Məhkəmə qərarları › İş №3(008)-1234/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1234/2020

13.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1234/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Şikayətçi X1 iştirakı ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X2 tərəfindən Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinin xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərardan verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinin rəisi E.Çələbiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərara əsasən X2 xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimində epidemiya qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. X2 həmin inzibati xəta haqqında qərardan şikayət vermişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış inzibati xəta haqqında protokol tərtib etmiş inzibati orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokoldan şikayət verən şəxs X2 bildirdi ki, o “xxxxxxxxxxxx” MMC-nin Suraxanı filialında anbar müdiri vəzifəsində işləyir. COVİD- 19 pandemiyası ilə əlaqədar Respublika ərazisində xx xxxx 2020-ci il tarixdə xüsusi karantin rejimi elan edilmiş, bununla əlaqədar olaraq vətəndaşların, şəxsi mülkiyyətdə və istifadədə olan avtomobillərin hərəkəti məhdudlaşdırılmışdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarı ilə supermarketlərin fəaliyyətinə icazə verilmiş, Operativ Qərargahın xx xxxxx 2020-ci il tarixli Qərarı ilə fəaliyyətinə icazə verilən sahələrdə işləyən işçilərə verilmiş icazələrin icaze.egov.az portalına daxil edilməsinin məcburiliyi ilə əlaqədar tələb müəyyən edilmişdir. Tələb olunduğu kimi, ona verilmiş icazə icaze.e-gov.az portalında təsdiq edilmiş və başlama tarixi xx.xx.2020-ci il, bitmə tarixi isə xx.xx.2020-ci il olaraq müəyyən olunmuşdur. Buna baxmayaraq, xx xxxxx 2020-ci il tarixdə, axşam işdən sonra Koroğlu metrostansiyası yaxınlığında Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılmış və icazəsinin olubolmaması yoxlanılmış, “icazənin sistemdə görünməməsi” bəhanə edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin(epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) tələblərini pozduğu qeyd edilmişdir. O, inzibati xəta haqqında protokolun tərtib edilməsinə etirazını bildirmiş və inzibati xətaya yol verdiyi ilə razılaşmayaraq protokolu imzalamaqdan imtina etmişdir. xx xxx 2020-ci il tarixdə ASAN 5 mərkəzinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə əlaqədar müraciət edərkən ona bildirilmişdir ki, adına cərimə var, cəriməni ödəmədən sürücülük vəsiqəsinin dəyişdiriliməsi mümkün deyildir. Yalnız bu zaman barəsində inzibati xəta haqqında qərarın olmasından məlumatı olmuşdur. Bildirir ki, inzibati xəta haqqında qərar ona nə poçtla göndərilmiş, nə də bu barədə SMS vasitəsilə məlumat verilmişdir. Qeyd edir ki, onun hərəkətlərində inzibati xətanın tərkib əlamətləri yoxdur və o heç bir qanun pozuntusuna yol verməmişdir. Polis əməkdaşı tərəfindən saxlanıldığı vaxt ona verilmiş icazə qüvvədə olmuş və icaze.e-gov.az portalına daxil edilmişdir. Polis əməkdaşının şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi üzrə, həmçinin FİN kod üzrə icaze.e-gov.az portalında verdiyi axtarışın nəticəsiz qalması, ona verilən icazənin tapılmaması və s. onun karantin rejimi qaydalarını pozmağın qənaətinə gəlməyə və buna görə də inzibati məsuliyyətə cəlb olunmağına əsas vermir. Belə ki, onun adının polis əməkdaşının portativində çıxmaması onun təqsiri deyildir. Ona istinad olunan karantin rejimi qaydalarını nə qəsdən, nə də ehtiyatsızlıqdan pozmamışdır. O inzibati xəta törətməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tələblərini pozmamışdır. Göstərilənləri nəzərə alaraq, şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şikayətçi X1 izahatını dinləyib, Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinin rəisi E.Çələbiyev tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edir ki, şikayət qismən təmin olunmalı, həmin qərar ləğv edilməli və işə yenidən baxılması üçün Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 xx.xx.2020-ci il tarixdə xüsusi karantin rejimində epidemiya qaydasını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 (yüz) manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 128.1-ci maddəsnin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə qeyd edir ki, hər bir şəxs ictimai münasibətlərə uyğun davranmalı, ictimai münasibətlərin pozulmasına yönələn hərəkətlərdən çəkinməlidir. Hüquqazidd əməl nəticəsində ictimai münasibətlərə qəsd edən şəxs inzibati məsuliyyətə cəlb edilir. Qanunun tələblərindən də göründüyü kimi, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutların biri olan inzibati xəta haqqında protokolun qabaqcadan müəyyən edilmiş hüquqi qüvvəsi yoxdur. İnzibati xəta törədən şəxs barəsində iş aparılarkən onun iştirakının təmin edilməsi üçün məlumat verilməli, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat əldə edildikdən sonra, onun iştirakı olmadan, yaxud iştirak etdiyi təqdirdə iştirakı ilə barəsində olan inzibati materiala baxılmalıdır. Məhkəmə, inzibati araşdırmanı həyata keçirən səlahiyyətli orqanın vəzifəli şəxsinin inzibati xəta hadisəsini aşkar etdiyini və inzibati xətanın tərkib əlamətlərinə dəlalət edən halları müəyyən etməsinə baxmayaraq, faktiki olaraq təqsirli hesab etdiyi şəxsə lazımı qaydada məlumat vermədən, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilməsi mərhələsində işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması məqsədilə barəsində icraat aparılan şəxsin lazımı qaydada məlumatlandırılmaması, beləliklə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakının təmin olunmaması və qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrin real olaraq həmin şəxsə izah edilməməsi, yekun olaraq araşdırmanın formal olaraq aparılıb qərar qəbul olunmasını qeyd edərək, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuldugundan qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə şikayətin inzibati xəta haqqında iş üzrə icraata xitam verməklə inzibati məsuliyyətə cəlb edilməsindən azad edilməsi barədə dəlili üzrə qeyd edir ki, şəxs barəsində inzibati materiala onun iştirakı olmadan baxıldığından və bu onun müdafiə hüququnun məhdudlaşdırılması kimi dəyərləndirildiyindən, barəsində inzibati xəta üzrə icraat aparılan şəxsin iştirakı təmin edilməklə yenidən baxılması hüquqi qiymət verilməli olması qaçılmaz olduğundan, hazırkı halda həmin hal üzrə hər hansı hüquqi dəyərləndirmə aparılması istisna edilir. Beləliklə, məhkəmə işin hallarını tam və hərtərəfli araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, tərtib olunmuş protokol əsasında qanunvericiliyin tələblərini pozulmaqla inzibati xəta haqqında işə baxıldığından, şikayət qismən təmin edilməli, Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinin rəisi E.Çələbiyev xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinə göndərilməli, şikayət qalan hissədə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 128-130, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 şikayəti qismən təmin edilsin. Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinin rəisi E.Çələbiyevin xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Bakı şəhər Nizami RPİ 23-cü Polis Bölməsinə göndərilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar