Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1366/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12ci Polis Şöbəsinin sahə rəisi, polis mayoru X2 iştirakları ilə, xx xxxxxx 1978-ci il tarixdə Vardenis rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Şəmkir rayonu, Çənlibel kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş 06 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 04 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dad marketin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin sahə inspektoru X4 izahatında göstərmişdir ki, Şəxs 04 mart 2023-cü il tarixdə Balaxanı qəsəbəsi, Dad marketin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilərək öz qardaşı oğlu dava edərkən polis əməkdaşları onlara yaxınlaşdıqda onlara nalayiq ifadə işlətdiyini, bölməyə dəvət olunarkən əl-qol ataraq tabe olmadığını, əməlindən səmimi peşman olduğunu, sərxoş olduğuna görə bu cür hərəkətlər etdiyini, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Post Patrul xidməti bölüyünün polis serjantı X1 izahatında göstərmişdir ki, Şəxs ilə qardaşı oğlu ilə mübahisə edərək onu divara çırpan zaman onlara yaxınlaşmışlar. Hər ikisi sərxoş olduqları üçün onlara yaxınlaşan polis əməkdaşlarına qarşı nalayiq sözlər işlətmiş, polis əməkdaşlarına müqavimət göstərmişlər. Şəxs polis bölməsinə dəvət olunarkən əvvəlcə polisin qanuni tələblərinə tabe olmamış və gəlməkdən imtina etmişdir. Daha sonra razılaşaraq özü könüllü surətdə xidməti avtomobilə əyləşmiş və polis bölməsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 06 mart 2023-cü il tarixli raportdan görünür ki, 04 mart 2023-cü il tarixdə, saat 23.20 radələrində polis əməkdaşları inzibati ərazidə xidmət edərkən Balaxanı qəsəbəsi, Dad marketin qarşısında 2 nəfərin dava etdiyini görüb onlara yaxınlaşmışlar. Mübahisənin səbəbini soruşduqda polisləri hədələyərək ərazidən uzaqlaşmalarını bildirmişlər, qonşuları köməyə çağıraraq polislərin qanuni tələbinə tabesizlik göstərmişlər. Şəxs polislərə qarşı nalayiq ifadələr işlətmiş, polislər onu avtopatrula əyləşdirməyə çalışarkən əvvəlcə onlara tabe olmamış, daha sonra razılaşaraq polis bölməsinə gətirilmişdir. 05 mart 2023-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” aktından görünür ki, Şəxs 05 mart 2023-c il tarixdə, saat 03:05-də orta dərəcədə sərxoş olmuşdur. “İnzibati qaydada tutma haqqında” 04 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 04 mart 2023-ci il tarixdə, saat 23:45-də tutulmuşdur. 06 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 04 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Dad marketin qarşısında polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs polis bölməsində verdiyi izahatında hadisə zamanı sərxoş olduğunu, polis əməkdaşlarının qanuni əmrinə tabe olmadığını etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi törətdiyi inzibati xətanı etiraf edərək peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1366/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1366/2023
06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver