Məhkəmə qərarları › İş №3(008)-1218/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1218/2025

03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1218/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Şahbazlı Aynur Qılınc qızının katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi Nicat Əliyevin, şikayət vermiş şəxs X7 iştirakı ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X13 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X13 şikayətini onunla əsaslandırılmışdır ki, O, 29 yanvar 2025-ci il tarixə qədər “X16 - Bina Tikinti” MMC-nin direktor vəzifəsini icra etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla “X16 - Bina Tikinti” MMC-nin direktoru olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Belə ki, həmin Məcəllənin 192.1-ci maddəsinin tətbiq edilməsi AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi nəzərdə tutulur. “X16 - Bina Tikinti” MMC işğaldan azad edilmiş ərazilərdə - Qubadlı və Laçın rayonlarında yol çəkilməsi üzrə fəaliyyət göstərir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda adları qeyd edilən işçilərin - X4 xx.xx.2024-cü ildə, X1 xx.xx.2024-cü ildə, X2 xx.xx.2024-cü ildə, X5 isə xx.xx.2024-cü ildə əmək müqavilələri ləğv edilmişdir. X10 Xidmətinin Bakı şəhər İdarəsi həmin 4 nəfər işçinin əmək müqaviləsinin ləğv edildiyi halda “X16 - Bina Tikinti” MMC tərəfindən işlərin görülməsinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar tərtib etmişdir. Belə ki, “X16 - Bina Tikinti” MMC tərəfindən işçilərin əmək müqavilələrinə xitam verildikdən sonra bu barədə məlumatlar “X18 Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına, filial isə növbəti mərhələdə "xxxx" ASC-yə, "xxxx" ASC isə işçilərin əmək müqavilələrinə xitam verilməsi barədə məlumatı AR DİN-ə ötürür və AR DİN işçilərin adlarının portaldan silinməsini həyata keçirir. “X16 - Bina Tikinti” MMC həmin 4 nəfər işçinin əmək müqaviləsini ləğv etdikdən sonra “X18 Sanayi və Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialına məlumatlar vaxtında ötürülmüşdür, onlar da həmin məlumatı "xxxx" ASC-yə vaxtında ötürmüşlər, lakin "xxxx" ASC həmin işçilərin əmək müqavilələrinin xitam verilməsi barədə məlumatları AR DİN-ə 3-4 gün gec ötürmüşdür. Bu səbəbdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən onun barəsində 3000 (üç) min manat məbləğində cərimə yazılmışdır. Buradakı səhlənkarlıq “X16 - Bina Tikinti” MMC tərəfindən deyil, "xxxx" ASC tərəfindən edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi işçilərin adlarının portalda qalmasını və silinmədiyini əsas götürmüş, lakin həmin işçilərin həmin ərazilərdə qalmaları və əmək fəaliyyəti ilə məşğul olmaları barədə fakt və sübutlar təqdim etməmişdir. Bu baxımdan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər idarəsinin səlahiyyətli nümayəndəsi məhkəmədə çıxışı zamanı ifadəsində, bildirmişdir ki, işğaldan azad edilmiş ərazilərdə X4 xx.xx.2024-cü il tarixdən, X1 xx.xx.2024-cü il tarixdən, X2 xx.xx.2024-cü il tarixdən, X5 isə xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək əmək müqavilələri olmadan “X16 - Bina Tikinti” MMC tərəfindən işlərin görülməsinə cəlb edilməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Tərtib edilən qərarı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Şahid qismində X8 məhkəmədə öz çıxışında, hal-hazırda işləmədiyini, “X16 - Bina Tikinti” MMC-də 2024-cü ilin dekabr ayının 29-dək işlədiyini və öz xahişi ilə əmək müqaviləsinə xitam verilməsini istədiyini bildirmişdir. Həmçinin işə yeni daxil olan zaman işğaldan azad edilmiş ərazilərə yalnız bir gün gedib geri gəldiyini, daha sonralar işğaldan azad edilmiş ərazilərdə hər-hansı işləri yerinə yetirmək üçün ora getmədiyini bildirmişdir. Şahid qismində X9 ilə əlaqə saxlanılaraq məhkəmə iclasında iştirakı təmin edilmişdir. O, öz ifadəsində “X16 - Bina Tikinti” MMC-də ümumilikdə 1 il 4 ay müddətində, 2024-cü ilin 22 noyabr tarixinədək Laçın rayonunun ərazisində işlədiyini, əmək müqaviləsinə xitam verildikdən sonra işğaldan azad edilmiş ərazilərdən gəldiyini və başqa şirkətdə işə düzəldiyini bildirmişdir. Şahid qismində X6 ilə əlaqə saxlanılaraq məhkəmə iclasında iştirakı təmin edilmişdir. O, öz ifadəsində “X16 - Bina Tikinti” MMC-də mart ayının 4-dən etibarən ümumilikdə 9 ay müddətində, 2024-cü ilin noyabr ayının sonunadək təxminən 24-25-nə kimi Qubadlı rayonunun ərazisində işlədiyini, əmək müqaviləsinə xitam verildikdən sonra işğaldan azad edilmiş ərazilərdən gəldiyini bir daha ora getmədiyini bildirmişdir. Şahid qismində X3 ilə əlaqə saxlanılaraq məhkəmə iclasında iştirakı təmin edilmişdir. O, öz ifadəsində “X16 - Bina Tikinti” MMC-də 2021-ci ildən etibarən Qarabağ ərazisində 2024-cü ilin noyabr ayının təxminən 26-na kimi Qubadlı, Laçın rayonlarında işlədiyini, əmək müqaviləsinə xitam verildikdən sonrakı günü əşyalarını götürərək işğaldan azad edilmiş ərazilərdən gəldiyini bir daha ora getmədiyini bildirmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyib, şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarı ləğv edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 xx.xx.2024-cü il tarixdən, X3 xx.xx.2024-cü il tarixdən, X6 xx.xx.2024-cü il tarixdən, X8 xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək “X16 - Bina Tikinti” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərdə AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiklərinə görə X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və X13na 3000 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri”ndən görünür ki, “X16 - Bina Tikinti” MMC ilə bağlanılan əmək müqavilələrinə X9 ilə xx.xx.2024cü il tarixdən, X3 ilə xx.xx.2024-cü il tarixdən, X6 ilə xx.xx.2024-cü il tarixdən, X8 ilə isə xx.xx.2024-cü il tarixdən xitam verilmiş və xitam verilmiş həmin əmək müqavilələri göstərilən tarixlərdə sistemə daxil edilmişdir. “X16 - Bina Tikinti” MMC tərəfindən “X18 və Ticaret Anonim Şirketi”nə ünvanlanmış 16 yanvar 2025-ci il tarixli, 25 noyabr 2024-cü il tarixli, 29 noyabr 2024-cü il tarixli məktublardan görünür ki, inzibati tənbeh vermə haqqında qərarda adları qeyd olunan işçilərin əmək müqavilələrinə xitam verildiyindən müvafiq icazələrin ləğv edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə verdiyi 05 fevral 2025-ci il tarixli izahatında bildrmişdir ki, o, 2024-cü ilin mart ayından etibarən “X16 - Bina Tikinti” MMC-də Qubadlı rayonu ərazisində işə başlamış, həmin ilin noyabr ayının 25-də isə öz istəyi ilə əmək müqaviləsinə xitam verilməsini istəyib, sonra həmin şirkətdə işləməyib. X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti Bakı şəhər İdarəsinə verdiyi 06 fevral 2025-ci il tarixli izahatında bildrmişdir ki, o, 2021-ci ilin avqust ayından “X16 - Bina Tikinti” MMC-də ekskavaror operatoru vəzifəsində çalışmışdır, 2024-cü ilin noyabr ayının 25-də işğaldan azad edilmiş ərazilərə gedib və 2024-cü ilin noyabr ayının 26-da isə işğaldan azad edilmiş ərazilərdən geri qayıtmışdır. 2024-cü ilin noyabr ayının 26-da öz istəyi ilə əmək müqaviləsinə xitam verilmiş, həmin tarixdən sonra işəgötürən tərəfindən heç bir əmək fəaliyyətinə cəlb olunmamışdır.İş materiallarından müəyyən edilmişdir ki, X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparılmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, eləcə də X7 şikayətində göstərdiyi dəlilər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli qərarında “X16 - Bina Tikinti” MMC tərəfindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış qərarda adları qeyd olunan işçilərin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilsə də, həmin şəxslərin hansı tarixdə hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X10 Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni “X16 - Bina Tikinti” MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, “X16 - Bina Tikinti” MMC tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Bundan başqa, X2 və X1 əmək müqaviələrinə xitam verildikdən sonra “X16 - Bina Tikinti” MMC tərəfindən əmək fəaliyyətinə cəlb olunmadıqlarını bildikləri izahatları nəzərə alınmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş şəxslər oxşar məzmunda ifadə verərək “X16 - Bina Tikinti” MMC tərəfindən əmək müqavilələrinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilmədiklərini bildirmişlər. Beləliklə, inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarda adları qeyd edilən şəxslərin hansı tarixlərdə əməyə cəlb edilməsi göstərilməmiş, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə və izahatı alınmış işçilərin izahatları nəzərə alınmadan X7 İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini nəzərə alaraq belə qənaətə gəlir ki, X13 AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsinin 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X13 barəsində AR İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ Şikayət təmin edilsin. X13 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 22 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar