Məhkəmə qərarları › İş №3(008)-1374/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1374/2025

25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1374/2025 25.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Cəfərova İfadə Gündüz qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nərimanov küçəsi, döngə 3, ev 14-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2333/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən qərəzli olaraq 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları tələbkar X1 və 4533 (dörd min beş yüz otuz üç) ABŞ dolları tələbkar X3 xeyrinə ödəməmişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin böyük icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək məhkəmədən Şəxs barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək, icra sənədindən xəbərdar olduğunu, heç bir yerdə işləmədiyini, maddi imkanının olmadığını, müvafiq icra sənədi üzrə qismən ödəniş etdiyini, adına heç bir rəsmiləşdirilmiş daşınar və daşınmaz əmlakın olmadığını və aidiyyəti təşkilatlarda heç bir qiymətli kağızlarının və əmanətlərinin olmadığını bildirmişdir. Törətdiyi əməldən peşmandır. Hal-hazırda ödəniş edə bilməyəcəyini, 2-3 gün ərzinə ödəniş edə biləcəyini, bundan sonra hər ay 300-500 manat ödəyə biləcəyini bildirmişdir. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2333/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən qərəzli olaraq 20948 (iyirmi min doqquz yüz qırx səkkiz) ABŞ dolları tələbkar X1 və 4533 (dörd min beş yüz otuz üç) ABŞ dolları tələbkar X3 xeyrinə ödəməmişdir. İcraata başlamaq haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, həmin qərar əsasında icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Bakı şəhər Sabunçu rayon Məhkəməsinin 8(008)-366/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. xx.xx.2021-ci il tarixli 101519/2021-7-17-004 saylı tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, həmçinin inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, barəsində protokol tərtib edilmiş şəxs Şəxs icra vərəqəsi üzrə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, icra sənədi verildiyi tarixdən bu günədək borclu tərəfindən tam ödəniş edilməmiş və buna dair üzürlü səbəb borclu Şəxs tərəfindən təqdim edilməmişdir. Məhkəmə Şəxs törətdiyi əməli səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, məsuliyyəti ağırlaşdıran halların olmamasını, ödənilməli olan ödənişin məbləğini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Məhkəmə, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar