Məhkəmə qərarları › İş №3(008)-1217/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1217/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1217/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X1 İmanovanın sədrliyi, məhkəmə iclasının katibi Aytən Eldar qızı Səfərovanın katibliyi ilə, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1993-cü il tarixdə Sabirabad rayonu, Həşimxanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, Sabirabad rayonu, Ətcələr kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 05 fevral 2025-ci il tarixli, İXP 68784281 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 fevral 2025-ci il tarixdə, saat 04:43 radələrində “Toyota Prius” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla idarə etdiyindən saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış şəxs tibbi müayinədən imtina etmişdir. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək bildirmişdir ki, o, ümumiyyətlə 1 ilə yaxındır ki, içki içmir. Belə ki, o, ziyarətə gedib qayıtmış və həmin vaxtdan içki içməmişdir. Hadisə günü yolda gedərkən polis əməkdaşları onu saxlayaraq xüsusi texniki vasitənin köməkliyi ilə onun sərxoş olub-olmamasını yoxlamışlar. Aparatla onun içkili olmaması müəyyən edildikdən sonra polis əməkdaşları onu tibbi müayinəyə aparmışlar. Orada analiz vermək üçün içəri otağa keçmiş, çıxdıqda polis əməkdaşı əlində kağızla həkimin otağından çıxaraq “gedək” demişdir. O, nə baş verdiyini anlamamışdır. Çölə çıxdıqda avtomobilinin yerində olmadığını görmüş, polis əməkdaşından avtomobilinin harada olmasını soruşduqda o, avtomobilin cərimə meydançasına aparıldığını demişdir. O, bunun səbəbini soruşduqda polis əməkdaşı”gedək orda söhbət edərik” demişdir. Daha sonra cərimə meydançasına getdikdə avtomobilin içərisində olan sürücülük vəsiqəsinin və 900 manat məbləğində pulunun yerində olmadığını görmüş, əşyalarının harada olmasını, hansı səbəbdən avtomobilində olan əşyaların qanunsuz götürüldüyünü soruşduqda polis əməkdaşı polis idarəsində danışacaqlarını demişdir. Daha sonra o, polis əməkdaşlarının həm onun pulunu götürməsi, həm də barəsində əsassız olaraq AR İXM-nin 343.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi ilə bağlı AR DİN-nə, AR Prezidentinə rəsmi yazılı müraciətlər etmişdir. Bir daha qeyd edir ki, o, müayinədən imtina etməmiş, xəbəri olmadan barəsində hazırda məhkəməyə təqdim edilmiş protokol tərtib edilmişdir. Xahiş edir ki, göstərilən hallar nəzərə alınsın və barəsində ədalətli qərar qəbul edilsin. İş üzrə barəsində protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 05 fevral 2025-ci il tarixli, İXP 68784281 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 05 fevral 2025-ci il tarixdə, saat 04:43 radələrində “Toyota Prius” minik markalı, **-KS-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmaqla idarə etdiyindən saxlanılmış, sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış şəxs tibbi müayinədən imtina etmişdir. 05 fevral 2025-ci il tarixli, 1/161 saylı nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktından görünür ki, həmin tarixdə Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinədən keçməkdən imtina etmişdir. Şəxs 07 fevral 2025-ci il tarixdə X2 Polisi Şöbəsində verdiyi izahatdan görünür ki, o, əslində analiz vermək üçün həkim müayinəsinə getdiyini, analiz vermək üçün içəri keçdiyini, lakin polis əməkdaşı tərəfindən onun xəbəri olmadan avtomobilinin duracağa aparıldığını və ona 400 manat cərimə yazıldığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. 343.1-ci maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxsin tibbi müayinədən imtina etməsinə görə dörd yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Məhkəmə barəsində inzibati qaydada icraat aparılan şəxsi dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, Şəxs AR İXM-nin 343.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmədiyindən onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Şəxs həm məhkəmə iclasında verdiyi izahatından, həm də polis idarəsində verdiyi yazılı izahatdan görünür ki, o, özünü AR İXM-nin 343.1-ci maddəsi ilə təqsirli bilməmiş, tibbi müayinədən imtina etmədiyini, analiz vermək üçün otağa keçdiyini, otaqdan çıxarkən polis əməkdaşının ondan xəbərsiz inzibati xəta haqqında protokol tərtib etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş yeganə sübut 05 fevral 2025-ci il tarixli, 1/161 saylı nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə tibbi müayinə aktıdır ki, həmin akta münasibətdə məhkəmə qeyd edir ki, Şəxs izahatı ilə onun ümumiyyətlə həkimin otağına girməməsi və həkimi görməməsi, analiz vermək üçün müəyyən edilmiş otaqdan çıxan zaman artıq polis əməkdaşının əlində kağızla həkimin otağından çıxdığını görməsi, bundan sonra isə oradan çıxıb getmələri və ondan xəbərsiz barəsində inzibati xəta haqqında protokol tərtib edilərək imza üçün ona təqdim edilməsi müəyyən edilmişdir ki, bu da müvafiq müayinədən imtina aktının həkim tərəfindən sadəcə polis əməkdaşının şəxsin müayinədən imtina etdiyini bildirməsi əsasında tərtib edilməsinə dair məhkəmədə əsaslı şübhələr yaradır. Belə olan halda, şəxsin özünü ilk gündən törədilməsi ona istinad olunan inzibati xətanın törədilməsində təqsirli bilmədiyi, iş materiallarında onun həmin maddə ilə təqsirli olmasına dəlalət edə biləcək kifayət qədər sübutun olmadığı (məsələn; şəxsin tibbi müayinədən imtina etməsini təsdiq edəcək videogörüntü, şahid ifadəsi) vəziyyətdə həmin şəxsin təqsirli olması qənaətinə gəlinməsi vətəndaşın əsas hüquqlarından biri olan təqsirsizlik prezumpsiyası hüququnun pozulması ilə nəticələnə bilər. Bundan savayı, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarının tələbi ilə tibbi müayinə üçün tibb dairəsinə öz şəxsi avtomobilini idarə edərək getmişdir. Məhz bu hal özü tibbi müayinədən imtina etmək niyyəti olan və bundan boyun qaçıran şəxsin tibb dairəsinə könüllü olaraq şəxsi avtomobili ilə getdikdən sonra müayinədən imtina etməsinin məntiqsiz olması qənaətinə gəlməyə imkan verir. Belə ki, tibbi müayinədən keçmək istəməyən şəxs elə yerindəcə polis əməkdaşlarına tibbi müayinədək keçmək istəmədiyini bildirər və özü şəxsən avtomobili ilə tibb dairəsinə getməzdi. Göründüyü kimi, iş materiallarında olan sənədlərlə Şəxs AR İXM-nin 343.1-ci maddəsi ilə təqsirli olması öz təsdiqini tapmamışdır. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 329.3-cü maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətalara hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayonşəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 329.3-cü maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətaların törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Odur ki, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməli, Şəxs AR İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu DYPŞ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 343.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən onun həmin maddə ilə təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs AR İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan iş materiallarında olan müvafiq sənədlər şəxsin həmin maddə ilə nəzərdə tutulmuş əməlinə hüquqi qiymət verilməsi üçün Bakı şəhəri Sabunçu rayon DYPŞ-nə göndərilsin. Qərardan rəsmi qaydada təqdim edildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar