Məhkəmə qərarları › İş №3(008)-1221/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1221/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1221/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X1 iştirakları ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 27 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 göstərmişdir ki, bu gün tələbkarlar tərəfindən icra şöbəsinə ərizə daxil olmuş və o, həmin ərizəsində Şəxs MMC tərəfindən onlara ödənişlər edildiyindən və gələvək ödənişlər barədə razılığa gəldiklərindən bu halın məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin direktoru X3 zərərçəkmiş şəxslərlə razılıq əldə edildiyini, onlara aylıq ödənişlər edəcəyini, bəzilərinə artıq müəyyən məbləğdə ödənişlər etdiyini, məhkəmə qətnaməsinin icrasından yayınmadığını, bundan sonra razılığa əsasən hər ay ödənişlər edəcəyini bildirmiş və bu halların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7883/2021 saylı icra vərəqəsindən görünür ki, 5000 manat cərimə məbləğinin Şəxs MMC-dən alınaraq X4 ödənilməsi qət edilmişdir. “İcraata başlamaq haqqında” 14 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7883/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(008)-420/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs MMC-dən iddiaçı X5 xeyrinə 2484 manat məbləğində pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(008)-420/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(008)- 774/2022 saylı icra vərəqəsindən görünür ki, X10 ilə Şəxs MMC arasında bağlanmış 19 mart 2021-ci il tarixli podrat müqaviləsindən irəli gələn öhdəliyin yerinə yetirilməməsinə görə cavabdehə mənzilin təmiri üçün ödənilmiş 15761 manat, mənzilin təmiri dövründə kirayədə qaldığı 4 aya görə hər ay 500 manat olmaqla, 2000 manat, məhkəmə xərclərinə görə ödənilmiş 148 manat dövlət rüsuçu, vəkil xidməti üçün ödənilmiş 1500 manat, ümumilikdə 19409 manat məbləğində pul vəsaitinin cavabdeh Şəxs MMC-dən alınaraq iddiaçı X6 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 03 avqust 2022-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(008)-774/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. 01 iyul 2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs MMC-dən tələbkar "xxxx" MMC-nin xeyrinə 690 manat 56 qəpik məbləğində pulun tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 17 saylı Notariat Kontorunun 4077, 01 iyul 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(008)- 4440/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs MMC-dən iddiaçı X7 xeyrinə 1661 manat və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat, ümumilikdə 1691 manat məbləğində pulun tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 01 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(008)-4440/2021 saylı icra sənədi üzrə icraata başlanılmışdır. “Bir neçə icra sənədinin ümumi icraatda birləşdirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(103)-7883/2021 saylı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(008)-420/2022 saylı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2(008)-774/2022 saylı, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli, 2(008)-4440/2021 saylı və Bakı şəhəri 17 saylı Notariat Kontorunun 4077, 01 iyul 2022-ci il tarixli icra sənədləri bir icraatda birləşdirilmişdir. 13 mart 2023-cü il tarixdə zərərçəkmiş şəxs X11 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, onunla Şəxs MMC-nin rəhbəri X8 arasında razılaşmaya əsasən Pərviz Sadıqov hər ay onun kartına 400 manat ödəməlidir. Bununla yanaşı, artıq Pərviz Sadıqov tərəfindən onun kartına 03 aylıq məbləğ, yəni 1200 manat məbləğində pul vəsaiti göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, zərərçəkmiş ərəfin mövqeyini nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında iştirak edən icra məmuru zərərçəkmiş şəxslərlə Şəxs MMC-nin razılıq əldə etdiyini, MMC-nin rəhbəri tərəfindən zərərçəkiş şəxslərə hər ay müəyyən məbləğdə ödənişlər ödənişlər ediləcəyini və MMC-nin rəhbəri Pərviz Sadıqovun məhkəmə qətnaməsinin icrasından yayınmadığını, maddi imkanının çatdığı məbləğdə ödənişlər edəcəyini bildirmiş və icra məmurunun göstərdiyi xüsusatlar zərərçəkmiş şəxslərin ərizələri də öz təsdiqini tapmışdır ki, belə olan halda Şəxs MMC-nin əməlində AR İXM-nin 528.1-ci maddəsinin olmasından söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla, həm də zərərçəkmiş şəxsin ərizəsində öz əksini tapmış hallarla Şəxs MMC-nin məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun maddi imkanının çatdığı və zərərçəkmiş şəxslə razılığa gəldikləri məbləğlərdə ödənişlər etməsi, gələcək ödənişlərin təmin edlməsi məqsədi ilə addımlar ataraq zərərçəkmiş şəxslərlə razılıq əldə etməsi müəyyən olunmuşdur ki, belə olan halda icra sənədi üzrə ödənişlərin tam həyata keçirilməməsinin üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs MMC-nin zərərçəkmiş şəxslərə hər ay maddi imkanının yol veridyi müəyyən məbləğdə ödənişlər etməsinə dair razılıq əldə etməsi, məhkəmə qətnamələrinin icrası istiqamətində səy göstərməsi, müəyyən məbləğdə ödənişlər etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar