Məhkəmə qərarları › İş №3(008)-1441/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1441/2023

28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1441/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi ilə, «Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi» barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə Bakı şəhəri Sabunçu RPİ X1 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ X1 Şöbəsindən daxil olmuş İXP ******* saylı, 04 mart 2023cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi» mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən və bu zaman inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı 5 gün müddətində rəsmi qaydada təqdim etməmiş, bununla da hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə inzibati işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu RPİ X1 Şöbəsi tərəfindən «Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi»-yə ünvanlanmış məktubun ünvan sahibinə çatmasını təsdiq edən sorğunun qəbul edildiyi tarix tam qeyd olunmayan poçt xəbərnaməsindən görünür ki, qeyd olunan məktub «Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi» tərəfindən adı və soyadı göstərilməmiş şəxs tərəfindən qəbul edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, «Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi» tərəfindən AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamışdır ki, belə olan halda inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətinə verilməməsinə görə - vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə iş materiallarını araşdıraraq, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqan tərəfindən məhkəməyə MMC tərəfindən müvafiq inzibati xətanın törədilməsini təsdiq edən sənədlərin təqdim edilməməsi, təqdim edilmiş sənədlərin isə mötəbər olmamaqla ziddiyyətli olması qənaətinə gəlir. İlk növbədə iş materiallarına əlavə edilmiş poçt xəbərnaməsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin xəbərnamədə polis şöbəsi tərəfindən göndərilmiş məktubun hansı tarixdə qəbul edilməsini və hansı ünvana göndərilməsini müəyyən etmək mümkün deyil. Belə ki, qeyd olunan xəbərnamədə sadəcə “MKT Depart” yazılmaqla İdarənin ünvanı göstərilməmiş, sorğunun qəbul edildiyi tarix isə tam olmamaqla “23....2023” kimi qeyd olunmuşdur ki, bu da müvafiq sorğunun həqiqətənmi İdarənin ünvanına göndərilməsini müəyyən etməyə, xəbərnamədə sorğunun qəbul edildiyi dəqiq tarixin göstərilməməsi isə qanunla müəyyən edilmiş 05 günlük müddətin hesablanmasına imkan vermir. Bununla yanaşı, xəbərnamədə müvafiq sorğunun qəbul edilməsi imza ilə təsdiq edilsə də, həmin imzanın sahibinin adı və soyadı, İdarədə hansı vəzifə tutması göstərilməmişdir ki, bu da ümumiyyətlə müvafiq sorğunun «Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi»nə aid olan şəxs tərəfindən qəbul edilməsini şübhə altına alır. Göründüyü kimi, «Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi»-nin AR İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübut iş materiallarına əlavə edilməmişdir ki, belə olan halda «Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi»-nin həmin maddə ilə təqsirli olması qənaətinə gəlinməsi mümkün deyil. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, “«Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi»-nin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmiş və sübut qismində yalnız iş materiallarında olan inzibati xəta haqqında protokola istinad etməklə kifayətlənmişdir. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar digər zəruri sübutlarla təsdiq olunmalıdır. Göstərilən bu hallar, «Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi» tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübuta yetirilməməsinə və inzibati xətanın mötəbər sübutlarla təsdiq edilməməsinə dəlalət edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs «Bakı şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi» tərəfindən Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi iş materialları ilə öz təsdiqini tapmadığından inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: «Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Sanitariya və Texniki Təmizlik İdarəsi»nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata AR İXMnin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar