Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1403/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X10 Şöbəsinin YNH üzrə inspektoru, polis leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 334.3-cü maddələri ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 06 mart 2025-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 mart 2025-ci il tarixdə, saat 09:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə Maştağa qəsəbəsi, Xanlar küçəsində idarə edərkən manevr qaydasını pozub qarşısında dayanmış vəziyyət olan X1 yol vərəqəsi əsasında idarə etdiyi “Mersedes B” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulun sağ arxa hissəsindən vurub toqquşmuşdur. Nəticədə bədən xəsarəti alan olmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına maddi zərər yetirilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin X10 Şöbəsinin YNH üzrə inspektoru, polis leytenantı X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs 22 fevral 2025-ci il tarixdən 22 avqust 2025-ci il tarixədək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsi ilə sürücülük hüququndan məhrum edildiyini bildirərək şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilib törətdiyi əməldən çox peşman olduğunu, müxtəlif zamanlarda inzibati xətalar törədərək 20-dən çox cərimə balının olduğunu, hadisə günü sərxoş olduğunu, narkotik maddə olan marixuanadan istifadə etdiyini bildirmiş və himayəsində iki azyaşlı övladının olduğunu, ailəsi ilə birgə kirayə yaşadığını və ailədə yeganə qazanc gətirən şəxsin özü olduğunu qeyd edərək məhkəmədən barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 06 mart 2025-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 01 mart 2025-ci il tarixdə, saat 09:10 radələrində etibarnamə əsasında idarə etdiyi “Hyundai Accent” markalı, **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülk hüququ olmadan sərxoş vəziyyətdə Maştağa qəsəbəsi, Xanlar küçəsində idarə edərkən manevr qaydasını pozub qarşısında dayanmış vəziyyət olan “Mersedes B” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulun sağ arxa hissəsindən vurub toqquşmuşdur. Nəticədə bədən xəsarəti alan olmamış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatına maddi zərər yetirilmişdir. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” 01 mart 2025-ci il tarixli, 1/260 nömrəli Aktdan görünür ki, həmin tarixdə, saat 12:27 radələrində Şəxs yüngül alkoqol sərxoşluğu və sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı (THC(+); PGB(+)) aşkar edilmişdir. DİN–in DYP Web portalından çıxarışdan görünür ki, Şəxs 22 fevral 2025-ci il tarixdən 22 avqust 2025-ci il tarixədək sürücülük hüququndan məhrum edilmişdir. Şəxs Bakı şəhəri Sabunçu RPİ-nin X10 Şöbəsində verdiyi izahatdan görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 3(008)-882/2025 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İznibati Xətalar Məcəlləsinin 343- 1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs 16 dekabr 2021-ci il təvəllüdlü (X5) və 08 iyul 2024-cü il təvəllüdlü (X7) uşaqları var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir . 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə dörd yüz manat məbləğində cərimə edilir 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə iki yüz manat məbləğində cərimə edilir. 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını tədqiq edərək, məhkəmə iclasında iştirak edən şəxsin izahatını dinləyərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 01 mart 2025-ci il tarixli, 1/260 nömrəli aktla, o cümlədən, iş materiallarına yazılı izahatı əlavə edilmiş X1 göstərdiyi xüsusatlarla tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs sürücülük hüququ olmamaqla yanaşı sərxoş vəziyyətdə (alkoqol və narkotik vasitələrin istifadəsi) yüksək təhlükə mənbəyi olan avtomobili idarə etməsindən ibarət əməlinin ictimai təhlükəliliyini, həmin əməl nəticəsində avtomobili idarə edən şəxsin yalnız özünün deyil, digər vətəndaşların da (həmin avtomobildə və digər avtomobillərdə əyləşən sərnişinlərin, o cümlədən, piyadaların) həyat və sağlamlığını riskə atmasını, məhkəmə iclasında suallara verilmiş cavablarından hələ də əməlinin ictimai təhlükəliliyini dərk etməməsinin aydın göründüyünü nəzərə alaraq Şəxs barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha ciddi tənbeh tədbirinin tətbiq edilməsini inzibati tənbehin məqsədlərinin təmin edilməsi baxımından məqsədəmüvafiq hesab edir. Məhkəmə yekun nəticəyə gələrkən Şəxs mütəmadi olaraq yol-hərəkəti qaydalarını pozmaqla nəqliyyat vasitəsini idarə etdiyini, bununla əlaqədar nəqliyyat vasitələlərini idarə etmək hüququnun məhdudlaşdırılmasına məhəl qoymayaraq nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsini, narkotik vasitələrdən istifadə etməsinin tibbi müayinə aktı ilə müəyyən edilməsini, qısa müddət öncə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 fevral 2025-ci il tarixli, 3(008)-882/2025 saylı qərarı ilə barəsində AR İXM-nin 343-1.1-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq yenidən daha ağır inzibati xəta törətməsini də nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs inzibati xətanı törətməsini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsi və himayəsində iki azyaşlı övladının olmasını onun məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 334.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla barəsində AR İXM-nin 334.3-cü maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3 və 334.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək AR İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR İXM-nin 334.3-cü maddəsi ilə barəsində 01 ay müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 06 mart 2025-ci il tarixdən, saat 16:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X3 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1403/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1403/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver