Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1518/2025 23.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X1 iştirakları ilə, xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşgul olan, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 23 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsində nalayiq ifadələr işlətdiyinə görə xırda xuliqanlıq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 23 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsində polis əməkdaşlarına tabesizlik etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin polis sahə inspektoru, polis kapitanı X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrinin tələblərinin pozulduğunu və barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, restoranda işləmişdir. xx.xx.2025-ci il tarixdə təxminən saat 02:00 radələrində işdən çıxıb evə gedən zaman telefonla bir nəfər şəxslə yüksək səslə kobud şəkildə danışmışdır. Həmin vaxt ətrafda heç kim olmamışdır. O, ünvansız küçə söyüşləri söyməmişdir. Polis əməkdaşları küçədə telefonla yüksək səslə danışdığı üçün ona yaxınlaşıb sənədini istəmişlər. Onun üzərində sənədi olmadığından onu polis bölməsinə dəvət etmişlər. O da heç bir etiraz etmədən bölməyə getməyə razılıq vermişdir. Polis əməkdaşlarına qarşı heç bir tabesizlik göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 23 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsində nalayiq ifadələr işlətdiyinə görə xırda xuliqanlıq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsindən daxil olmuş 23 mart 2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2025-ci il tarixdə Maştağa qəsəbəsində polis əməkdaşlarına tabesizlik etmişdir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2025-ci il tarixli AZA 018087 nömrəli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materiallarında Şəxs tərəfindən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Məhkəmə iclasında vermiş olduğu izahatında Şəxs polisə qarşı heç bir tabesizlik göstərmədiyini bildirmişdir. Məhkəmə iclasında şahidlərin iştirakı təmin edilməmiş, polis əməkdaşına qarşı tabesizliyin göstərildiyi qeyd edilsə də həmin anı özündə əks etdirən video görüntülər və ya bunu təsdiq edən hər hansı digər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə Şəxs AR İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olması sübuta yetirilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində ona istinad olunan digər inzibati xətanın, yəni İXM-nin 510-cu maddəsinin tərkib əlamətlərinin mövcudluğu da öz təsdiqini tapmamışdır. Belə ki, xuliqanlığın əsas əlaməti ictimai qaydanın pozulmasında, digər insanların narahatçılığına səbəb olunacaq hərəkətlərə yol verilməsində ifadə olunur. Lakin işin faktiki hallarından belə məlum olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs yalnız telefonla kiminləsə yüksək səslə danışmış, lakin bunun ictimai qaydanın pozulmasına səbəb olmasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Bunu inzibati xəta haqqında protokolu tərtib edən şəxs etməlidir. Lakin hazırki iş üzrə inzibati xəta haqqında protokol tərtib edən orqan tərəfindən inzibati xətanın mövcudluğunu təsdiq edən heç bir mötəbər sübut təqdim edilməmişdir. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollar isə şəxsi inzibati xətanı törətməkdə ittiham edən orqan tərəfindən tərtib edilən ittiham yönümlü sənəd olmaqla yalnız inzibati xəta haqqında iş üzrə icraatın başlanması faktını təsdiq edir. Yəni, qeyd edilən protokol inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar olmadan şəxsin inzibati xətanı törətməsi barədə yekun nəticəyə gəlməyə imkan vermir. Göstərilənlərə əsasən, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və o, dərhal məhkəmə iclas zalından azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli
Məhkəmə qərarları › İş №3(008)-1518/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1518/2025
23.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver