Məhkəmə qərarları › İş №3(008)-1443/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1443/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1443/2024 21.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X6 qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Şöbəsinin sahə inspektoru Famil Camalovun, Zərərçəkmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəbala oğlunun iştirakları ilə, xx.xx.1949-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Mirzəbala oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 30 noyabr 2023-cü il tarixli qərardan və inzibati xəta haqqında 21 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, 05 noyabr 2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Bağ sahəsində yaşayan Şəxs Mirzəbala oğlu bir həyətdə yaşadığı X2 döyməklə sonuncuya dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Bununla da Şəxs Mirzəbala oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 21 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Mirzəbala oğlu məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o Şəkixanımla bir həyətdə yaşayır, ona məhkəmə tərəfindən həmin evdə yaşamaq hüququ verilmişdir, o Şəkixanımı vurmamışdır. Göstərilənlərə əsasən o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək xx.xx.2023-cü il tarixdə Şəxs Mirzəbala oğlunun əlindəki lomla onu vurduğunu, xəsarət aldığını, bundan sonra 102 xidmətinə zəng edərək məlumat verdyini bildirmişdir. Hazırda da Şəxs Mirzəbala oğlundan şikayətçidir. Məhkəmə iclasında İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinin sahə inspektoru polis kapitanı Famil Camalov 21 fevral 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokolun məzmununa uyğun izahat verərək Şəxs Mirzəbala oğlunun barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi haqında xx.xx.2023-cü il tarixli qərara əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X3 2770 saylı ekspert rəyindən görünür ki, X1 təpə və burun nahiyəsinin qançırı, üst dodaq nahiyyəsinin sıyrığı müəyyən edilmişdir. Xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə, Şəxs Mirzəbala oğlu inzibati xətanı törətməkdə özünü təqsirli bilməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyi, zərərçəkmiş şəxsin təhqiqat zamanı verdiyi izahatı ilə və digər iş materialları ilə Şəxs Mirzəbala oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli olması tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Mirzəbala oğlu məhkəmə iclasında verdiyi izahatında X2 vurmadığını və ona hər hansı xəsarət yetirmədiyini qeyd etsə də, həmin izahat həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəmə belə qənaətə gəlir ki, Şəxs Mirzəbala oğlunun bu izahatı inzibati məsuliyyətdən yaxa qurtarmaq üçün verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Mirzəbala oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları əsasında sübuta yetirilmiş və onun barəsində həmin maddənin sanksiyası həddində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin İXM-nin 30.2-ci maddəsinin tələbini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Mirzəbala oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157, 40, 43, 48, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Mirzəbala oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinsin və ona 300 (üç yüz) manat cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar