Məhkəmə qərarları › İş №3(008)-1359/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1359/2023

03.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1359/2023 03.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərli Səbinə Pərvin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Füzuli rayonu, Arayatılı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 03 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5442/2022 saylı icra vərəqəsinə əsasən İsmayılova (Hüseynova) Naibə Adil qızı ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 193 manat olmaqla, ümumilikdə, cəmi 386 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən hesablanmaqla ödənilməsi barədə barışıq sazişinin şərti məhkəmə qaydasında təsdiq edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 barəsində inzibati qaydada icraat aparılan şəxsin hər ay mütəmasi olaraq aliment məbləğini ödədiyini, sdəcə iyun ayından, yəni zərərçəkmiş şəxs tərəfindən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən yığılmış borcun tam ödənilmədiyini, hazırda zərərçəkmiş şəxsin tələbi ilə inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə təqdim etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru Şəxs ayda 400 manat məbləğində əmək haqqı aldığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək göstərmişdir ki, o, icra vərəqəsi müəyyən edilmiş aliment məbləğini ödəməkdən yayınmır. İcra vərəqəsi icraya yönəldiyi gündən hər ay 400, 500 manat olmaqla ödəniş etmişdir. Onun əmək haqqı 400 manat olsa da, o, hər ay aldığı əmək haqqını tam şəkildə zərərçəkmiş şəxsə ödəyir. Göstərilənləri nəzərə alaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs öz izahatında göstərmişdir ki, o, icra vərəqəsi üzrə müəyyən edilmiş borc məbləğinin tam şəkildə ödənilməsini tələb edir. Şəxs ona hər ay ödəniş etsə də, həmin məbləğ məhkəmə qətnaməsi çıxarılanadək yığılmı aliment borcunun ödənilməsi üçün yetərli deyil. Bu səbəbdən də aliment borcunun tam ödənilməsini, əks təqdirdə Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs Şəxs əmək haqqının 400 manat olduğunu, onun tərəfindən məhkəmə qətnaməsi çıxarıldıqdan sonra hər ay 400-500 manat məbləğində ödəniş edildiyini, həmin ödənişlərin ay ərzində iki-üç dəfəyə olmaqla ödənildiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5442/2022 saylı icra vərəqəsindən görünür ki, İsmayılova (Hüseynova) Naibə Adil qızı ilə Şəxs arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinə əsasən tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il tarixdə doğulmuş X1 üçün hər ay bir uşaq üçün 193 manat olmaqla, ümumilikdə, cəmi 386 manat sabit pul məbləğində alimentin xx.xx.2022-ci il tarixdən hesablanmaqla ödənilməsi barədə barışıq sazişinin şərti məhkəmə qaydasında təsdiq edilmişdir. “İcraata başlama haqqında” 09 dekabr 2022-ci il tarixli, 2(012)-5442/2022 saylı qərarın surətindən görünür ki, Bakı şəhəri Abşeron Rayon Məhkəməsinin 2(012)-5442/2022 saylı, 06 iyun 2022-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdə rəsmi qaydada qəbul edilmişdir. X6 tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş ərizəyə əsasən, borclu Şəxs həmin tarixə olan borcu 1538 manat təşkil etmişdir. Şəxs tərəfindən verilmiş və iş materiallarına əlavə edilmiş 03 mart 2023-cü il tarixli izahatında o, icra sənədinin icrasından xəbərdar olduğunu, borcdan hissə-hissə müəyyən məbləğlərdə, dekabr ayından etibarən isə 1850 manat məbləğində aliment ödənişi etdiyini qeyd etmişdir. Məhkəmə baxışı zamanı təqdim edilmiş xx.xx.2023-cü il tarixli qəbzlərin surətlərindən görünür ki, borclu Şəxs tərəfindən 03 mart 2023-cü il tarixdə 100 manat və 300 manat olmaqla, cəmi 400 manat məbləğində aliment məbləği zərərçəkmiş şəxsə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, zərərçəkmikş şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra sənədinin verildiyi vaxtdan Şəxs tərəfindən zərərçəkmiş şəxsə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 386 manat aliment məbləğini tam, məhkəmə qətnaməsi çıxarılan günə qədər yığılmış aliment borcundan isə hissə-hissə olmaqla ödəniş etməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs özü də təsdiq etmişdir ki, Şəxs əmək haqqı 400 manat təşkil edir və Şəxs ona hər ay 400-500 manat məbləğində aliment ödənişi edir. Məhkəməyə təqdim edilmiş qəbzdən görünür ki, 03 mart 2023-cü il tarixdə də Şəxs tərəfindən zərərçəkmiş şəxs 100 və 300 manat olmaqla, cəmi 400 manat aliment ödənişi edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ona hər ay mütəmadi olaraq aliment ödənildiyini təsdiq edərək məhkəmə qətnaməsi çıxarılanadək yığılmış aliment borcunun tam ödənilməsini tələb etsə də, məhkəmə qeyd edir ki, Şəxs ayda 400 manat məbləğində əmək haqqı almaqla hər ay 400-500 manat olmaqla zərərçəkmiş şəxsə aliment ödəməsi, bununla da aylıq aliment məbləğini tam, yığılmış aliment borcunu isə maddi imkanının yol verdiyi qədər ödəməsinin öz təsdiqini halda onun məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsindən söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin əldə etdiyi vəsait və ya mülkiyyətində olan əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini (yığılmış aliment borcuna münasibətdə) məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun hər ay mütəmadi olaraq zərərçəkmiş şəxsə məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini tam, aliment borcundan isə hissə-hissə ödəniş etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs aliment məbləğini hər ay mütəmadi olaraq ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar