Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1413/2024 29.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X10 qızının katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə, X1 nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv olunması və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinİn inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin bundan sonra mətndə - DƏMX) 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokolu və xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarına əsasən barəsində Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsi ilə 1900,00 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsinin tələblərini pozmamışdır və nzibati cərimə tənbeh növü barəsində əsassız və qanunsuz tətbiq edilib. Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti iddia edir ki, işəgötürən, yəni onun tərəfindən, işçi Şahid Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra mətndə - ƏM) 135-ci maddəsinin tələbləri ilə nəzərdə tutulmuş hüquqları pozulmuş, işçiyə iş ili üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilməmişdir. Qüvvədə olan ƏM 135-ci maddəsi iki hissədən ibarətdir. Maddi normanın hər iki hissəsi bir biri ilə əlaqəli, ikinci hissəsi birbaşa birinci hissəsindən asılı və bağlıdır. Belə ki, işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qanunverici tərəfindən qadağan edilib. İşçiyə məzuniyyətinin verilməməsi kimi qiymətləndirmək üçün işçidə əmək məzuniyyəti hüququnun mövcudluğu (əmələ gəlməsi), işçinin həmin məzuniyyətdən istifadə etmək arzusunda olması və öz iradəsini açıq aydın şəkildə yazılı ərizə ilə işəgötürənə bildirilməsindən ibarətdir. Belə olan halda işçinin əmək məzuniyyəti hüququnu təmin etmək işəgötürənin borcudur. İşəgötürən işçinin iradəsindən (niyyətindən) kənar işçini məcburi qaydada məzuniyyətə göndərə bilməz. Əks təqdirdə ƏM 135ci maddəsinin 2-ci hissəsi öz əhəmiyyətini itirərdi. İşçi Şahid xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məzuniyyət haqqında ərizələrindən və məzuniyyət haqqında xx.xx.2021-ci il tarixli, 86/ş saylı, xx.xx.2022-ci il tarixli, 128/ş saylı və xx.xx.2023-cü il tarixli, 123/ş saylı əmrlərdən görünür ki, işçi ərizə ilə işəgötürənə müraciət edərək məzuniyyət hüquqdan istifadə etmişdir (sənədlər əlavə edilir). İşçinin məzuniyyət haqqında ərizəsi olduğu təqdirdə ona imtina edib kompensasiyanın ödənilməsi əmək qanunvericiliyin tələblərinə ziddir. İşçi əmək məzuniyyəti hüququndan istifadə etmədikdə (iradəsini yazılı bildirmədikdə) işçinin ƏM nəzərdə tutulmuş bir sıra digər hüquqları yaranır. Məsələn, ƏM 134-cü maddəsinin tələblərinə əsasən əmək məzuniyyətinin başqa vaxta keçirilməsi, və ya ƏM 135-ci maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya almaq və ya ƏM 144-cü maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi almaq hüququ yaranır. Həmin hüquqların həyata keçirilməsi işçinin iradəsindən asılıdır. DƏMX-in işəgötürən tərəfindən ƏM 135-ci maddəsinin 2-ci hissəsinin pozulmasını iddia etdiyini nəzərə alaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-Praktik Kommentariyasında ƏM 135-ci maddəsinin 2-ci hissəsinin kommentariyası ilə bağlı qeyd edilmişdir ki, “Müvafiq iş ilində əmək məzuniyyətinin pul ilə kompensasiya olunmasını tələb etmək hüququ işçiyə məxsusdur. Ona görə də AR ƏM-in 135-ci maddəsinin ikinci hissəsində “Əmək məzuniyyətindən istənilən səbəbdən istifadə edilmədikdə” dedikdə, işəgötürənin deyil, işçinin iradəsi... başa düşülməlidir” (Bakı, X12, 2018, səh.603). Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-Praktik Kommentariyası BDU-nin Əmək və ekologiya kafedrasının müdiri, hüquq elmləri doktoru, professor A.M.Qasımov məsul redaktorluğu ilə Bakı Dövlət Universitetinin, Türkiyə Respublikası, X8 Universitetinin, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Respublikası DİN Polis Akademiyasının professor-müəllim heyətinin, Azərbaycan Respublikasının məhkəmə instansiyaları hakimlərinin, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının vəkillərinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası DİN-nin və Azərbaycan Dövlət Neft Şirkətinin əməkdaşlarının birgə iş birliyi nəticəsində yazılmışdır. İşəgötürən həmin mövqedən çıxış edərək kommentariya uyğun eyni dəlillərini DƏMX əməkdaşlarına bildirmişdir (Nübar Sədirova, Əvəz müəllim, şöbə müdiri Elməddin Kazımov). DƏMX əməkdaşları bununla razılaşmayaraq bildirmişdilər ki, işçinin savadı, yazıb-pozmaq qabiliyyəti olmadığından, fəhlə olduğu üçün, o cümlədən istənilən digər səbəbdən müraciət edə bilmədiyi halda işəgötürən işçinin ərizəsi olmadan (iradəsini bildirmədən) birbaşa öz təşəbbüsü ilə istifadə edilməmiş əmək məzuniyyətini kompensasiya ilə əvəzləməlidir. DƏMX əməkdaşları hesab etmişlər ki, kompensasiyanın işçinin iradəsindən asılı olmadığı üçün istifadə edilməmiş işi ilinə görə əmək məzuniyyətinə görə işəgötürən tərəfindən işçiyə kompensasiya ödəməli, bunu etmədikdə isə işəgötürən inzibati xətaya yol verir. Halbuki, işçi ərizə ilə müraciət edib həmin ilin əmək məzuniyyətindən istifadə edib. DƏMX yuxarıda qeyd edilən mövqeyi qəbul edilərsə işəgötürən işçinin əmək məzuniyyətindən istifadə etmək barədə ərizəsi əsasında məzuniyyətə buraxmayaraq məzuniyyət vermək əvəzinə həmin iş ilini istifadə edilməmiş əmək məzuniyyəti kimi qiymətləndirilib kompensasiya ödəsə ƏM 135-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş olacaq. DƏMX mövqeyi əmək qanunvericliyin tələblərinə ziddir, maddi normanın qeyd edilən qaydada tətbiqi qanun pozuntusuna səbəb olacaq. Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra məntdə - İXM) 99.2-ci maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəb olan məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. xx.xx.2023-cü il tarixində həmin 3 əməkdaşdan hansı birisi səlahiyyəti olan vəzifəli şəxs idi bəlli deyildi. Qeyd edilməlidir ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmişdir. Fərmanın 1.10-cu bəndinin tələblərinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri, onların müavinləri, şöbə müdirləri (müdir müavinləri), sektor müdirləri, həmin dövlət agentliklərinin və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri, onların müavinləri İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər hesab edilir. 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, barəmdə işə nzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olmayan vəzifəli şəxs - baş əmək müfəttişi X5 tərəfindən baxılaraq protokol tərtib edilmişdir. Bundan başqa qeyd edilməlidir ki, tərəfimizdən gətirilən dəllillərə əhəmiyyət .ermədən DƏMX-nin “ərizə olmadan işəgötürən işçiyə kompensasiya ödənişi etməli idi” mövqeyi öncədən formalaşmışdır. DƏMX “ola bilsin ki, işçi savadsızdır, ərizə yaza bilmir” mülahizələrini irəli sürərək obyektiv araşdırma aparmaq əvəzinə işəgötürəni qşnunsuz suçlandırmağı açıq-aşkar üstün tutmuşdur. DƏMX-nin yuxarıda qeyd edilən mövqeyi ilə bağlı bildirilmişdir ki, DƏMX mövqeyini mülahizələr əsasında qura bilməz, həmçinin qeyd edilmişdir ki, sözügedən işçi Şahid «keçmiş polis mayoru, nazir köməkçisi vəzifəsində işləmiş kifayət qədər savadı vardır. Lakin, DƏMX-ti nümayəndənin dəlillərini dinləmək istəməmiş, işçinin şəxsi işi ilə tanış olmadan, fəhlənin savadsız olduğu üçün ərizə yaza bilmədiyindən işəgötürən məcburi qaydada, işçinin ərizəsi olmadan istifadə olunmamış məzuniyyətə görə kompensasiya təyin etməli olduğunu təkrar bildirərək qərəzli mövqeyi nümayiş etdirmişdir. DƏMX yuxarıda qeyd edilən mövqeyindən çıxış edərkən nəinki ƏM 2-ci maddəsinin tələblərini, habelə təqsirsizlik prezumpsiyası prinsipini pozaraq İXM 8-ci maddəsinin tələblərinə zidd olaraq qanuni qüvvəyə minmiş qərar olmadan müəssisə rəhbərliyin əməllərində inzibati xəta tərkibinin mövcudluğu barədə bildirmişdir. DƏMX mövqeyi maddi normanın (ƏM 135, “2”) təfsirindən və elmi-praktik kommentariyasından kənardır, mülahizələr əsasında qurulub, faktlara əsaslanmır, buna görə də ƏM 2-ci maddəsində müəyyən edilən əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə ziddir. Şərh olunana əsasən inzibati xəta hadisəsinin baş vermədiyi üçün protokol və qərar ləğv edilməli, barəsindəki inzibati icraata xitam verilməlidir. İXM-nin 129.1.3-cü maddəsinin tələblərinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət — şikayət verən şəxsin yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə, yəni Yasamal rayon məhkəməsinə verilməlidir. DƏMX-nin xx.xx.2023-cü il tarixli, MN 1496136№-li inzibati xəta haqqında protokolu və xx.xx.2024-cü il tarixli qərarı poçt vasitəsi ilə 2024-cu ilin yanvar ayının 26-da təqdim olunduğunu nəzərə alaraq, habelə İXM-nin 130.1-ci maddəsinin tələblərini rəhbər tutaraq müddətin axımı qərarın rəsmi təqdim edildiyi gündən başlayır şikayət vermək müddəti buraxılmamış hesab edilməlidir (sənəd əlavə edilir). Şərh olunanlara əsasən, habelə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin maddi və prosessual normalarının kobud pozulmasının nəzərə alaraq xahiş edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokolu və xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı inzibati xəta hadisəsi baş vermədiyi üçün ləğv edilsin və barəsində olan icraata xitam verilsin. Məhkəmə iclasında iştirak edən X1 nümayəndəsi və vəkili Vəkil izahatında şikayət ərizəsindəki xüsusatları göstərərək şikayətin təmin edilməsini, xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin 26 dekabr 2023-cü il tarixli, MN ******* saylı protokolu və xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı qanunidir, belə ki, işçinin iş ili üzrə istifadə etmədiyi məzuniyyətə görə kompensasiyanın verilməsi məcburidir və bu qanunvericiliyin tələbidir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid izahatında qeyd etmişdir ki, ali təhsilli hüquqşünasdır, daxili işlər orqanlarında xidmət etmiş, təqaüdə çıxaraq "xxxx" MMC-də əmək fəaliyyətini davam etdirmişdir, hüquqlarını, o cümlədən əmək hüquqlarını yaxşı bilir, hər il məzuniyyət cədvəlinə əsasən məzuniyyətə çıxmış, 2021-2022-ci iş ili üzrə öz şəxsi müraciəti əsasında məzuniyyətini götürməmiş, bunun əvəzi olaraq kompensasiya tələb etməmiş, məzuniyyət hüququndan növbəti il istifadə etməyi öz razılığı ilə müəssisədən istəmişdir. Məhkəmə tərəfi dinləyib, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbləri pozularaq Şahid 2021-2022-ci iş ili üzrə əmək məzuniyyəti həmin iş ilində deyil, 2023-cü ilin 19 oktyabr-16 noyabr tarixlərində verilərək, Şahid məzuniyyət hüququ pozulmuş, nəticədə X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutlumuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.5-ci maddəsində nəzərdə tutlumuş inzibati xətanı törətdiyinə görə, barəsində 1900 (min doqquz yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidməti tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin baş direktoru X4 tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbləri pozularaq Şahid 2021-2022-ci iş ili üzrə əmək məzuniyyəti həmin iş ilində deyil, 2023-cü ilin 19 oktyabr-16 noyabr tarixlərində verilərək, Şahid məzuniyyət hüququ pozulmuşdur. İşçi Şahid xx.xx.2021-ci il tarixli, xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məzuniyyət haqqında ərizələrindən və məzuniyyət haqqında xx.xx.2021-ci il tarixli, 86/ş saylı, xx.xx.2022-ci il tarixli, 128/ş saylı və xx.xx.2023-cü il tarixli, 123/ş saylı əmrlərdən görünür ki, işçi ərizə ilə işəgötürənə müraciət edərək məzuniyyət hüquqdan istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 192.5-ci maddəsinə əsasən, işçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə-vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X4 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 135-ci maddəsinin tələbləri pozularaq Şahid 2021-2022-ci iş ili üzrə əmək məzuniyyəti həmin iş ilində deyil, 2023-cü ilin 19 oktyabr-16 noyabr tarixlərində verilərək, Şahid məzuniyyət hüququ pozulmuş və nəticədə X3 Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsi göstərilmiş və barəsində 1900 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 3-cü maddəsinə əsasən işçilərin bu Məcəllə ilə müəyyən edilmiş məzuniyyət hüququ və ondan istifadə qaydaları məhdudlaşdırıla bilməz; 134.1-ci maddəsinə əsasən əmək məzuniyyətlərinin verilmə vaxtı işəgötürənin və işçinin təşəbbüsü ilə əsaslandırılmaqla onların qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər; 134.2-ci maddəsinə əsasən əmək məzuniyyətinin başqa vaxta keçirilməsi dedikdə, cari ildə məzuniyyətinin verilmə növbəsində nəzərdə tutulan vaxtın bir aydan başqa aya, cari iş ilindən növbəti iş ilinə, habelə növbəti təqvim ilinə keçirilməsi başa düşülməlidir; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır; 135.2-ci maddəsinə əsasən işçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir. Yuxarıda göstərilən qanunvericiliyin normalarından göründüyü kimi əmək məzuniyyəti işəgötürən və işçinin qarşılıqlı razılığı ilə başqa vaxta keçirilə bilər. Məhkəmə iclasında Şahid bildirmişdir ki, hər il məzuniyyət cədvəlinə əsasən məzuniyyətə çıxmış, 2021-2022-ci iş ili üzrə öz şəxsi müraciəti əsasında məzuniyyətini götürməmiş, bunun əvəzi olaraq kompensasiya tələb etməmiş, məzuniyyət hüququndan növbəti il istifadə etməyi öz razılığı ilə müəssisədən istəmişdir. Göründüyü kimi Şahid 2021-2022-ci iş ili üzrə əmək məzuniyyətinin növbəti ildə verilməsi öz şəxsi iradəsi əsasında olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin Elmi-Praktik Kommentariyasında ƏM 135-ci maddəsinin 2-ci hissəsi ilə bağlı qeyd edilmişdir ki, “müvafiq iş ilində əmək məzuniyyətinin pul ilə kompensasiya olunmasını tələb etmək hüququ işçiyə məxsusdur. Ona görə də Azərbaycan Respublikası ƏM-nin 135-ci maddəsinin ikinci hissəsində “Əmək məzuniyyətindən istənilən səbəbdən istifadə edilmədikdə” dedikdə, işəgötürənin deyil, işçinin iradəsi başa düşülməlidir” İstirahət hüququnun işçilərin konstitusion hüququ olması baxımından, eyni zamanda qanunvericilik normalarının ardıcıllığını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda nə qədər ki, işçinin öz razılığı ilə iş ili üçün məzuniyyəti növbəti ilə keçirilmişdir, işçi məzuniyyət hüququnun əvəzində kompensasiya ödənilməsini tələb etməmişdir, bu hal Əmək Məcəlləsinin 135-ci maddəsinin tələblərinin pozulması və işçinin məzuniyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq belə qənaətə gəlir ki, baş vermiş inzibati xətanın X4 tərəfindən törədilməsinə dair qərarda kifayət qədər sübuta istinad edilməmişdir. İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq,məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İXM-nin 192.5-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında X6 Xidmətinin inzibati tənbeh verilməsi haqqında xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova
Məhkəmə qərarları › İş №3(008)-1413/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1413/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver