Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1202/2023 24.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərli Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 24 fevral 2023cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3645/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən, dəyəri 559,99 manat olmaqla damla dolabın, dəyəri 249,99 manat olmaqla damla çarpayının, dəyəri 188,99 manat olmaqla damla trumonun, dəyəri 167,98 manat olmaqla damla tumbanın, dəyəri 137,99 manat olmaqla döşəyin, cəmi 1304,94 manat məbləğində pulun cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış, bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 protokolun dəlillərinə uyğun izahat verərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. O, bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs hər ay müvafiq məbləğdə ödəniş edərək məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğin yarıdan çox hissəsini ödəsə də, zərərçəkmiş şəxs pulun tam məbləğdə ödənilməsini tələb edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, işləmir, ağır şəkər xəstəsidir. Dövlət Məşğulluq Xidmətinə də ərizə ilə müraciə etmişdir. Tələbkar onun keçmiş gəlinidir. O, bacardığı qədər hər ay, bir ay belə ara vermədən maddi imkanının yol verdiyi qədər zərərçəkmiş şəxsə ödənişlər edərək məbləğin yarısını ödəmişdir. O, ağır maddi durumdadır. Aylıq ödənişlərdən başqa formada birdəfəlik ödəniş etməyə imkanı yoxdur. O, icra vərəqəsini icra etməkdən heç vaxt yayınmamış və hər ay ödəniş etməklə onun icrasını təmin etmək üçün əlindən gələni etmişdir. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X5 öz izahatında bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs onun qayınanasıdır. O, pulun tam məbləğdə ödənilməsini tələb edir. Bu səbəbdən də ödəniş tam həyata keçirilməyəcəyi təqdirdə Şəxs həbs olunmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3645/2022 saylı, 19 iyul 2022-ci il tarixli qətnaməsinə əsasən, dəyəri 559,99 manat olmaqla damla dolabın, dəyəri 249,99 manat olmaqla damla çarpayının, dəyəri 188,99 manat olmaqla damla trumonun, dəyəri 167,98 manat olmaqla damla tumbanın, dəyəri 137,99 manat olmaqla döşək ECOLİNE-nın, cəmi 1304,94 manat məbləğində pulun cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 29 avqust 2022-ci il tarixli surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3645/2022 saylı, 19 iyul 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən 29 avqust 2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. 29 avqust 2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 29 avqust 2022-ci il və 06 oktyabr 2022-ci il tarixli izahatlardan görünür ki, o, həmin izahatlarında icra sənədində xəbərdar olduğunu, lakin maddi imkanı olmadığından borcu tam məbləğdə ödəmədiyini, tam ödəyə bilməsə də, hissə-hissə ödənişlər etdiyini qeyd etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, Şəxs ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmuşdur. Bank çıxarışlarından görünür ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə 30 manat, xx.xx.2023-cü il tarixdə 40 manat, xx.xx.2022-ci il tarixdə 60 manat, xx.xx.2022-ci il tarixdə 70 manat, xx.xx.2022-ci il tarixdə 70 manat, BPM**********66 nömrəli mədaxil qəbzinə əsasən isə 400 manat məbləğində pul vəsaiti zərərçəkmiş şəxsə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs işləməməsi, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara hissə-hissə ödəməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs işləmədiyindən icra vərəqəsi üzrə müəyyən edilmiş məbləği tam ödəyə bilməmiş, lakin buna baxmayaraq hissə-hissə də olsa hər ay mütəmadi olaraq ödənişlər edərək məhkəmə qətnaməsinin icrası istiqamətində addımlar atmışdır ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən 06 aya yaxın müddət keçməsinə baxmayaraq icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən (işlə təmin olunmasının təmin edilməsi Dövlət Məşğulluq Xidmətində qeydiyyata durması hüququnun izah edilməsi, adına məhkəmə qətnaməsinin icrasının yönəldilə biləcəyi hər hansı əmlakın olub-olmamasının müəyyən edilməsi və.s.), yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs işsiz olması, bu səbəbdən işləməməsi, hər ay mütəmadi olaraq hissə-hissə də olsa qətnamə üzrə müəyyən edilmiş məbləğdən ödənişlər etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1202/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1202/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver