Məhkəmə qərarları › İş №3(008)-1380/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1380/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1380/2023 03.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, "xxxx" MMC-in nümayəndəsi-vəkil X1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin direktoru X3 tərəfindən tərtib edilmiş 02 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, "xxxx" MMC 30098 (otuz min doxsan səkkiz) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 19 fevral 2021-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 30098 (otuz min doxsan səkkiz) ABŞ dolları məbləğində vəsait hesabına alınmış malları ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi-vəkil X2 izahatında göstərmişdir ki, təmsil etdiyi cəmiyyət tərəfindən qanunvericiliyin tələbləri pozulmamışdır. Belə ki, satıcı tərəf olan X6 Cam San LTD STİ şirkətinə mallarının alınması üçün təmsil etdiyi cəmiyyət tərəfindən 30098 (otuz min doxsan səkkiz) ABŞ dolları məbləğində vəsait köçürülsədə, cavabdeh şirkət müqavilənin şərtlərinə əməl etməyərək sifariş etdikləri malları göndərməmişdir. Köçürülmüş pul onların hesabına geri qaytarılmışdır. Bunlara əsasən hesab edir ki, təmsil etdiyi cəmiyyətin hərəkətlərində inzibati xətanın tərkibi yoxdur. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2023-cü il tarixli 13002-01/13 saylı məktubdan və ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 30098 (otuz min doxsan səkkiz) ABŞ dolları məbləğində vəsait müvafiq rekvizit üzrə köçürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, köçürülmüş pul cəmiyyətin hesabına geri qaytarılmışdır. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, "xxxx" MMC-nin əməlində inzibati xəta aşkar edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş MN ******* saylı, 02 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar