Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1439/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun katibliyi, Manafov Elvin Zakir oğlunun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, MN seriyalı 1869945 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Manafov Elvin Zakir oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli, MN seriyalı 1869945 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Manafov Elvin Zakir oğlu şikayətini onunla əsaslandırılmışdır ki, Dövlət Əmək Müfəttişliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Dövlət Əmək Müfəttişliyi tərəfindən 20.02.2025-ci il tarixli MN 1869945 saylı İnzibati tənbeh vermə haqqında Qərar ona 04.03.2025-ci il tarixdə göndərilmişdir. Həmin Qərarda onun İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat cərimələndiyi göstərilmişdir. Qərarda müəyyən edilmişdir ki, guya O, “Qarabağ və Şərqi Zəngəzur” İqtisadi rayonunda əmək müqaviləsi qüvvəyə minmədən işçiləri işlərin (xidmətlərin) görüləməsinə cəlb etmişdir. Bununla da inzibati xətaya yol vermişdir. Bildirmişdir ki, Dövlət Əmək Müfəttişliyi tərəfindən barəsində tərtib edilmiş 20.02.2025-ci il tarixli MN 1869945 saylı İnzibati tənbeh vermə haqqında Qərar qanunvericiliyin tələblərinə zidd olduğu üçün ləğv edilməlidir. Beləki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 1144/2025 saylı qərarı ilə (sədrlik edən hakim Vüsal Qurbanov) hüquqi şəxs “XANOĞLANOĞLU İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata baxıldığı zaman direktor barəsində də cərimə tətbiq edilmişdir. "XANOĞLANOĞLU İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətməsi faktı təsdiqini tapmamış, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti adı çəkilən MMC-nin vəzifəli şəxsi olaraq məni əsassız olaraq inzibati qayda da cərimələmişdir. Əgər məhkəmə qaydasında "XANOĞLANOĞLU İNŞAAT" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati xəta törətmədiyi müəyyən edilərsə mənim cərimə olunmağın necə olacaq. Dövlət Əmək Müfəttişliyi Xidməti əsassız və qanunsuz cərimələr yazmaqla sahibkarlıq fəaliyyətinə maneələr törədir. Bildirmişdir ki, onlar subpodratçı şirkətdirlər. Ağdam şəhərində evlərin təmiri ilə məşğul olurlar. Onlarla əmək müqaviləsi bağlamış şəxsləri işğaldan azad olunan ərazilərə gedə bilmələri üçün “ana şirkət” "icaze.e-gov.az” portalı vasitəsilə qeydiyyatdan keçirir. Həmin “ana şirkətdə onların artıq əmək müqaviləsinə xitam verdikləri işçiləri də yenidən əmək müqavilələrinə xitam verildiyi halda "icaze.e-gov.az” portalından qeydiyyatdan keçirmişlər. 20.02.2025-ci il tarixli MN 1869945 saylı İnzibati tənbeh vermə haqqında Qərarda adları göstərilən işçilərin qeyd olunan tarixə artıq xitam olunmuş müqavilərləri olmuş, "icaze.e-gov.az” portalından qeydiyyatdan keçirmək və portaldan qeydiyyata xitam vermək kimi səlahiyyətləri yoxdur. Qərarda adları qeyd olunan şəxslərin adları portalda olsa da faktiki olaraq onlar “Qarabağ və Şərqi Zəngəzur” iqtisadi rayonunda olmamışlar və işlərə cəlb edilməmişlər. Onların isə portala xitam vermək kimi səlahiyyətləri olmadığından işçilərin adını potaldan çıxara bilməmişlər. Dövlət Əmək Müfəttişliyinin 20.02.2025-ci il tarixli MN 1869945 saylı İnzibati tənbeh vermə haqqında Qərarı qanunsuz və əsassız olduğuna görə, ləğv edilməlidir. Belə ki, İXM-nin 100-cü maddəsinə əsasən, İnzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer, protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları, inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilir. Həmin maddənin ikinci bəndinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Bundan başqa İnzibati Xətalar Məcəlləsinin 52-ci maddəsinin tələbləri Dövlət Əmək Müfəttişliyi tərəfindən pozulmuşdur. Qeyd olunmuşdur ki, vətəndaşın eyni vaxtda eyni predimet üzrə Məhkəməyə müraciət etdiyini nəzərə alaraq inzibati icraatın dayandırılması zəruridir. Eyni mübahisə üzrə yalnız Məhkəmənin icraatında olan iş üzrə Qərar verilə bilər. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs və protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmişdirlər, Manafov Elvin Zakir oğlu səhhəti ilə əlaqədar ölkə xaricində olduğunu bildirmiş, protokol tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsi gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, işə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Öncəki məhkəmə iclaslarında iştirak etmiş Manafov Elvin Zakir oğlu şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, İnzibati xəta haqqında protokolda adları qeyd olunmuş Məmmədov Cahangir Cəlil oğlu ilə olan əmək müqaviləsinə 09.01.2025-ci il tarixdən, Əliyev Rizvan Vəli oğlu, Qaraşov Kənan Tahir oğlu, Samir Vəliyev Vəzir oğlu ilə olan əmək müqavilələrinə isə 28.01.2025-ci il tarixdən xitam verilmişdir. Qeyd olunan şəxslərin əmək müqavilələrinə xitam verilməsi ilə bağlı Şirkət tərəfindən verilmiş Əmrlər Məhkəməyə təqdim olunmuşdur. Öncəki məhkəmə iclaslarında iştirak etmiş inzibati tənbehvermə haqqında qərarı qəbul etmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinin nümayəndəsi 20 fevral 2025-ci il tarixli MN 1869945 saylı inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu və verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məmmədov Cahangir Cəlil oğlunun məhkəmə iclasında onlayn qaydada iştirak etməsi təmin edilmiş və o bildirmişdir ki, 09 yanvar 2025-ci il tarixdə onun əmək müqaviləsinə xitam verilmiş və bu tarixdən sonra o heç bir əmək fəaliyyətinə cəlb olunmamışdır. İnzibati tənbeh vermə haqqaında qərarda adları keçən və əmək müqaviləsi qüvvəyə minmədən əmək fəaliyyətinə cəlb edildiyi iddia edilən Əliyev Rizvan Vəli oğlunun, Qaraşov Kənan Tahir oğlunun və Vəliyev Samir Vəzir oğlunun məhkəmə iclasında iştirak etməsini təmin etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında 20 fevral 2025-ci il tarixli MN 1869945 saylı qərardan görünür ki, Məmmədov Cahangir Cəlil oğlu 09.01.2025-ci il tarixdən, Əliyev Rizvan Vəli oğlu, Qaraşov Kənan Tahir oğlu, Vəliyev Samir Vəzir oğlu 28.01.2025-ci il tarixdən Qarabağ və Şərqi Zəngəzur rayonlarında əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 09.01.2025-ci il tarixli, 502 nömrəli Əmrdən görünür ki, “Xanoğlanoğlu İnşaat” MMC-nin “suvaqçı” vəzifəsində işləyən Cahangir Məmmədov Cəlil oğlu ilə bağlanılmış 4CGCP1D0009000 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 09.01.2025-ci il tarixdən xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 28.01.2025-ci il tarixli, 600 nömrəli Əmrdən görünür ki, “Xanoğlanoğlu İnşaat” MMC-nin “fəhlə” vəzifəsində işləyən Samir Vəliyev Vəzir oğlu ilə bağlanılmış 59YNPWB000300 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 28.01.2025-ci il tarixdən xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 28.01.2025-ci il tarixli, 614 nömrəli Əmrdən görünür ki“ Xanoğlanoğlu İnşaat” MMC-nin “fəhlə” vəzifəsində işləyən Qaraşov Kənan Tahir oğlu ilə bağlanılmış 7853K3E000100 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 28.01.2025-ci il tarixdən xitam verilmişdir. “Əmək müqaviləsinə xitam verilməsi barədə” 28.01.2025-ci il tarixli, 616 nömrəli Əmrdən görünür ki, “Xanoğlanoğlu İnşaat” MMC-nin “fəhlə” vəzifəsində işləyən Əliyev Rizvan Vəli oğlu ilə bağlanılmış 6GFWLQ7000400 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 68.2-ci maddəsinin “a” bəndinə əsasən 28.01.2025-ci il tarixdən xitam verilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Manafov Elvin Zakir oğlunun şikayəti qismən təmin edilməli, “Xanoğlanoğlu İnşaat” MMC-nin direktoru Manafov Elvin Zakir oğlunun barəsində tərtib edilmiş inzibati tənbehvermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı Şəhər İdarəsinə göndərilməlidir. İş materiallarından müəyyən edilmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən şikayət vermiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən onun barəsində natamam araşdırma aparılmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, eləcə də Manafov Elvin Zakir oğlunun şikayətində göstərdiyi dəlillər məhkəmədə onun inzibati xətanın subyekti olmasına şübhə yaradır. Belə ki, məhkəmə ilk növbədə qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin 20 fevral 2025-ci il tarixli MN 1869945 saylı qərarında “Xanoğlanoğlu İnşaat” MMC tərəfindən Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilmiş işğaldan azad edilmiş ərazilərə iş icazəsi almış qərarda adları qeyd olunan işçilərin müəyyən işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilsə də, həmin şəxslərin hansı tarixdə hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi göstərilməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Dövlət Əmək Müfəttişliyi Xidməti yalnız Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsisteminə baxış keçirməklə kifayətlənmiş, işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları, yəni “Xanoğlanoğlu İnşaat” MMC tərəfindən icazəsi istənilən, məlumatda adları qeyd edilən şəxslərin həqiqətən işğaldan azad edilmiş qeyd edilən rayonlara əmək müqavilələrinə xitam verildikdən sonra gedib-getməmələrini, həmin rayonlara getmişlərsə, “Xanoğlanoğlu İnşaat” MMC tərəfindən orada əməyə cəlb olunub-olunmamalarını araşdırmamışdır. Həmin şəxslər üçün icazələrin istənilməsi, özlüyündə hüquqi şəxs tərəfindən onların əməyə cəlb edilməsi anlamına gəlmir. Bundan başqa, inzibati təneh vermə haqqında qərarda əmək müqaviləsi olmadan əmək fəaliyyətinə cəlb olunduğu iddia olunan heç bir işçinin izahatı alınmamış, onların həqiqətən də əmək fəaliyyətinə cəlb olunub-olunmadıqları araşdırılmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Əksinə, məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş işçilərdən biri ifadə verərək “Xanoğlanoğlu İnşaat” MMC tərəfindən əmək müqaviləsinə xitam verildikdən sonra işlərin yerinə yetirilməsinə cəlb edilmədiyini bildirmişdir. Beləliklə, inzibati xəta haqqında inzibati tənbeh vermə haqqında qərarda adları qeyd edilən şəxslərin hansı tarixlərdə əməyə cəlb edilməsi göstərilməmiş, araşdırma natamam şəkildə aparılmış, kifayət qədər sübutlar əldə edilmədən, yalnız informasiya sistemindən əldə edilmiş məlumatlara istinad edilməklə və işçilərin izahatları alınmadan Manafov Elvin Zakir oğlunun İXM-nin 192.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində inzibati tənbeh qərarı qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük inzibati tənbeh qərarını qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dəfələrlə öz qərarlarında vurğulamışdır ki, təqsirsizlik prezumpsiyası hüququna görə məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirli şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı bir şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, Manafov Elvin Zakir oğlunun barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1, 135.1.6-cı maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasını maneə törədəcək dərəcədə pozmaqla Manafov Elvin Zakir oğlu barəsində “İnzibati tənbeh vermə haqqında” qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. Bu səbəbdən də Manafov Elvin Zakir oğlu Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və barəsində inzibati tənbeh tətbiq edilmiş şəxsin xətanı törətməsinə dair hər hansı sübut olduğu halda, göstərilməklə, barəsində icraat aparılan şəxsin iştirakı ilə yenidən əsaslı qərar qəbul edilməlidir. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli MN 1869945 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin İdarəyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDI: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 20 fevral 2025-ci il tarixli MN 1869945 nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin idarəyə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Hakim Günel Məmmədova
Məhkəmə qərarları › İş №3(008)-1439/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1439/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver