Məhkəmə qərarları › İş №3(008)-1421/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1421/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1421/2025 11.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Cəfərova Turanə Afrəddin qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 13-cü PŞ-in rəisi, polis mayoru Eldar Məmmədov , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Kamal Hüseynqulu oğlunun iştirakları ilə, 07.06.1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 29, mənzil 30 ünvanında qeydiyyatda olan. Bakı şəhəri, Bülbülə qəsəbəsi, S. Əliyev küçəsi, 235 A ünvanında yaşayan- Məmmədov Kamal Hüseynqulu oğlunun Məmmədov Kamal Hüseynqulu oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İnzibati xəta haqqında 11 mart 2025-ciil tarixli MN 1973842 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Məmmədov Kamal Hüseynqulu oğlu 06.03.2025-ci il tarixdə, N.İsmayılov küçəsi 76 ünvanında “Araz” marketdən ayrı-ayrı gülərdə ümumilikdə 80 (səksən) AZN dəyərində spirtli içki oğurlamışdır. Nəticədə Məmmədov Kamal Hüseynqulu oğlu tərəfindən Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü PB-nin sahə inspektoru, polis baş leytenantı Eldar Məmmədov inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Məmmədov Kamal Hüseynqulu oğlu barəsində qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Kamal Hüseynqulu oğlu özünü təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitələrin istifadəçisidir. Bu səbəbdən də oğurluqlar edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 11 mart 2025-ciil tarixli MN 1973842 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Məmmədov Kamal Hüseynqulu oğlu 06.03.2025-ci il tarixdə, N.İsmayılov küçəsi 76 ünvanında “Araz” marketdən ayrı-ayrı günlərdə ümumilikdə 80 (səksən) azn dəyərində spirtli içki oğurlamışdır. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07.03.2025-ci il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti AR İXM-nin 227-ci maddəsi ilə tənbeh tədbirinin görülməsi üçün ərazi üzrə xidmət aparan sahə müvəkkilinə göndərilmişdir. Məmmədov Kamal Hüseynqulu oğlunun polis bölməsində verdiyi izahatından görünür ki, o, törətdiyi inzibati xətanı etiraf etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 13-cü maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Məmmədov Kamal Hüseyqulu oğlu İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, iş materialları əsasında tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Məmmədov Kamal Hüseynqulu oğlu İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını, məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Məmmədov Kamal Hüseynqulu oğlu barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunmaqla inzibati tənbehin məqsədlərinə nail olunması mümkündür. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Məmmədov Kamal Hüseynqulu oğlu AR İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinməli, barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 10 mart 2025-ci il tarixdən, saat 13:00dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 25 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 10 mart 2025-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri, Sabunçu RPİ-nə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati Həbs olunanların Saxlanılma Məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar