Məhkəmə qərarları › İş №3(008)-1528/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1528/2025

30.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1528/2025 30.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru X1 və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, evli, Gədəbəy rayonu, Şınıx kəndində qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 6-cı mədən küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-dən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 102 xidmətinə zəng edərək operatorları təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin polis sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs 07 martda 102 xidmətinə iki dəfə 22:57-də və saat 23:00-da zəng edərək təhqir etmişdir. Amma vətəndaş tez-tez rayona gedib-gəldiyi üçün 29 mart 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmış və tutma protokolunda da həmin vaxt qeyd edilmişdir. 102 xidmətindən şəxs barədə 12-ci Polis Şöbəsinə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, avtomobil təmirçisidir, təmir edən zaman saat 8 və ya 9-un yarısı olardı ki benzin almağa getmiş, daha sonra siqaret almaq üçün marketə getmişdir. Qara geyimdə olan və qara papaqlı 2 oğlanın arxasınca gəldiyini görmüşdür. Telefonu bu zaman səssizdə olmuşdur. Onlar siqaret istədilər, o, da siqaretinin olmadığını və siqaret almaq üçün getdiyini, onlar üçün də siqaret ala biləcəyini bildirmişdir. Daha sonra onlar siqaret almaları üçün pul verməyini istəmişlər. O, da 6 manat 40 qəpik vermiş və özündə 180 manat pulu qalmışdı. Bu zaman biri ona təpik vurmuş və yıxılmış, bu zaman aldığı zədədən dişi düşmüşdür. Cibində olan bütün pulunu, 186 manat 40 qəpiyini götürmüşlər. Üzü qanın içində olduğu üçün 102 xidmətinə zəng vurmuş, qan axa-axa və telefonda operatorla danışaraq yolla getməyə başlamışdır. Yaralı olduğunu demiş, amma nə qədər gözləsə də, onlardan bir xəbər çıxmamış, o da əsəbiləşib operatoru təhqir etmişdir. Operator 12-ci polis bölməsinə məlumat verdiyini və polislərin gələcəyini demişdi, amma heç kəs gəlmədi. Daha sonra həmin yaralı vəziyyətdə evə getmiş, polisə heç bir müraciət etməmişdir. Bu hadisədən sonra 10 gün evdə xəstə yatmışdır. Daha sonra qaynıyla müalicə üçün Gədəbəy rayonuna getmiş, çünki qabırğası sınmışdır. Ailəlidir və 3 övladı var. Özünü təqsirli bilir, törətdiyi əməldən peşmandır, onun barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə araşdırması zamanı Şəxs istinad olunan inzibati xətanın törədilməsində təqsiri iş materiallarında olan səs yazıları və özünün etirafedici izahatı ilə tam sübuta yetirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-dən daxil olmuş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 102 xidmətinə zəng edərək operatorları təhqir etmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd diskdə olan səs yazılarından müəyyən olunur ki, Şəxs 102 xidmətinə zəng edərək operatorları təhqir etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AZA 001056 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, 13:00 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin və barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını dinləyib hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini, peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun barəsində məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə iclası zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 30.1. İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və iş üzrə digər halları nəzərə alaraq ona Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sankisiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 5 (beş) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar