Məhkəmə qərarları › İş №3(008)-1489/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №3(008)-1489/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(008)-1489/2025 18.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Məmmədli Samirə Məhəmməd qızı, Şəxs AR İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair təqdim olunmuş sənədlərə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: AR DİN Bakı şəhər Baş Polis İdarəsi DYP tərəfindən Şəxs AR İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bakı şəhər Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və təqdim olunmuş materallar natamam olduğundan onu tərtib edən orqana geri qaytarılmalıdır. AR İXM-nin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 338.7-ci maddəsinə əsasən bu Məcəllənin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə- yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi həmin maddə ilə məsuliyyətin yaranması üçün İXM-nin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalardan hər hansı biri törədilməli və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirilməli və ya ona maddi zərər vurulmalıdır. Lakin tərtib olunmuş inzibati xəta haqqında protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhz hansı hərəkətləri ilə İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi, yəni İXM-nin 338.4, 338.4-1 və 338.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalardan hansını törətməsi göstərilməyərək inzibati xətanın mahiyyəti qeyd edilməmişdir. Digər tərəfdən maddənin dispozisiyasında qeyd edilən nəticənin, yəni maddi zərərin vurulmasını təsdiq edən mötəbər sübut təqdim edilməmişdir. Yuxırda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər onu tərtib edən orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-ci maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs AR İXM-nin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib edən AR DİN Bakı şəhər Baş Polis İdarəsi DYP-nə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar