Məhkəmə qərarları › İş №3(008)-1508/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1508/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1508/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 16 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(060)-5239/2022 saylı icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X9 qızından 3300 manat məbləğində borc, illik 5%, 165 manat hesablanmaqla 02 il üçün 330 manat əldən çıxmış fayda, cəmi 3630 manat və ödənilmiş dövlət rüsumuna görə 53 manat məbləğində pulun alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Lakin cavabdeh Şəxs məhkəmə qətnaməsinin icrasından üzürsüz səbəbdən yayınaraq icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. Bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əmək haqqının 70% hissəsinin birinci nikahından olan uşaqları üçün tutulduğunu, özünə qalan məbləğin az olması səbəbi ilə həmin məbləğdən hazırki icra vərəqəsi üzrə tutulmaların aparıla bilmədiyini, bir neçə gündür ki, hazırki icra vərəqəsi üzrə tutulmaların digər borclu və Şəxs arvadı X4 əmək haqqında yönəldildiyini, borclu şikayət etdiyindən Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilərək məhkəməyə təqdim edildiyini göstərmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, məhkəmə qətnaməsinin icrasından yayınmır. Özü fəhlə kimi işləyir və rəsmi əmək haqqı alır. Onun əmək haqqının 70% hissəsi birinci nikahdan olan uşaqlarına görə aliment kimi tutulur və özünə əmək haqqından qalan 30% məbləğ özünü və ailəsini dolandırmağa belə yetmir. O və onun ikinci arvadı X9 qızı Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(060)-5239/2022 saylı icra vərəqəsinin icrasından yayınmırlar. Artıq bir neçə gündür ki, həmin icra vərəqəsinin icrası üçün tutulmalar onun arvadı və eyni zamanda digər borclu X4 əmək haqqına yönəldilmişdir. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(060)-5239/2022 saylı icra sənədindən görünür ki, cavabdehlər Şəxs və X9 qızından 3300 manat məbləğində borc, illik 5%, 165 manat hesablanmaqla 02 il üçün 330 manat əldən çıxmış fayda, cəmi 3630 manat və ödənilmiş dövlət rüsumuna görə 53 manat məbləğində pulun alınaraq iddiaçı X5 ödənilməsi qət edilmişdir. “İcraata başlama haqqında” 10 noyabr 2022-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(060)-5239/2022 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmış, qərar və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən rəsmi qaydada 15 noyabr 2022-ci il tarixdə qəbul edilmişdir. Şəxs iş materiallarında olan 15 fevral 2023-cü il və 16 mart 2023-cü il tarixli izahatlarından görünür ki, o, həmin izahatında aliment ödədiyindən borc məbləğini tam ödəyə bilmədiyini göstərmişdir. 15 fevral 2023-cü il xəbərdarlıqdan görünür ki, Şəxs məhkəmə qətnaməsinin icrasını təmin etmədiyi halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Bakı şəhəri Sabunçu rfayo icra şöbəsi tərəfindən verilmiş 20 mart 2023-cü il tarixli, 67944 saylı sənəddən görünür ki, Şəxs hər ay əmək haqqının 70% hissəsi tutularaq tələbkar X3 xeyrinə ödənilməsi üçün müvafiq sənəd Şəxs iş yerinə göndərilmişdir. Sumqayıt şəhəri üzrə icra idarəsi tərəfindən verilmiş 532 saylı, 18 yanvar 2023-cü il tarixli sənəddən görünür ki, X5 ödənilməli olan borc X4 əmək haqqının 50% hissəsinin tutulması üçün onun iş yerinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin və icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs həqiqətən də aliment ödəməsi, əmək haqqının 70 faizinin hər ay həmin iş üzrə tələbkara ödənilməsi öz təsdiqini tapmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 65.3-cü maddəsinə əsasən Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Göründüyü kimi, Şəxs fəhlə kimi işləyərək aldığı az məbləğdə əmək haqqının qanunla yol verilən yuxarı həddi, yəni 70% hissəsi məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimet məbləğinin ödənilməsi üçün tutulduğundan, onun əlavə qazanc və ya gəlir yeri olmadığından o, hazırki icra vərəqəsi üzrə müəyyən edilmiş borcu bu günədək ödəyə bilməmişdir ki, belə olan halda şəxsin üzürsüz səbəbdən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsindən söhbət gedə bilməz. Bununla yanaşı məhkəmə iclasında müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 25 avqust 2022-ci il tarixli, 2(060)-5239/2022 saylı icra vərəqəsinin təmin edilməsi və zərərçəkmiş şəxsə borc məbləğinin ödənilməsi məqsədi ilə tutulmalar onun arvadı və eyni zamanda digər borclu X4 əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 500.1-ci maddəsinə əsasən əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 503-cü maddəsinə əsasən borclulardan birinin öhdəliyi tam icra etməsi qalan borcluları icradan azad edir. Borclunun kreditor qarşısında həyata keçirdiyi əvəzləşdirmə barəsində də eyni qayda qüvvədə olur. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Şəxs və onun arvadı olan digər borclu X9 qızı birgə borclu olduqlarından və borcun icrasının Şəxs əmək haqqı hesabına icrası mümkün olmadığından (həmin məbləğinin 70% hissəsinin alimentə görə tutulması) hazırki icra vərəqəsinin icrası üçün tutulmaların onun arvadı olan digər borclunun əmək haqqına yönəldilməsi özü də borcun ödənilməsi istiqamətində mümkün bütün tədbirlərin görülməsinə dəlalət edir. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs yuxraıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar