Məhkəmə qərarları › İş №3(008)-1296/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1296/2024

15.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1296/2024 15.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının, X9 qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru Malik Qədirovun, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1959-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, müəllimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 27 yanvar 2024-cü il tarixli qərardan və inzibati xəta haqqında 15 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 18 yanvar 2024-cü il tarixdə saat 09:00-da Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Maştağa-Nardaran şosessi yeni massivdə yaşayan Şəxs ilə aralarında yaranmış ailə münaqişəsi zamanı qudası X3 döyməklə sonuncu dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 18 yanvar 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, oğlu Kamran 8 ildir ki, Ayna ilə ailəlidir. Oğlu işləmədiyindən maddi vəziyyəti ağırdır. Bu səbəbdən də ailədə mütəmadi münaqişələr olur. Artıq boşanma ərəfəsindədirlər. xx.xx.2024-cü il tarixdə Aynanın anası Dilşad Kürdəmirdən qızını və nəvələrini aparmaq istəyib. Münaqişə yaratmışdırlar. Özbaşına qızı aparmaq istəmişdirlər. Polis çağırıb, ona şər atmışdırlar. Dilşad axşam onlarda qalmışdır. xx.xx.2024-cü il tarixdə qız özbaşına çıxıb evdən getmişdir. Dilşad bildirmişdir ki, o onu döymüşdür. Halbuki Dilşad evdə münaqişə yaradıb səs-küy saldıqda o və qızı Sevda onu sakitləşdirməyə çalışmışdır. O Dilşadı döyməmişdir. Göstərilənlərə əsasən o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 42-ci Polis Bölməsinin sahə inspektoru polis baş leytenantı Malik Qədirov 15 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxs X5 məhkəmə iclasına gəlməmiş, zərərçəkmiş şəxslə telefon əlaqəsi yaradılarkən o, Kürdəmirdə yaşadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edərək Şəxs şikayətçi olduğunu bildirmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqında qərarda olan zərərçəkmiş şəxs X1 izahatından görünür ki, qızı X6 8 il əvvəl Bakı şəhəri, Maştağa qəsəbəsində yaşayan X4 ilə ailə qurmuş, birgə nikahlarından üç azyaşlı övladları dünyaya gəlmişdir. Ayna və Kamran arasında ər-arvad münasibətləri bir ildir ki, pozulduğundan qızı Ayna boşanmaq qərarına gəlmiş və bu məqsədlə xx.xx.2024-cü il tarixdə qızının yaşadığı Bakı şəhəri, Maştağa qəsəbəsi, Maştağa-Nardaran şosesində yerləşən evinə gəlmiş, gecəni orada qalmışdır. xx.xx.2024-cü il tarixdə səhər tezdən qızı boşanma ərizəsi yazmaq üçün evdən çıxıb getdikdə azyaşlı nəvələrinin yanında qalmış, qudası Şəxs bu zaman Aynanın ondan icazəsiz evdən çıxıb getdiyini əsas gətirib səs-küy salaraq münaqişə yaratmış, onun üzərinə gələrək əli ilə sinəsindən qəsdən vurub kənara itələmiş, bunun nəticəsində divanın üstünə yıxılmış və sinəsindən xəsarət almışdır. Dilşad Ağayeva qızının baldızı Sevda Sadıqovanın onu döyməsini inkar etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqında qərara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 120 saylı ekspert rəyindən görünür ki, X1 döş qəfəsi nahiyəsinin qançırı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatı ilə və digər iş materialları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs məhkəmə iclasında verdiyi izahatında X3 vurmadığını və ona hər hansı xəsarət yetirmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar