Məhkəmə qərarları › İş №3(008)-1354/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1354/2023

31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1354/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Anar Zahid oğlunun sədrliyi, Əliyeva Gülnar Söhbət qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs QSC-nin törətdiyi inzibati xəta barəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqına protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokola qeyd olunmuşdur ki, 20 fevral 2023-cü il tarixində Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən, Şəxs QSC-yə məxsus olan şirniyyat mağazasında keçirilmiş planlı yanğın-texniki müayinə zamanı şirniyyat mağazası tərəfindən YTQ nömrəli 01-2001 10.4, YTQ nömrəli 03-2002, bənd 2.2-2.2.17 bəndlərinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsi tərəfindən Şəxs QSC-yə məxsus olan şirniyyat mağazası barəsində hüquqi şəxs qismində Azərbaycan İXM-nin 518.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi X5 izahatında bildirmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsinin inspektoru X3 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 1i ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış, o cümlədən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş 00589 nömrəli “X13 Aktı” və ona əlavə edilmiş sənədlərin bir nüsxəsi yoxlama başa çatdığı tarixdən növbəti üç iş günü ərzində Şəxs QSC-yə və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edilməmişdir. Yalnız xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayon məhkəməsində Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında işə baxılarkən Şəxs QSC-nin nümayəndəsinin vəsatətinə əsasən məhkəmə tərəfindən yoxlama aktının və digər sənədlərin surətləri QSC-nin nümayəndəsinə təqdim edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X3 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 1i ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X13 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi üçün inspektor X3 Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibati xətanın mahiyyətini göstərə bilməmiş, protokolun tərtibinə qanuni don geyindirmək məqsədi ilə “inzibati xətanın törədildiyi yer, vaxt və xətanın mahiyyəti” hissəsinə “xx.xx.2023-cü il tarixində ünvan 2i ünvanında yerləşən şirniyyat mağazasında planlı YTM keçirilən zaman YTQ 01-2001, bənd 10.4 və YTQ 03-2002, bənd 2.2-2.2.17 tələbləri pozulmuşdur” məzmunu anlaşılmayan ifadəni protokola daxil etmək məcburiyyətində qalmışdır. Bundan əlavə, yoxlamada hüquqi şəxs kimi Şəxs Qapalı Səhmdar Cəmiyyətini təmsil etmək səlahiyyəti olmayan mağazanın baş satıcısı vəzifəsində işləyən X7 barəsində özündən uydurulmuş, təhrif edilmiş məlumatları inspektor C.Əfəndiyev protokolun “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan (fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) soyadı,adı,atasının adı) hissəsinə qanunsuz olaraq Şəxs QSC-nin şirniyyat mağazasının müdiri X7” kimi məlumatları daxil etmişdir. Halbuki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən yoxlamada QSC-ni təmsil etmək məqsədi ilə baş satıcı vəzifəsində işləyən X6 heç bir səlahiyyət verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2i ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X13nin nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən guya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2023-cü il tarixli qanunsuz və əsassız olaraq tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokoldan Şəxs Qapalı Səhmdar Cəmiyyəti yalnız Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3 mart 2023-cü il tarixli, 3(008)- 1354/2023 saylı “İnzibati xətalar üzrə bildiriş” xx.xx.2023-cü il tarixdə hüquqi şəxsə daxil olduqdan sonra məlumat əldə etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 1i ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X13nin nəticələrinə əsasən Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli “İnzibati xəta haqqında” protokolda inzibati xətanın mahiyyəti göstərilməməklə, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməməklə və bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılmamaqla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarının və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları təmin edilməməklə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 100.1.2,100.1.4,100.2,100.3,100.4-cü maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsi tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 1i ünvanında yerləşən mağazasında yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı Şəxs QSC-yə göndərilməmişdir. Bundan əlavə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X3 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 1i ünvanında yerləşən mağazasında plan üzrə yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməmiş, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verməmişdir. Bununla da yoxlayıcı orqan tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 17.3 və 20.1-ci maddələrinin tələbləri kobud şəkildə pozulmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2023-cü il tarixli KY ********* nömrəli Çıxarışda Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 1i ünvanında yerləşən mağazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4cü ərazi X12 İdarəsi tərəfindən plan üzrə yoxlama zamanı yoxlayıcı şəxslər siyahısında inspektorlar X4, X10 və böyük inspektor X14 göstərilsə də, xx.xx.2023-cü il tarixdə mağazada yoxlamada inspektor X4 və digər adını (adı, ata adı və soyadı) bilmədikləri bir əməkdaş iştirak etmişdir. Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 2i ünvanında yerləşən mağazasında Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4cü ərazi X12 İdarəsi tərəfindən plan üzrə yoxlama xx.xx.2023-cü il tarixdə keçirilməsinə və həmin yoxlamada yoxlayıcı orqanın 2 əməkdaşının iştirak etməsinə baxmayaraq yoxlayıcı orqan tərəfindən saxtakarlıq edilərək 20 fevral 2023-cü il tarixdə tərtib edilmiş bir nüsxəli 00589 saylı Yanğın-texniki müayinə aktında yoxlamada həmin qurumun 3 əməkdaşının iştirak etməsi göstərilmişdir. Belə olduğu halda əməkdaşlardan birinin yoxlamada iştirak etmədiyi halda xx.xx.2023-cü il tarixli, 200589 saylı Yanğın-texniki müayinə aktının tərtibində iştirak etməsi və həmin aktı imzası ilə təsdiqləməsi anlaşılan deyildir. Odur ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü ərazi X12 İdarəsinin inspektoru vəzifəsində işləyən X4 tərəfindən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin ünvan 1i ünvanında yerləşən mağazasında plan üzrə keçirilən X13 zamanı yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasının və ya yerinə yetirilməməsinin heç bir konkret halları müəyyən edilmədiyi halda, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda Şəxs Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2023-cü il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilməsi nəzərə alınıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X12 Xidməti 4-cü Ərazi X12 İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunan qaydada xəbərdar olunsa da səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmiş və işin təxirə salınması barədə vəsatət verməmişdir. İş materiallarına əlavə edilmiş İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolda göstərilmişdir ki, Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən, Şəxs QSC-nə məxsus olan şirniyyat mağazasında keçirilmiş YTM zamanı şirniyyat mağazası tərəfindən YTQ nömrəli 01-2001 10.4, YTQ nömrəli 03-2002, bənd 2.2-2.2.17 bəndlərinin tələbləri pozulmuşdur. İş materiallarına əlavə edilmiş 20 fevral 2023-cü il tarixli aktda göstərilmişdir ki, 14-20 fevral 2023-cü il tarixlərdə Bakı şəhəri, ünvan 1i ünvanında yerləşən, Şəxs QSC-nə məxsus olan şirniyyat mağazasında planlı YTM keçirilmiş, yoxlama müddəti ərzində obyektin yanğınsöndürmə vasitələrlə tam təmin olunmaması və obyektin anbar otaqlarının yanğın təhlükəsizliyi tələblərinə uyğun saxlanılmaması müəyyən edilmişdir. Bununla da obyekt tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. “X1” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin tələbi ilə müəssisələrdə yanğın təhlükəsizliyi vəziyyəti barəsində, o cümlədən istehsal etdikləri məhsulun yanğın təhlükəsizliyi, habelə öz ərazilərində baş vermiş yanğınlar və onların nəticələri barəsində məlumatlar və sənədlər vermək yanğın təhlükəsizliyi sahəsində müəssisələrin vəzifələridir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Karelin Rusiyaya qarşı” işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək qeyd edir ki, iş materiallarından, eləcə də, inzibati xəta haqqında protokoldan Şəxs QSC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan məhz hansı əməlin törədilməsi məlum olmamış və inzibati xəta tərkibi yaradan əməlin törədilməsini təsdiq edən mötəbər sübutlar iş materiallarına ələavə edilməmişdir. Göründüyü kimi, Şəxs QSC-nin AR İXM-nin 518.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir ki, belə olan halda Şəxs QSC-nin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyil. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs QSC-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs QSC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar