Məhkəmə qərarları › İş №3(008)-1301/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1301/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1301/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsi tərəfindən MN ******* saylı protokol tərtib olunaraq baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işini başlanılmasının rədd edilməsi barədə qərara əsasən X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, ona İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə material Sabunçu rayon məhkəməsinə təqdim edilməsi üçün Sabunçu RPİ-nin 12-ci PŞ-nə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin polis sahə inspektoru, polis leytenantı X3 protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs izahatında hazırki iş üzrə cinayət işinin rədd edilməsi barədə qərardan prokurorluğa və məhkəməyə şikayət verdiyini bildirmiş, bu barədə məhkəməyə ərizə təqdim edərək işin Sabunçu rayon Polis İdarəsinə təkrar araşdırma üçün qaytarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandığını, həmin vaxt arvadını və özünü Riad əlindəki telefonla “tik tok” sosial şəbəkəsinə çəkib yayımlamasından əsəbləşərək onu itələdiyini bildirmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında protokol (prokurorun inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və ya bu Məcəllənin 102.6-cı maddəsində nəzərdə tutulmuş qaydada tərtib etdiyi protokol) tərtib edildikdən dərhal sonra baxılması üçün hakimə göndərilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Təqdim olunmuş sənədlərdən görünür ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən məhkəməyə verilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun tərtib edilmə tarixi göstərilməmişdir. Bundan başqa, cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, X1 əməlində cinayət tərkibi olmadığından barəsində cinayət təqibinin başlanması rədd edilmiş, ona İXM-nin 157-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilməsi məqsədilə materialın aidiyyatı üzrə göndərilməsi qərara alındığı halda, məhkəməyə Şəxs İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair material daxil olmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan narazıdır, həmin qərarın ləğv edilməsi üçün prokurorluğa və məhkəməyə şikayət təqdim etmişdir, buna görə də hazırki iş üzrə materialın geri qaytarılmasını xahiş etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə şikayəti üzrə yekun qərar qəbul edilmədiyindən, işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində toplanmış material natamam olduğundan və işə baxılıb tamamlamaq mümkün olmadığından həmin material Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 109-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material Sabunçu Rayon Polis İdarəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar