomobil dayanıqlı vəziyyətdə olduğu halda “Golf Car” markalı avtomobil arxadan onun avtomobilinə dəyərək toqquşmuş və nəticədə onun avtomobilinə maddi zərər dəymişdir. Onun avtomobilinə dəymiş zərər çox olmadığından o, şikayətçi olmamışdır. Onun barəsində əsassız olaraq AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Onun həmin protokoldan da yalnız sığorta şirkəti onu sığorta ödənişinin qaytarılması məqsədi ilə məlumatlandırdıqda xəbəri olmuşdur Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Sabunçu Rayon DYPŞ-nin polis baş leytenantı X9 hazırki yol-nəqliyyat hadisəsi ilə bağlı kifayət qədər araşdırma aparıldığını, işin həqiqi hallarının tam və hərtərəfli araşdırıldığını, hadisənin X5 göstərdiyi kimi baş vermədiyini, “Golf Car” markalı avtomobilin X2 idarə etdiyi avtomobilə arxadan dəyərək toqquşmadığını, əksinə Elxan Mehdiyevin öz avtomobilini arxaya doğru idarə edərkən “Golf Car” markalı avtomobilin qabaq hissəsinə dəyərək toqquşduğunu, hadisədən sonra hadisə yerindən yayındığını və saatlarla hadisə yerinə qayıtmadığını, təqsirli sürücünün müəyyən edilməsi istiqamətində ərazidə olan bütün kamera görüntülərinin açılaraq yoxlanıldığını, göstərilən halların zərərçəkmiş şəxs tərəfindən təsdiq edilməsinin mümkün olduğunu, Elxan Mehdiyevin hadisəni təhrif edərək təsvir etdiyini, Elxan Mehdiyevin artıq inzibati tənbeh vermə haqqında qərarla müəyyən edilmiş cəriməni ödədiyini qeyd edərək Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 sentyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon DYPŞ-nin polis baş leytenantı X6 göstərdikləri ilə bağlı şikayət vermiş şəxs X2 fikri soruşulduqda o, əslində hadisənin baş verdiyi yerin bir az dik ərazi olduğundan onun avtomobilinin özünün də xəbəri olmadan arxaya doğru sürüşdüyünü və arxada olan “Golf Car” markalı avtomobilə dəyərək toqquşduğunu, onun ayağı tormozda olduğundan avtomobilinin arxaya sürüşməsini hiss etmədiyini, hadisədən sonra hadisə yerində qalmasa da, yaxın ərazidə olduğunu, özü avtomobildən düşüb getsə də, avtomobolinin hadisə yerində qaldığını, əslində hadisə yerindən yayınmadığını və sonradan hadisə yerinə qayıtdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 izahatında bildirmişdir ki, hadisə günü, yəni 21 avqust 2022-ci il tarixdə onun idarə etdiyi “Golf Car” markalı avtomobilin qarşısında “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış, sonradan həmin avtomobilin sürücüsü həmin avtomobili arxaya doğru hərəkət etdirməyə başlamış və onun avtomobilin arxa hissəsi onun idarə etdiyi “Golf Car” markalı avtomobilin ön hissəsinə dəyərək toqquşmuşdur. Bundan sonra “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən enərək hadisə yerindən çıxıb getmişdir. Bundan sonra o, həmin şəxsin qayıtmadığını görərək DİN-nin 102 Xidmətinə zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi və həmin hadisəni törətmiş sürücünün hadisə yerindən yayınması barədə məlumat vermişdir. Sonra o, polis əməkdaşları ilə birlikdə həmin şəxsin müəyyən edilməsi məqsədi ilə həmin ərazidə olan kameralardakı görüntüləri açdırmış və hadisəni törətmiş şəxsin müəyyən edilməsinə çalışmışdır. Təxminən 2-3 saatdan sonra hadisəni törətmiş sürücü, yəni X5 hadisə yerinə qayıtmışdır. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs hadisə baş verdiyi yerin düz ərazi olmaqla avtomobilin orada arxaya doğru sürüşmə ehtimalının olmadığını, “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün özünün avtomobili arxaya doğru idarə edən zaman onun idarə etdiyi “Golf Car” markalı avtomobilə dəyərək toqquşduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən tərtib edilmiş 23 avqust 2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, 21 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən X5 AR İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı, 06 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, X5 21 avqust 2022-ci il tarixdə, saat 22:00 radələrində yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə AR İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. “Xalq Sığorta” tərəfindən X3 ünvanlanmış məktubdan görünür ki, “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin “Golf Car” markalı avtomobillə toqquşması nəticəsində sonuncuya dəymiş ziyan sığorta şirləti tərəfindən ödənilmiş və X5 hadisə yerindən yayındığına görə ödənilmiş 1877 manat məbləğində siğorta ödənişi subroqasiya qaydasında ondan tələb edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhəri Sabunçu Rayon DYPŞ-nin polis baş leytenantı X9 tərəfindən təqdim edilmiş X2 hadisə ilə əlaqədar polis bölməsində verdiyi yazılı izahatından görünür ki, o, etibarnamə əsasında idarə etdiyi avtomobili “Sea Breeze” istirahət mərkəzində idarə edərkən qarşı tərəfdən maşın gəldiyi üçün avtomobili saxlayıb 10-20 sm arxaya verdiyini, bu zaman “Golf Car” markalı avtomobilə toxunduğunu, hadisə yerindən yayınmadığını, “Ses Breeze” istirahət mərkəzində işlədiyindən ərazinin boş olan sahəsində gözlədiyini bildirmişdir. Zərərçəkmiş şəxs X4 polis bölməsində verdiyi yazılı izahatından görünür ki, o, izahatında “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili arxaya hərəkət etdirərək onun idarə etdiyi “Golf Car” markalı avtomobilə dəydiyini, sonra avtomobildən düşün günahkar deyilmiş kimi öz avtomobilinə əyləşib hadisə yerindən getdiyini, bu barədə “Sea Breeze” istirahət mərkəzinin rəhbərliyinə məlumat verildikdə onların həmin sürücünün onların işçisi olduğunu və tapıb hadisə yerinə gətirəcəklərini bildirdiklərini, təxminən 1 saat sonra hımin sürücünün rəhbərliyin təhdidi ilə hadisə yerinə gəldiyini, hadisədən 3 saat sonra polisə məlumat verildiyini bildirmişdir. “Yol-nəqliyyat hadisəsinin sxemi”ndən görünür ki, həmin sxemdə “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün avtomobili arxaya hərəkət etdirərək onun idarə etdiyi “Golf Car” markalı avtomobilə dəyməsi əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə şikayətçi tərəfin dəlillərini, səlahiyyətli orqanın nümayəndəsinin izahatında göstərdiyi xüsusatları, zərərçəkmiş şəxsin izahatını, iş materiallarında olan sübutları nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 sentyabr 2022-ci il tarixli qərar qanuni və əsaslıdır və həmin qərarın ləğvi üçün əsaslar yoxdur. Belə ki, şikayətçi X5 şikayət ərizəsində və məhkəmə iclasında verdiyi ilkin izahatında “Golf Car” markalı avtomobilin arxadan gələrək onun idarə etdiyi, lakin hadisə zamanı dayanıqlı vəziyyətdə olan “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə toxunduğunu göstərsə də, məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon DYPŞ-nin nümayəndəsinin izahatında göstərdiyi xüsusatlardan sonra o, izahatını dəyişərək əslində onun avtomoblinin sürüşərək özü də bilmədən “Golf Car” markalı avtomobilə dəydiyini, bunun səbəbinin həmin ərazinin dik olması və avtomobilin sürüşməsi olması göstərmişdir ki, bu da X2 şikayət ərizəsində və ilkin izahatında hadisəni təhrif etməsinin və məhkəməni yanıltmağa çalışmasını göstəricisidir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X7 əslində hadisənin baş verdiyi ərazinin düz ərazi olduğunu, avtomobilin arxaya sürüşmə ehtimalının olmadığını, “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün özünün avtomobili arxaya doğru idarə edən zaman onun idarə etdiyi “Golf Car” markalı avtomobilə dəyərək toqquşduğunu bildirdikdən sonra isə X5 avtomobilini arxaya doğru idarə edən “Golf Car” markalı avtomobilə dəydiyini bildirərək yenidən əvvəlki izahatlarında göstərdiyi xüsusatları təkzib edərək bir daha öz izahatlarında səmimi olmadığını nümayiş etdirmişdir. Göründüyü kimi, X2 21 avqust 2022-ci il tarixdə idarə etdiyi “Mitsubishi L200” markalı, **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili arxaya doğru hərəkət etdirən zaman “Golf Car” markalı avtomobilə dəyərək toqquşması həm məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin və X2 yazılı izahatları, zərərçəkmiş şəxsin məhkəmə iclasında hadisənin baş vermə mexanizmi barədə verdiyi təffərrüatlı izahatı, Bakı şəhəri Sabunçu Rayon DYPŞ-nin polis baş leytenantı X6 izahatı, yol-nəqliyyat hadisəsinin sxemi və ən nəhayət X2 məhkəmə iclasında uzun araşdırmanın sonunda verdiyi izahatı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, X5 hadisə yerindən yayınmadığını, “Sea Breeze” istirahət mərkəzində işlədiyindən hadisə yerinə yaxın ərazidə olduğunu bildirərək özünü AR İXM-nin 327.6-cı maddəsi ilə təqsirli bilməsə də, onun izahatında göstərilən bu hal özü-özlüyündə onun hadisə yerindən yayındığına dəlalət edir. Belə ki, AR İXM-nin 327.6-cı maddəsinin tərkibinin yaranmasının istisna olunması üçün şəxsin yol-nəqliyyat hadisəsindən sonra məhz həmin hadisənin baş verdiyi yerdə qalması zəruridir ki, hazırki hadisə ilə bağlı zərərçəkmiş şəxs izahatında X2 hadisədən sonra hadisə yerindən getdiyini, onu axtarmaq üçün ərazidə olan kamera görüntülərinə baxış keçirildiyini, “Sea Breeze” istirahət mərkəzinin rəhbərliyinə məlumat verildikdən və həmin istirahət mərkəzinin rəhbərliyinin təkidindən sonra oranın işçisi olan X2 hadisə yerinə qayıtdığını, onun DİN-nin 102 Xidmətinə zəng edərkən də sürücünün hadisə yerindən yayınması barədə məlumat verdiyini bildirmişdir. Bununla yanaşı, barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş X5 özü də polis bölməsində yazdığı izahatında, o cümlədən, məhkəmə iclasında da hadisə yerindən getsə də, həmin əraziyə yaxın yerdə olduğunu, bir qədər sonra yenidən hadisə yerinə qayıtdığını bildirmişdir ki, həmin dəlilə münasibətdə məhkəmə qeyd edir ki, sürücünün hadisə yerini tərk etdiyi andan AR İXM-nin 327.6-cı maddəsinin tərkibi yaranır və bu zaman sürücün hadisə yerinə yaxın və ya uzaq əraziyə getməsi, sonradan hadisə yerinə qayıtması onun hadisə yerindən yayınaraq getməsini aradan qaldırmır. Göründüyü kimi, X2 şikayətdə göstərdiyi dəlillər məhkəmə iclasında tədqiq edilmiş sübutlarla yanaşı, özünün biri digərinə uyğun olmayan izahatında göstərdiyi xüsusatlar da təkzib olunmuşdur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X5 barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmamış, mübahisələndirilən qərarın ləğvi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X2 Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 sentyabr 2022-ci il tarixli qərarın ləğv edilməsinə şikayəti əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: X2 Bakı şəhəri Sabunçu Rayon DYPŞ tərəfindən qəbul edilmiş TP ******* saylı, 06 sentyabr 2022-ci il tarixli qərarın ləğv edilməsinə şikayəti təmin edilməsin və həmin qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1200/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1200/2023
07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver