Məhkəmə qərarları › İş №3(008)-1441/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1441/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1441/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızıının sədrliyi, Aytən Eldar qızıı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fəhlə işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 21 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(008)-1370/2023 saylı icra vərəqəsinə əsasən 04 aprel 2017-ci il təvəllüdlü X3 və 28 avqust 2021-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31 yanvar 2023-cü il tarixdən başlayaraq iddiaçı Şəxs cavabdeh X4 xeyrinə hər ay hər uşaq üçün 220 manat məbləğində sabit pul məbləğində alimentin tutulması qət edilmiş, lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin tam icrasını təmin etməmiş və nəticədə onun 3845 manat məbləğində aliment borcu yaranmışdır. Bununla da o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmək haqqının 70% hissəsinin uşaqları üçün aliment ödənişinə tutulduğunu, onun əmək haqqından hər ay mütəmadi olaraq tutulmaların aparıldığını, əslində şəxsin əməlində icra sənədinin icra edilməsindən qərəzli yayınma halı olmasa da, zərərçəkmiş şəxs təkidlə aliment borcunun tam ödənilməsini tələb etdiyindən inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmır. Özü hazırda fəhlə kimi işləyir və rəsmi 400 manata yaxın əmək haqqı alır. Onun əmək haqqının 70% hissəsi, yəni 267 manatı uşaqlarına görə aliment kimi tutulur və özünə əmək haqqından cəmi 100 manatdan bir qədər artıq pul qalır, hansı ki, həmin məbləğ yaşayış minimumundan belə aşağı məbləğdir. Onun qazancından hazırda aylıq mütəmadi olaraq aliment tutulsa da, daha öncədən, iddia ərizəsinin məhkəmədə baxıldığı müddətdə yığılmış aliment borcunu hazırda tam ödəməyə maddi imkanı yoxdur. O, bundan sonrarı aylarda 300 manat ödəniş etməyə çalışacaqdır. Lakin onun daha artıq pul ödəməyə maddi imkanı, başqa qazanc yeri yoxdur. Belə vəziyyətdə onun icra sənədinin icrasından üzürsüz səbəbdən yayınmasından söhbət gedə bilməz. Belə ki, qazancının yarıdan çox hissəsini uşaqlarına ödəyir. Bundan savayı uşaqlarının ehtiyacı olanda əlavə xərclərini də ödəyir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, uşaqlarının haqqını tələb edir. Şəxs əmək haqqından tutulan məbləğ uşaqlarının ehtiyaclarını qarşılamaq üçün yetərli deyildir. Bu səbəbdən də o, alimentin tam ödənilməsini tələb edir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq zərərçəkmiş şəxs Şəxs həqiqətən də fəhlə işlədiyini, bu yaxınlarda uşaqları xəstə olduğundan Şəhriyarın uşaqların bütün dərmanlarını alıb gətirdiyini, bəzən uşaqlara geyim aldığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(008)- 1370/2023 saylı icra vərəqəsinə əsasən 04 aprel 2017-ci il təvəllüdlü X3 və 28 avqust 2021ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 31 yanvar 2023-cü il tarixdən başlayaraq iddiaçı Şəxs cavabdeh X4 xeyrinə hər ay hər uşaq üçün 220 manat məbləğində sabit pul məbləğində alimentin tutulması qət edilmiş, “İcraata başlama haqqında” 19 iyul 2023-cü il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 iyul 2023-cü il tarixli, 2(008)-1370/2023 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. Şəxs iş materiallarında olan 21 fevral 2024-cü tarixli izahatından görünür ki, o, həmin izahatında əmək haqqının 70% hissəsinin aliment ödənişi üçün tutulduğunu, hər ay zərərçəkmiş şəxsə 267 manat məbləğində aliment ödənildiyini, aliment borcunu tam şəkildə ödəməyə maddi imkanının olmadığını, adına heç bir əmlakının olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs əmək haqqının hər ay 70% hissəsinin zərərçəkmiş şəxsə aliment ödənilməsi üçün tutulduğu, zərərçəkmiş şəxsin hesabına hər ay mütəmadi ödənişlərin onun əmək haqqından tutularaq köçürüldüyü öz təsdiqini tapmış, göstərilən hal məhkəmə iclasında iştirak edən icra məmuru tərəfindən də təsdiq edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinə əsasən Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Göründüyü kimi, Şəxs fəhlə kimi işləyərək aldığı az məbləğdə əmək haqqının qanunla yol verilən yuxarı həddi, yəni 70% hissəsi icra sənədi ilə müəyyən edilmiş alimet məbləğlərinin ödənilməsi üçün tutulduğundan, onun əlavə qazanc və ya gəlir yeri olmadığından o, hazırki icra vərəqəsi üzrə müəyyən edilmiş borcu bu günədək ödəyə bilməmişdir ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Belə ki, məhkəmə iclasında icra məmuru özü də yaranmış aliment borcunun Şəxs ödəməsi üçün əlavə qazanc yerinin və adına hər hansı əmlakın olmamasını, aldığı əmək haqqının isə qanunla yol verilən maksimum hissəsinin (70%) uşaqlarının aliment ödənişinə tutulduğunu bildirmişdir. Göstərilən hal məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs tərəfindən də təsdiq edilmiş, hətta zərərçəkmiş şəxs ona verilmiş suala cavab olaraq zərurət yarananda Şəxs uşaqlarına alimentdən əlavə də xərc çəkdiyini, onlara geyim əşyaları, dərman vasitələri aldığını bildirmişdir. Göründüyü kimi, Şəxs icra vərəqəsi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamış və hər ay onun əmək haqqının 70% hissəsi aliment ödənişi üçün tutulmuşdur ki, belə olan halda əlavə iş və qazanc yeri yeri olmayan, o cümlədən, icra vərəqəsinin icrasının təmin edilməsi məqsədi ilə tələbin yönələ biləcəyi əmlakı olmayan şəxsin aliment məbləğini tam ödəyə bilməməsi üzürsüz səbəb kimi qiymətləndirilməklə şəxsin məsuliyyətə cəlb edilməsi, onun üçün əlavə məhrumiyyətlərin yaranması üçün əsas ola bilməz. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun qazancının 70% hissəsinin aliment ödəniş üçün tutulması və onun maddi imkanının yol verdiy həddə icra sənədini icra etməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığından həmin maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar