Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1226/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, məhkəmə iclasının katibi X6 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi və vəkili X2 iştirakı ilə, Hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə 22 yanvar 2024cü il tarixli EP saylı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün adiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində vəsaiti 30 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəmə iclasında hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X4 bildirmişdir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğindəki vəsaiti mal alınması üçün Türkiyə Respublikasına köçürsə də, sifariş verdikləri mallar üçün xüsusi icazə alınmadığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qırmızı X5 anbarında saxlanılmışdır, bununla bağlı Tovuz rayon məhkəməsinin 28 iyul 2022-ci il tarixli 3(062)561/2022 saylı qərarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Bununla bağlı sənədləri məhkəməyə təqdim edərək malın gəlməməsinin onlardan asılı olmayan səbəbdən baş verməsini nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; xx.xx.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyəti nin tərəfindən 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində xarici valyutada olan pul vəsaiti 30 dekabr 2021-ci il tarixində "xxxx" ASC-də olan hesabından, Azərbaycan Respublikasından kənara köçürülmüşdür. "xxxx" ASC-nin 11 yanvar 2024-cü il tarixli məktubunun surətindən görünür ki, hüquqi şəxs Şəxs QSC tərəfindən ödənişin aparıldığı gündən 2 il keçməsinə baxmayaraq, 16800.00 (on altı min səkkiz yüz) məbləğində vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 22 yanvar 2024-cü il tarixli EP saylı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs Şəxs QSC 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində vəsaiti 30 dekabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan məlum olur ki, Şəxs QSC qeydiyyata alınmış, VÖEN-i **********, hüquqi ünvanı AZ1034, Bakı şəhəri, Sabunçu rayonu, Şəhər Şossesi (Sabunçu). xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, X1 Ssan.və Tic.ltd.şti. tərəfindən Şəxs QSC-nin ünvanına göndərilmiş 16800 ABŞ dolları dəyərində 2 ədəd pilotsuz uçan aparatlar bəyan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qırmızı X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, 16800 ABŞ dolları dəyərində 2 ədəd məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazəsi olmadığından müvəqqəti saxlanca götürülmüşdür. Tovuz rayon məhkəməsinin 28 iyul 2022-ci il tarixli 3(062)-561/2022 saylı qərarından görünür ki, Şəxs QSC-nin ünvanına göndərilmiş “2 ədəd dron və avadanlıqları” yükünün müvəqqəti saxlancda qalma müddətinin bitməsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş protokol əsasında Şəxs QSC İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyirin həcmi və ya onun maraqlarının təmin edilməsinin varakteri və dərəcəsi, hüquqi şəxsi xarakretizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.1-ci maddəsinə əsasən, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 109.2-ci maddəsinə əsasən, Bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 saylı qərarı ilə «Azərbaycan Respublikası Mərkəzi X3 2016-cı il 28 noyabr tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”»nda dəyişikliklər edilmiş, qərarın 4.3.1.3-cü yarımbəndi aşağıdakı redaksiyada verilmişdir. “4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə, Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş Şəxs QSC barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs QSC tərəfindən valyuta tənzimi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin olması obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Buna görə də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarından görünür ki, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Məhkəmə iclasında hüquqi şəxs Şəxs Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi, X4 bildirmişdir ki, «Şəxs Qapalı Səhmdar Cəmiyyəti 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğindəki vəsaiti mal alınması üçün Türkiyə Respublikasına köçürsə də, sifariş verdikləri mallar üçün xüsusi icazə alınmadığından Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Qırmızı X5 anbarında saxlanılmışdır, bununla bağlı Tovuz rayon məhkəməsinin 28 iyul 2022-ci il tarixli 3(062)561/2022 saylı qərarına əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsinə əsasən 300 manat cərimə edilmişdir. Bununla bağlı sənədləri məhkəməyə təqdim edərək malın gəlməməsinin onlardan asılı olmayan səbəbdən baş verməsini nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında təqdim olunmuş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsinə əsasən X1 Ssan.və Tic.ltd.şti. tərəfindən Şəxs QSC-nin ünvanına göndərilmiş 16800 ABŞ dolları dəyərində 2 ədəd pilotsuz uçan aparatlar bəyan edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qırmızı X8 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli akta əsasən 16800 ABŞ dolları dəyərində 2 ədəd məsafədən idarə edilən pilotsuz uçan aparatların xüsusi icazəsi olmadığından müvəqqəti saxlanca götürülmüşdür. Tovuz rayon məhkəməsinin 28 iyul 2022-ci il tarixli 3(062)-561/2022 saylı qərarından görünür ki, Şəxs QSC-nin ünvanına göndərilmiş “2 ədəd dron və avadanlıqları” yükünün müvəqqəti saxlancda qalma müddətinin bitməsinə görə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş protokol əsasında Şəxs QSC İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. Göründüyü kimi, Şəxs QSC tərəfindən sifariş verilmiş malların xüsusi icazəsi olmaması səbəbindən gömrük postunda saxlanılmış, bu səbəbdən mallar Şəxs QSC-yə təhvil verilməmişdir. Beləliklə, məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirləndirilən Şəxs QSC-nin 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 30 dekabr 2021-ci il tarixində Azərbaycan Respublikasından kənara köçürdüyünü, lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçməsinə baxmayaraq ondan asılı olmayan səbəblərdən, yəni ixracatçı şirkətin təqsiri ucbatından 16800.00 (on altı min səkkiz yüz) ABŞ dolları dəyərindəki malların ölkəyə idxal edilmədiyini, bu halın iş materialları ilə də öz təsdiqini tapmasını, işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, inzibati xəta tərkibi olmadığından hüquqi şəxs Şəxs QSC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1226/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1226/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver