Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1497/2025 10.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının səlahiyyətli nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı MMC-nin barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərmişdir. 12 iyul 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Şahid1 və X5 xx.xx.2024-cü ildən bu günədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X6 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, DİN-nin “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş” informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, iş icazısi üçün müraciət edən qurum olaraq “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı qeyd olunmuşdur. Eyni zamanda şəxslərin qeyd edilən rayonlara girişinə icazə işçi olaraq alınmışdır. Bu isə həmin şəxslərin əmək müqaviləsi olmadan qeyd edilən bölgələrə işçi olaraq aparıldığını göstərir. Ona görə də hesab edir ki, “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol qanuni və əsaslı olduğundan AR İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı MMC-nin direktoru Qanuni nümayəndə1 izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər onların işçisi olmamışdır. Şirkət tərəfindən qeyd edilən şəxslər hər hansı işlərin görülməsinə cəlb olunmamışlar. İnzibati orqan sübut etməlidir ki, həmin şəxslər şirkət tərəfindən işğaldan azad olunmuş bölgələrdə işlərin görülməsinə cəlb olunmuşlar. DİN-nin informasiya sistemində “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialının icazə üçün müraciət edən qurum kimi qeyd edilməsinin konkret olaraq səbəbini bilmir. Sadəcə ehtimal edir ki, həmin ərəfədə portalda qeyd edilən bölgələrə yalnız işçi olaraq gedilməsinin qeyd edilməsi mümkün olduğundan qonaq olaraq gedən şəxslər də başqa variant olmadığından işçi kimi portalda qeydiyyatdan keçmişlər. Bundan başqa hal-hazırki inzibati xəta haqqında protokolda qeyd edilən şəxslərin filialın rəhbəri tərəfindən işğaldan azad edilmiş bölgələrdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsinə dair vəzifəli şəxs barəsində DƏMX tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilmiş və şirkətin mənafeyinə uyğun qərar qəbul edilmişdir. Həmin qərardan inzibati orqan tərəfindən apellyasiya şikayəti verilsə də birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılmışdır. Göstərilənlərə əsasən məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayarq həmin şəxslər məhkəmə iclasında iştirak etməmişlər. Onlarla telefon vasitəsilə əlaqə saxlanıldıqda isə, qeyd edilən şirkəti tanımadıqlarından, o, şirkətlə heç bir əlaqələri olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəklərini qeyd etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 12 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şahid1 və X5 xx.xx.2024-cü ildən bu günədək AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilmişlər. Bununla da “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı AR İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 53.1.1-53.1.2-ci maddələrinə əsasən inzibati xəta hadisəsi və ya inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş sənədləri və iş materiallarında olan digər sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, qeyd olunan maddənin dispozisiyasından göründüyü kimi əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb etməyə görə, hüquqi şəxslərin, vəzifəli şəxslərin və fiziki şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi nəzərdə tutulmuşdur. Məhkəmə iclasında Şahid1, X2 inzibati xəta haqqında protokolda qeyd edilən tarixlərədə işğaldan azad olunmuş rayonlara gedilərək orada hüquqi şəxsin filialı tərəfindən hər hansı işlərin görülməsinə cəlb edilmələri müəyyən edilməmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən bunu təsdiq edən kifayət qədər mötəbər sübut təqdim edilməmişdir. İnzibati xəta haqqında protokolda qeyd edilən Şahid1, X5 məhkəməyə gəlməmiş, telefon vasitəsilə əlaqə saxlanıldıqda isə elə bir şirkət tanımadıqlarını, o, şirkətlə əlaqələri olmadığı halda məhkəməyə gəlməyə ehtiyac duymadıqılarını bildirmişlər. Qeyd edilən şəxslərin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər işğladan azad olunmuş bölgələrdə əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb olunmasını təsdiq edən kifayət qədər sübut olmadığı halda barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi təqsirsizlik prezumpsiyasının tələblərinə zidd olmaqla qanunsuzdur. İnzibati xəta haqqında protokolda adları qeyd edilən şəxslər üçün icazələrin istənilməsi, özü-özlüyündə həmin şəxslərin işğaldan azad olunmuş bölgələrə faktiki olaraq gedilməsi, orada hüquqi şəxs tərəfindən əməyə cəlb edilməsi barədə birmənalı və konkret nəticəyə gəlməyə imkan vermir. İcazənin istənilməsi faktı şəxsin inzibati xətanı törətməsi barədə nəticəyə gəlinməsi üçün kifayət deyil. İnzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən həmin şəxslərin həqiqətən həmin bölgələrə gedib-getməməsi, gedilmişdirsə məhz hansı bölgəyə hansı tarixdə getməsi, hansı müddətdə, hansı işlərin görülməsinə cəlb olunması, onlara əmək haqqının verilib-verilmənəsi müəyyən olunmalı idi. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddə ilə hüquqi şəxsi inzibati məsuliyyətə cəlb etmək üçün mütləq qaydada onun tərəfindən fiziki şəxslərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmalıdır. Bunu sübut etmək vəzifəsi isə nə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, nə də məhkəmənin üzərinə düşür. Məhkəmə ehtimallar əsasında qərar qəbul edə bilməz. Əgər bu ehtimalları aradan qaldıracaq kifayət qədər mötəbər sübutlar təqdim olunmayıbsa, məhkəmə bütün şübhələri inzibati məsuliyyətə cəlb olunan şəxsin xeyrinə həll edərək qərar qəbul etməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: “Makro 2000 X1 Taahhüt İç və Dış Ticarət Anomin Şirkəti”nin Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1497/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1497/2025
10.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver