Məhkəmə qərarları › İş №3(008)-1385/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1385/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1385/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 266.1-ci və 271-ci maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İXMnin 266.1-ci və 271-ci maddələri ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi E.Məmmədov tərəfindən tərtib edilmiş MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 266.1-ci və 271-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış və icraat materiallarından aydın olur ki, 10 fevral 2023-cü il tarixdə gecə saatlarında Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində sututar sahəyə Şəxs MMC-nə məxsus “Ford” markalı **-JK-*** və **-JK-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri ilə tullantıların boşaldılması halları aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsi, Vəkil məhkəmə iclasında iştirak edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında gəlməmiş və bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilən Şəxs MMC-nin nümayəndəsi, Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. "xxxx" MMC ilə "xxxx" MMC arasında 26 oktyabr 2021-ci il tarixində tullantıların utilizasiyası ilə bağlı müqavilə bağlanmışdır. Müqavilənin şərtlərinə əsasən müqavilə bağlandığı müddətdən hazırki tarixədək tullantılarının daşınması və məhv edilməsi məhz həmin şirkət tərəfindən həyata keçirilir. Odur ki, şirkət tərəfindən tullantıların qanunsuz olaraq hər hansı bir əraziyə boşaldılması absurddur və hesab edirik ki, sözügedən protokol 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qərəzli olaraq tərtib edilmişdir. Bundan əlavə iş materiallarında yalnız maşınların tullantılarla əlaqəsi olmayan şəkilləri sübut kimi məhkəməyə təqdim edilsə də, məhz həmin maşınlar tərəfindən tullantıların həmin sahəyə atılması ilə bağlı heç bir sübut, görüntünü təsdiq edən fotoşəkil və ya video qeydə alınmamışdır. Şəkillərdə yalnız maşınların dövlət nömrə nişanı göstərilmişdir. Odur ki, adıçəkilən sututar sahəyə həmin maşınlar tərəfindən tullantıların atılmasından birmənalı olaraq söhbət belə gedə bilməz. Digər tərəfdən isə təqdim olunan foto şəkillərin üzərində həmin şəkillərin çəkilməsi tarixi də göstərilməmişdir. Göründüyü kimi naməlum vaxtda naməlum şəraitdə çəkilmiş foto şəkillərə əsaslanaraq cərimə protokolu tərtib olunmuşdur. Protokolun tərtib olunmasına əsas kimi yük avtomobilləri vasitəsilə tullantıların boşaldılması göstərilsə də, məhz tullantıların mövcudluğunu, boşaldılmasını təsdiq edən heç bir görüntü təqdim edilməmişdir. Məhkəmədən hüquqlarını müdafiə etdiyi cəmiyyət barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 266.1-ci və 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinə əsasən, Şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə-fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinə əsasən, sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı min beş yüz manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin törətmiş olduğu inzibati xətaların içərisində daha ciddisi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsidir. Bu səbəbdən də "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə iclası zamanı iş materialları (foto şəkillər) ilə Hidro-İnşaat Servis” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə "xxxx" MMC-nin törədilmiş inzibati xətanın xarakterini və iş üzrə olan digər halları nəzərə alaraq, onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: "xxxx" MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 266.1-ci və 271-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə, İXM-nin 266.1-ci maddəsinə əsasən 8500 (səkkiz min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar