Məhkəmə qərarları › İş №3(008)-1527/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1527/2025

29.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1527/2025 29.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonu, Axtaçı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Sabirabad rayonu, Güdəcühür Ə/D, Axtaçı Muğan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş MN ******* və MN ******* nömrəli 29 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsində saat 02:00 radələrində ictimai asayişi pozaraq ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələblərini qəsdən pozaraq güc tətbiq etməyə cəhd etmiş, Polis Şöbəsinə gəlməyə və avtopatrula minməkdən imtina edərək polisə tabesizlik göstərmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin sahə inspektoru X3 inzibati xəta haqqında protokolların məzmununa uyğun izahat verərək bildirmişdir ki, vətəndaş xx.xx.2025-ci il tarixdə avtoqəza keçirərkən polis əməkdaşları ona yaxınlaşmışdır. Şəxs polisə müqavimət göstərmiş, avtomobilə minməkdən imtina etmiş, polis şöbəsinə gəlməkdən imtina etməklə polisin tələblərindən qəsdən yayınmış və nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında dostunun idarə etdiyi avtomobildə qəzaya düşmüşdür. Maşın çevrilmiş, şok və anlaqsız vəziyyətdə maşından çıxarılmışdır. Təqribən iki-üç dəqiqə sonra polis əməkdaşları hadisə yerinə gəlmişdir. Gələn zaman mülki geyimdə olan inspektor özünü təqdim etmədən üzərinə gəlmiş və onun kəmərindən tutmaqla onu zorla maşına mindirməyə çalışmışdır. İnspektor bilmirdi ki, o, qəzada iştirak edən zərərçəkəndir, qəzaya baxan və ya müdaxilə edən şəxs deyildir. Hadisəni də danışmağa imkanı olmamış, ona qarşı əsəbi danışdıqları üçün o da əsəbləşmişdir. Maşının sürücüsünü deyil başqa adamı aparan zaman polisə düzgün etmədiyini bildirmişdir. Polis də ona əsəbi şəkildə get işinlə məşğul ol deyə cavab vermişdir. İctimai qaydanı pozan hərəkət etməmişdir. Qəzadan qorxduğu ucun əsəbi olmuşdur. Polislər ona su verib kömək etməkdən tam əksini edərək zorla maşına mindirmişlər. Digər vətəndaşlar qəzaya baxmağa görə gəlmişdi. Polis gəldikdən sona hamını uzaqlaşdırmışdı. Polisə tabesizlik etməmiş, sadəcə kəmərindən tutduğu üçün paltarı pis vəziyyətə düşmüşdü. Özü də, aprel döyuşlərində iştirak etmiş biri kimi nizamintizamı yaxşı başa düşür. Sadəcə sürət nəticəsində qəza baş vermiş və qorxuya düşmüşdü. Təhqiredici ifadələr işlətməmişdir. Odur ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə özünü təqsirli bilməyərək protokollarda göstərilən inzibati xətaları törətməmişdir. Məhkəmə iclasında iştirak edən şahid Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin Dövlət yol polisi şöbəsinin inspektoru X2 izahatında bildirmişdir ki, hadisə yerinə gələn zaman maşın sahibi stress altında idi, digər şəxs isə özünü ayıq sürücü kimi təqdim etmişdir. Hər iki şəxsi tibbi müayinədən keçməsi üçün mərkəzə aparmaq istəyəndə Şəxs qışqıra-qışqıra müdaxilə etməyə başlamışdır. Hadisə yaşayış binasının qarşısında baş verdiyindən vətəndaşlar səs-küydən narahat olmasın deyə məcburiyyətdən onu şöbəyə aparmaq istəmişdir. Vətədaşın həmin qəzanın iştirakçısı olduğunu bilməmişdir. Kənardan müdaxilə edən şəxs sanmışdır. Hadisə yerinə işdən evə qayıdarkən getmişdir, xidməti formada olsa da, üst geyimi özünə məxsus olmuşdur. Yəni mülki geyimdə deyildi. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsindən daxil olmuş MN ******* və MN ******* nömrəli 29 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokollarda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bakıxanov qəsəbəsində saat 02:00 radələrində ictimai asayişi pozaraq ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, polisin qanuni tələblərini qəsdən pozaraq güc tətbiq etməyə cəhd etmiş, Polis Şöbəsinə gəlməyə və avtopatrula minməkdən imtina edərək polisə tabesizlik göstərmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 016999 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:30 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 1/2989 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1. Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyaya qarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır. Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması və xırda xuliqanlıq törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən şahid ifadələri, hadisəni özündə əks etdirən videogörüntü və digər mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolların məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokollar sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar (polisdən savayı) şahid ifadələri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs təqsiri AR İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələr ilə təqsiri sübuta yetirilmədiyindən xitam verilməli və o, dərhal məhkəmə iclas zalında azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar