Məhkəmə qərarları › İş №3(008)-1367/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1367/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1367/2023 07.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 07 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(008)-4397/2019 saylı icra vərəqəsinə əsasən Şəxs X2 xeyrinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 9614 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 9644 manat məbləğində pulun tutulması qət edilmişdir. Lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 göstərmişdir ki, bu gün tələbkar tərəfindən icra şöbəsinə ərizə daxil olmuş və o, həmin ərizəsində Şəxs tərəfindən ona ödənişlər edildiyindən Şəxs şikayətinin olmadığını, aralarında ödənişlə bağlı razılığın olduğunu və Şəxs həmin razılığa əsasən ona hər ay ödəniş etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmiş şəxsin ondan şikayətçi olmadığını, onunla razılığa gələrək hər ay onun kart hesabına razılaşdıqları məbləğdə ödəniş həyata keçirdiyini, maddi imkanının çatdığı qədər məhkəmə qətnaməsini icra etdiyini və icradan yayınmadığını bildirərək barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(008)-4397/2019 saylı icra vərəqəsinə əsasən Şəxs X2 xeyrinə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 9614 manat, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 9644 manat məbləğində pulun tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 10 mart 2020-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 dekabr 2019-cu il tarixli, 2(008)-4397/2019 əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən rəsmi qaydada qəbul edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli ərizədən görünür ki, Şəxs tərəfindən təzəliklə ona 410 manat məbləğində ödəniş edilmiş, 05 ay öncə isə aralarında ödənişlə bağlı ayda 100 manat ödənilməsinə dair razılıq əldə edilmiş, o, hazırda Şəxs şikayətçi olmamaqla barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, zərərçəkmiş şəxsin ərizəsini nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında iştirak edən icra məmuru zərərçəkmiş şəxslə Şəxs razılıq əldə etdiyini, Şəxs tərəfindən hər ay zərərçəkmiş şəxsə ödəniş edildiyini və Şəxs məhkəmə qətnaməsinin icrasından yayınmadığını bildirmiş və icra məmurunun göstərdiyi xüsusatlar zərərçəkmiş şəxsin 07 mart 2023-cü il tarixli ərizəsi ilə də öz təsdiqini tapmışdır ki, belə olan halda Şəxs əməlində AR İXMnin 528.1-ci maddəsinin olmasından söhbət gedə bilməz. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla, nə də zərərçəkmiş şəxsin ərizəsində öz əksini tapmış hallarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun maddi imkanının çatdığı və zərərçəkmiş şəxslə razılığa gəldikləri məbləğlərdə mütəmadi ödənişlər etməsi müəyyən olunmuşdur ki, belə olan halda icra sənədi üzrə ödənişlərin tam həyata keçirilməməsinin üzürsüz səbəbdən icra etməmə kimi qiymətləndirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə Şəxs hər ay zərərçəkmiş şəxsin hesabına razılığa gəldikləri məbləğdə ödənişlər edilməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar