Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1443/2023 13.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 8, inzibati binada qeydiyyatda olan X4 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən X4 barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 13 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(008)-8126/2018 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə X1 25 mart 2012-ci il təvəllüdlü X6 və 08 iyun 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 bildirmişdir ki, barəsində inzibati qaydada icraat aparılan şəxsin qətnamənin icraya yönəlməsindən bu gün xəbəri olmuşdur. Ona tələbin könüllü icrası barədə bildiriş də bu gün təqdim olunmuşdur. O, uzun müddət ölkə hüdudlarından kənarda olduğundan məhkəmə qətnaməsinin icraya yönəldilməsinə dair ona məlumat verilməsi mümkün olmamışdır. İcra şöbəsində olarkən X4 hər ay tələbkara pul göndərildiyini bildirmişdir. Sədrlik edənin sualına cavab olaraq icra məmuru 2018-ci ildən bu günədək tələbkar tərəfindən alimentin ödənilməməsi ilə bağlı hər hansı müraciət və şikayətin olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X4 inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Onun məhkəmə qətnaməsinin icraya yönəldilməsindən xəbəri olmamışdır. O, uzun müddətdir ki, ölkə hüdudlarından kənardadır. İlk dəfə olaraq bu gün icra şöbəsinə gəlmiş və icraata başlama barədə qərar və tələbin könüllü icrası barədə bildirişi almışdır. Buna baxmayaraq o, hər ay zərərçəkmiş şəxsə uşaqlarının ehtiyaclarının qarşılanması üçün pul göndərmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(008)- 8126/2018 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsi ilə X1 25 mart 2012-ci il təvəllüdlü X6 və 08 iyun 2014-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 154 manat, cəmi 308 manat məbləğində alimentin tutulması qət edilmişdir. “İcraata başlama haqqında” 20 dekabr 2018-ci il tarixli qərarın surətindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(008)-8126/2018 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” 20 dekabr 2018-ci il tarixli çıxarışdan görünür ki, həmin bildiriş bu gün, yəni 13 mart 2023-cü il tarixdə X4 tərəfindən rəsmi qaydada qəbul edilmişdir. X3 13 mart 2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatında uzun müddət Rusiyada olduğundan məhkəmə qətnaməsindən xəbərinin olmadığını, yaxın zamanda aliment borcunu tam ödəyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icra yönəldilməsi və icraata başlama barədə qərarın, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin X4 tərəfindən alınmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə baxışı zamanı X4 tələbin könüllü icrası barədə bildirişi almadığını bildirmiş, icra məmuru isə həmin halı təsdiq edərək Elnur Mövlayevə icra sənədinin icraya yönəldilməsi barədə məlumat verilmədiyini, onun ilk dəfə olaraq bugün, yəni 13 mart 2023cü il tarixdə icra şöbəsinə gəldiyini, uzun müddət Respublika hüdudlarından kənarda olduğunu bildirmişdir. Göründüyü kimi, həm iş materialları, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də icra məmurunun izahatları ilə X4 tələbin könüllü icrası barədə bildirişi bu günədək almadığı və bununla da, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdən yayınmadığı öz təsdiqini tapmışdır ki, bu da X3 əməlində inzibati xəta tərkibinin olmasını istisna edir. Məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin icraya yönəldilməsindən xəbər olmayan, barəsində icra məmuru tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş icra tədbirləri həyata keçirilməyən, ilk dəfə olaraq bu gün icra sənədindən xəbəri olan şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi qanuni və əsaslı olmamışdır. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, X3 tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin əldə etdiyi vəsait və ya mülkiyyətində olan əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla X2 məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun bu günədək icra sənədindən xəbərinin olmaması və ilk dəfə olaraq bu gün icra şöbəsinə gəlməsi, icra məmurunun bu gün ilk dəfə ona öz qanuni tələbini bildirdiyi müəyyən edilmişdir ki, belə olan onun bu günədək icra məmurunun ona qarşı irəli sürülməyən qanuni tələbini icra etməməsindən söhbət gedə bilməz. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2(008)-8126/2018 saylı icra sənədindən görünür ki, məhkəmə qətnaməsinin icraya yönəlməsindən uzun müddət keçmiş, icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, yəni qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu X4 tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1443/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1443/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver