Məhkəmə qərarları › İş №3(008)-1423/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1423/2024

04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1423/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankından Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Azərbaycan Respublikasının Mərkəzi Bankına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi X2 tərəfindən tərtib edilmiş 12 fevral 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən, Şəxs MMC 47250 (qırx yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən Bankda olan hesabından 02 fevral 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən iki ildən artıq müddət keçməsinə baxmayaraq, 47250 (qırx yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində vəsait hesabına alınmış malları ölkəyə idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, onlar tərəfindən malın alınması üçün köçürülmüş pul məbləğinə dair heç bir qanun pozuntusuna yol verilməmişdir. Belə ki, “Kaplanser” satıcı şirkətə xalça məhsullarının alınması üçün nümayəndəsi olduğu cəmiyyət tərəfindən 47250 (qırx yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. Lakin satıcı şirkət tərəfindən cəmiyyətə məktubla müraciət olunaraq Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə əlaqədar sifariş verdikləri malların çatdırılmasında çətinliklər olduğu bildirilmişdir. Bunlara əsasən hesab edir ki, cəmiyyətin hərəkətlərində inzibati xətanın tərkibi yoxdur. Məhkəmədən inzibati işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə inzibati xəta haqqında protokolu və işin digər materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 47250 (qırx yeddi min iki yüz əlli) ABŞ dolları məbləğində vəsait müvafiq rekvizit üzrə “Kaplanser” şirkətinin hesabına köçürülmüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş məktubdan görünür ki, “Kaplanser” şirkəti tərəfindən Şəxs MMC-nə müraciət olunaraq Türkiyə Respublikasında baş vermiş zəlzələ ilə əlaqədar sifariş verdikləri malların çatdırılmasında çətinliklər olduğu, yaxın zamanlarda malların çatdırılmasına çalışacaqları bildirilmişdir. İş materiallarını araşdıraraq belə nəticəyə gəlmək olar ki, Şəxs MMC-nin əməlində inzibati xəta aşkar edilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 fevral 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında materialda olan sübutlarla Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş EP ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar