Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1415/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərli Turanə Afrəddin qızının katibliyi ilə, Protokolu tərtib etmiş şəxs Sabunçu RPİ-nin 14-cü PŞ-nin s/inspektoru polis kapitanı Şahin Vahidovun iştirakı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhmədov Elxan Akşay oğlunun iştirakı ilə, 07.05.2000-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, B. Dadaşov küç, ev 5 ünvanında qeydiyyatda olan- Əhmədov Elxan Akşay oğlunun Əhmədov Elxan Akşay oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əhmədov Elxan Akşay oğlu barəsində Sabunçu RPİ-nin 14-cü PŞ-i tərəfinən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə 10.03.2025-ci il tarixli MN seriyalı 1989884 №li inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, 06.03.2025-ci ildə saat 18:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində polis əməkdaşları xidmətdə olduqları zaman 1 (bir) nəfər şəxsin narkotik maddələrin istifadəsində şübhəli bilinərək ona yaxınlaşmış və özlərini təqdim etmişlər, daha sonra həmin şəxs qaçmağa başlamışdır. Şəxs saxlanılaraq Sabunçu RPİ-nin 14-cü PŞ-nə gətirilmişdir. PŞ-də həmin şəxsin 07.05.2000-ci il təvəllüdlü Əhmədov Elxan Akşay oğlu olduğu müəyyən edilmişdir. Daha sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzində müayinə aparılmış, müayinə zamanı narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Sabunçu RPİ-nin 14-cü PŞ-nin s/inspektoru polis kapitanı Şahin Vahidov izahatında göstərmişdir ki, 06.03.2025-ci ildə saat 18:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində xidmətdə olduqları zaman 1 (bir) nəfər şəxsin narkotik maddələrin istifadəsində şübhəli bilinərək ona yaxınlaşmış və özlərini təqdim etmişlər, daha sonra həmin şəxs qaçmağa başlamışdır. Saxlanılaraq 14-cü PŞ-nə gətirilmişdir. Şəxsiyyətin müəyyən olunduqdan sonra Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinə müayinəyə aparılmış, müayinə zamanı şəxsin narkotik vasitədən istifadə etdiyi müəyyən edilmişdir. Bu səbəbdən də, Əhmədov Elxan Akşay oğlu barədə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmiş və onun həmin maddə ilə məsuliyyətə cəlb edilməsini xahiş edir. Tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Əhmədov Elxan Akşay oğlu izahatında göstərmişdir ki, narkotik vasitə nəşədən bir dəfə istifadə etdiyini. Daimi istifadəçi deyil. Törətdiyi əməldən səmimi peşmandır. Bir daha narkotik vasitədən istifadə etməyəcəyinə söz verir. Göstərilən halları və peşman olmasını nəzərə alaraq barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İnzibati xəta haqqında materiala əlavə edilmiş 1365 saylı, 07.03 2025-ci il tarixli Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlama rəyindən görünür ki, Əhmədov Elxan Akşay oğlunun opioidlərin və psixostimulyatorın birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) müəyyən edilmiş, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Əhmədov Elxan Akşay oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməsi öz etirafı ilə yanaşı digər iş materialları ilə də tam sübuta yetirilir. İş üzrə Əhmədov Elxan Akşay oğlunun məsuliyyətini istisna edən və məsuliyyətdən azad edilmə üçün hallar mövcud deyil. Ona görə də, Əhmədov Elxan Akşay oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq olunmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə inzibati xətaya görə tənbeh tətbiq edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinin tələblərinə uyğun olaraq xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əhmədov Elxan Akşay oğlunun təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirilən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Əhmədov Elxan Akşay oğlunun məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, Əhmədov Elxan Akşay oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, cərimə növündə inzibati tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. İş üzrə həmçinin müəyyən edilmişdir ki, Əhmədov Elxan Akşay oğlu 06.03.2025-ci il tarixdə, saat 20:20-də inzibati qaydada tutulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, Respublika Narkoloji Mərkəzin 1365 saylı, 07.03 2025-ci il tarixli rəyinə əsasən Əhmədov Elxan Akşay oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, o ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Bakı şəhər Probasiya şöbəsinə həvalə edilməli, onun narkomaniyadan məcburi müalicəsi üçün müvafiq tibb müəssisəninə təhvil verilməsi Bakı Şəhər Sabunçu RPİ-nə həvalə edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.1, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Əhmədov Elxan Akşay oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Əhmədov Elxan Akşay oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın, dərhal məhkəmə iclas zalından azad edilsin, qərarın icrası məcburi müalicənin icrasına nəzarət edilməsi hissəsində Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan Bakı şəhər Sabunçu rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-1415/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1415/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver