Məhkəmə qərarları › İş №3(008)-1373/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1373/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1373/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarın ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X1 barəsində tətbiq olunmuş 16 mart 2022ci il tarixli, MN ******* saylı icra sənədi barədə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 14 dekabr 2023-cü il tarixdə qəbul etdiyi «icraata xitam verilməsi haqqında» qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndələrin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə tərəflərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 mart 2022-ci il tarixli MN ******* saylı qərarına əsasən X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3.000 (üç min) manat məbləğində cərimə olunmuşdur. Borclu tərəfindən cərimə məbləği könüllü olaraq ödənilmədiyindən məcburi icra tədbirləri görülməsi üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin 14 dekabr 2023-cü il tarixli qərarı ilə inzibati xəta törədən şəxs barəsində tətbiq olunan cərimə qərarı üzrə icra işi barədə Abşeron Rayon Məhkəməsinin 3(012)566/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı əsas götürülərək iş üzrə icraata xitam verilmişdir. Belə ki, Yelena Hacıyeva bərəsində 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 16 mart 2022-ci il tarixli, MN ******* saylı qərarı inzibati xəta törədən şəxs tərəfindən məhkəmə qaydasına mübahisələndirilmiş, Abşeron Rayon Məhkəməsinin 3(012)566/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı ilə şikayət təmin edilərək idarənin cərimə qərarı ləğv olunmaqla inzibati iş üzrə icraata xitam verilmişdir. Lakin, Abşeron Rayon Məhkəməsinin qərarından idarə tərəfindən verilmiş Apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən baxılaraq 20 iyun 2022-ci il tarixli 3(105)314/2022 savlı qərarla Abşeron Rayon Məhkəməsinin 3(012)566/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı dəyişdirlərək 4 saylı RETSİ-nin 16 mart 2022-ci il tarixli, MN ******* saylı cərimə qərarı qanuni hesab edilməklə qüvvədə saxlanılmışdır. Sabunçu rayon İcra Şöbəsinə İdarənin 10 yanvar 2023-cü il tarixli Ç- İP/4323-001 saylı üz məktubu ilə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati iş üzrə sonuncu qərarının göndərilməsinə baxmayaraq icra məmuru tərəfindən yalnışlığa yol verilməklə birinci instansiya məhkəməsinin qərarı əsas götürülməklə icra işi üzrə icraata xitam verilmişdir.Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında 14 dekbar 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, icra sənədinə xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Abşeron Rayon Məhkəməsinin 3(012)566/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə 3.000 manat cərimə ounma haqqında 16 mart 2022-ci il tarixli, MN ******* saylı qərar ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)314/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)566/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və 16 mart 2022-ci il tarixli, MN ******* saylı qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə əsasən yer təkinin geoloci öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır. Dövlət uçotu və dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vahid sistem üzrə aparılır. Dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır. Həmin Qanunun 30-cu maddəsinə əsasən yer təkinin faydalı qazıntı ehtiyatlarının səmərəli və kompleks işlənilməsini təmin etmək, yerin təkindən istifadə haqqını və istifadəyə verilən yer təki sahələrinin sərhədlərini müəyyən etmək məqsədilə mineralxammal üçün kondisiyalar və kəşfiyyatı aparılmış yataqların faydalı qazıntı ehtiyatları dövlət ekspertizasından keçirilməlidir. Dövlət ekspertizası yatağın geoloci öyrənilməsinin bütün mərhələlərində aparıla bilər. Bu hallarda ekspertizaya təqdim olunan geoloci materiallar faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, sənaye əhəmiyyətini, onların çıxarılmasının dağ-mədən-texniki, hidrogeoloci, ekoloci və digər şəraitini obyektiv qiymətləndirməyə imkan verməlidir. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan, yeraltı qurğuların tikintisi və istismarı üçün yararlı olan yer təki sahələri haqqında geoloci informasiya da dövlət ekspertizasından keçirilməlidir. Həmin sahələrdən istifadəyə yalnız geoloci informasiyanın dövlət ekspertizası aparıldıqdan və təsdiq edildikdən sonra icazə verilir. İstifadəyə verilən yer təki sahələri haqqında geoloci informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən kəşf edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları və eləcə də yataqların istismarı zamanı əlavə kəşf edilmiş faydalı qazıntıların ehtiyatları dövlət ekspertizası aparıldıqdan sonra təsdiq edilir. Faydalı qazıntı ehtiyatları təsdiq edilərkən kəşf edilmiş ehtiyatların sənaye əhəmiyyəti, səhihliyi, kəmiyyəti, keyfiyyəti, yerləşmə şəraiti, öyrənilmə dərəcəsi və istismara hazır olması müəyyənləşdirilir. Kəşf olunmuş faydalı qazıntı ehtiyatının sənaye əhəmiyyəti barədə qərar onların dövlət balansında qeydiyyata alınmasına və uçotunun aparılmasına əsas verir. Yer təkinin faydalı qazıntılar çıxarılması üçün istifadəyə verilməsinə yalnız onların ehtiyatları təsdiq edildikdən sonra icazə verilir. Çıxarılmış faydalı qazıntılar, habelə çıxarılma prosesində sənaye əhəmiyyətini itirmiş, sonrakı geoloci öyrənilmə işləri və ya yataqların işlənilməsi zamanı təsdiq olunmamış faydalıqazıntı ehtiyatları müəyyən edilmiş qaydada, faydalı qazıntı ehtiyatlarının dövlət balansında müvafiq dəyişikliklər edilməklə, istismar işlərini aparan subyektin hesabından silinir. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloci tarazlığının mühafizəsi sahəsində ekoloci təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloci sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloci müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir. Həmin Qanunun 50-ci maddəsinə əsasən ekoloci ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloci tələblərə uyğunluğunun müəyyən edilməsidir. Ekoloci ekspertiza dövlət və ictimai ekoloci ekspertiza formalarında həyata keçirilir. Həmin Qanunun 52-ci maddəsinə əsasən dövlət ekoloci ekspertizası bu Qanunun 54-cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. dövlət ekoloci ekspertizasının həyata keçirilməsi qaydası, «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloci ekspertizası bu işlər «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır. Dövlət ekoloci ekspertizasının obyektləri barədə ekoloci ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin icraata xitam verilməsi haqqında qərarın ləğv edilməlidir. Belə ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 3(105)314/2022 saylı, 20 iyun 2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 3(012)566/2022 saylı, 28 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və 16 mart 2022-ci il tarixli, MN ******* saylı qərar qanuni hesab edilmişdir. İcra məmuru əsassız olaraq icraata xitam verilmə haqqında qərar qəbul etmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq qərara aldı: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin şikayəti təmin edilsin. Bakı şəhər Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar