Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1454/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Osmanlı Nurlan Azər oğlunun katibliyi, X2 Bakı şəhər İdarəsinin nümayəndəsi X4 iştirakları ilə, X3 X2 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək barəsində tərtib edilmiş X2 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-nin barəsində İXM-nin 469.2-ci maddəsi ilə məhkəmə tərəfindən qərar qəbul edilməmiş, lakin buna baxmayaraq direktor barəsində cərimə tətbiq edilmişdir. MMC-nin inzibati xəta törətməsi faktı təsdiqini tapmamış, X5 Xİdməti adı çəkilən MMC-nin vəzifəli şəxsi olaraq onu əsassız inzibati qaydada cərimələmişdir. Əgər MMC-nin məhkəmə qaydasında inzibati xəta törətmədiyi müəyyən edilərsə onun cərimə olunmğı necə olacaqdır. X5 əsassız və qanusuz cərimələr yazmaqla sahibkarlıq fəaliyyətinə maneələr törədir. Qərar qanunsuz və əsasız olduğundan ləğv edilməlidir. Məhkəmənin əvvəlki iclasında X6 şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, MMC-nin birinci növbədə barəsində inzibati xəta haqqında protokol tərtib edilməli idi, daha sonra isə vəzifəli şəxs kimi onun barəsində inzibati qərar qəbul edilməli idi. Lakin DƏM yalnız vəzifəli şəxs kimi onu inzibati məsuliyyətə cəlb etmişdir. Ona verilən suallara cavabında isə işlərin müəyyən bir qisminin həmin dövrdə sığortalanmadığını, ola bilsin ki, işçilərin çox olması ilə əlaqədar yaddan çıxıb 2-3 nəfərin qaldığını, lakin sonradan bu nöqsanın aradan qaldırıldığını bildirmiş, həmin işlə mühasibləri məşğul olduğundan buna dair sənədləri təqdim edəcəyini bildirsə də, təqdim edə bilməmişdir. X2 Bakı şəhər İdarəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, qərar qanuni olaraq yazılmışdır. Belə ki, müvafiq qurumun alt sisteminə əsasən MMC-nin işçiləri qismən sığorta etdirməsi, aktiv olan 33 əmək müqaviləsindən 28 sığortalı, 5 işçinin isə sığortasız olduğu müəyyən edilmişdir. Bunun əsasında da vəzifəli şəxs barəsində inzibati araşdırma aparılıb qərar qəbul edilmişdir. Vəzifəli şəxs barəsində inzibati xəta tərtib edilməsi, MMC barəsində protokol tərtib edilməsinə maneə deyildir. Çünki vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb etmək onların səlahiyyətindədir. Məhkəmə tərəflərin izahatlarını, şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: X2 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Nazirliyin “Təhlil” alt sisteminə baxış keçirilən zaman "xxxx" MMC-nin direktoru X6 tərəfindən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəliklər nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından sığorta edilməsi məqsədi ilə sığorta müqaviləsi bağlamadığı müəyyən edilmişdir. Bununla da X6 İXM-nin 469.2-ci maddəsi ilə 1500 manat inzibati cərimə edilmişdir; Nazirliyin “Təhlil” alt sistem məlumatlarına əsasən "xxxx" MMC-nin işçiləri qismən sığorta etdirmiş, aktiv olan 33 əmək müqaviləsindən 28 sığortalı, 5 işçinin isə sığortasız olduğu müəyyən edilmişdir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 13-cü maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur; 18.3. Hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 81-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların aşkar edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatlarından istifadə edilir. 127-4.1-ci maddəsinə əsasən, bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 469.2-ci maddəsinə əsasən “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə iclasında şikayətiçi bildirmişdir ki, MMC-nin birinci növbədə barəsində inzibati xəta haqqında protokol tərtib edilməli idi, daha sonra isə vəzifəli şəxs kimi onun barəsində inzibati qərar qəbul edilməli idi. Lakin DƏM yalnız vəzifəli şəxs kimi onu inzibati məsuliyyətə cəlb etmişdir. Ona verilən suallara cavabında isə işlərin müəyyən bir qisminin həmin dövrdə sığortalanmadığını, ola bilsin ki, işçilərin çox olması ilə əlaqədar yaddan çıxıb 2-3 nəfərin qaldığını, lakin sonradan bu nöqsanın aradan qaldırıldığını bildirmiş, həmin işlə mühasibləri məşğul olduğundan buna dair sənədləri təqdim edəcəyini bildirsə də, təqdim edə bilməmişdir. Göründüyü kimi X6 həmin dövrdə ola bilsin ki, işçilərin sayının çox olması ilə əlaqədar yaddan çıxıb qaldığını bildirmiş, lakin sonradan bu nöqsanı aradan qaldırdığını qeyd etmişdir. Ona vaxt verilməsinə baxmayaraq işlərinin tam sığorta olunması ilə bağlı sənədləri təqdim edə bilməmişdir. X1 ərizəsində daha sonra qeyd etmişdir ki, "xxxx" MMC-nin inzibati xəta törətməsi faktı təsdiqini tapmamış, yəni MMC məsuliyyətə cəlb edilməmiş, yalnız X5 Xİdməti adı çəkilən MMC-nin vəzifəli şəxsi olaraq onu əsassız inzibati qaydada cərimələmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, pozuntu halı baş vermişsə hüquqi şəxsin və ya vəzifəli şəxsin eyni anda inzibati məsuliyyəti cəlb edilməsi istisna edilmir. Vəzifəli şəxs barəsidnə inzibati araşdırma aparıb qərar qəbul etmək müvafiq olaraq X2 Bakı şəhər İdarəsinin səlahiyyətindədir. Hüquqi şəxs barəsində isə protokol tərtib edilib məhkəməyə göndərilir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair Azərbaycan Respublikası Plenumunun 28 mart 2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, beləliklə, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsinin mənasına görə, hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün həmin Məcəllənin 18.2-ci maddəsi ilə ehtiva edilən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində Məcəllənin 17-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətaya görə hər iki subyekt (hüquqi və vəzifəli şəxs) məsuliyyətə cəlb edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, X3 X2 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 X2 Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş 06 fevral 2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Teymur Həsənov
Məhkəmə qərarları › İş №3(008)-1454/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1454/2025
14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver