Məhkəmə qərarları › İş №3(008)-1486/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1486/2025

17.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1486/2025 17.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Həsənov Teymur Həsən oğlu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş 26 fevral 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04 yanvar 2025-ci il tarixdə, saat 23:00 radələrində idarə etdiyi “Opel Astra minik” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat-Maştağa yolunda hərəkətdə olarkən “VAZ 2107 minik” markalı, **-RK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə sonuncu avtomobilin sərnişini X1 yüngül bədən xəsarətləri almışdır. Bu barədə Bakı şəhər, Sabunçu Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin inspektoru A.Qənbərov tərəfindən İXP ******* saylı 26 fevral 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İş materiallarını araşdırıb hesab edirəm ki, material natamam olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə-üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Göründüyü kimi sözügedən inzibati xətanın subyektinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs olduğu göstərilsə də, iş materiallarında Şəxs nəqliyyat vasitəsini idarə etmək hüququnu təsdiq edən sənəd iş materiallarına əlavə edilməmiş və inzibati icraat aparılarkən izahatı alınmamışdır. Azərbaycan Respublikası İXM-nin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikası İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair 3 may 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə dəqiq riayət etməlidir. Məhkəmələr protokol və ya digər sənədlərin düzgün tərtib olunmadığını və ya təqdim edilmiş materialların natamam olduğunu müəyyən etdikdə “prosessual qənaət” və “işlərə ağlabatan müddətdə baxılması” prinsiplərini rəhbər tutaraq sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə qərardadla qaytarmazdan əvvəl, həmin qüsur və natamamlıqların aradan qaldırılması üçün bütün imkan və vasitələrdən istifadə etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıq aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb tamamlanması mümkün deyildir. Məhkəmə belə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında material natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və digər sənədlər Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 327.6 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar