Məhkəmə qərarları › İş №3(008)-1450/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1450/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1450/2020 21.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Fəqan Rövşən oğlunun sədrliyi, Əliyev Emin Eldar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs 21 iyul 2020-ci il tarixdə törətdiyi inzibati xəta haqqında Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinin sahə inspektoru polis leytenantı Əbilzadə Seymur tərəfindən 21.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında işə məhkəmədə baxılarkən müəyyən olundu ki, Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsi 13-cü Polis Bölməsindən daxil olmuş MN ******* saylı, 21.07.2020-ci il tarixli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 21 iyul 2020-ci il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xüsusi karantin rejiminin tələblərini pozmuşdur. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, 21.07.2020-ci il tarixdə icazə almadan dostu ilə görüşmək məqsədi ilə küçəyə çıxmaqla xüsusi karantin rejimi qaydalarını pozmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan sübutlarla tam sübuta yetirilmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində MN ******* saylı, 21.07.2020ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol Şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə-fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının İnzibati qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən şəxslər yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməlidir. Məhkəmə qeyd edir ki, hazırda koronavirus infeksiyasının zəminində yaranan xüsusi şəraitdə yalnız dövlət tərəfindən keçirilən tədbirlər deyil vətəndaşlarımızın və bütün cəmiyyətin sosial məsuliyyətdən irəli gələn addımları görülən işlərə dəstəyi vacibdir. Məhkəmə inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, iş üzrə məsuliyyəti yüngülləşdirici halların olmamasını nəzərə alaraq hesab edir ki, o, İXM-nin 211.1 -ci maddəsi ilə təqsirli bilinərək barəsində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs olunsun. Həbs etmənin əvvəli 21 iyul 2020-ci il tarixdən hesablansın. Qərardan 10 gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fəqan Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar