Məhkəmə qərarları › İş №3(008)-1529/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1529/2025

30.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1529/2025 30.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Mamedova Ləman Rizvan qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin sahə inspektoru X2, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş MN ******* və ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 01:50 radələrində Sabunçu rayonu, Ramanı qəsəbəsi D.Bünyadzadə küçəsində əl-qol hərəkətləri ilə yayınmağa çalışmış və qaçmağa cəhd göstərmiş, 15-20 dəqiqə ərzində polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, xx.xx.2025-ci il tarixli AR Respublika Narkoloji Mərkəzin 1752 nömrəli rəyinə əsasən aparılmış narkoloji tibbi yoxlama zamanı THC(+), yəni narkotik vasitə marixuana istifadə etdiyi aşkar edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci PŞ-nin sahə inspektoru X2 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saatlarında bıçaqlanma hadisəsi baş verdiyi üçün Şəxs yaxınlamış hadisə ilə bağlı izahat verilməsi tələb edildiyini ona bildirmiş, o isə əl-qol hərəkətləri etmiş, cibindən lezva çıxartmış və özünə xəsarət yetirmişdir. Beş-altı dostdurlar ki, Ramana qəsəbəsində qanunsuz hərəkətlər törədirlər. Bütün hadisələr bu beş-altı nəfər tərəfindən törədilir. Təhqiqat materialına əlavə etmək üçün Nihad dindirilməliydi. Lakin saxlanılan zaman özünə xəsarət yetirdiyi üçün şöbəyə gətirilmiş, ilkin tibbi yardım edilmiş, özü narkotik istifadə etdiyini bildirdiyi üçün müayinədən keçirilmiş və rəy əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə gecə saat 01:00 radələrində polis əməkdaşları ona mülki geyimdə yaxınlaşmış, maşına oturmağını istəmiş və dostunun yerini bilib-bilmədiyini soruşmuşlar. O əvvəl tabe olmamış, sonradan maşına əyləşmiş, dostunun yerini bilmədiyini söyləmiş, qayıdanda isə digər polis əməkdaşı avtomobili bölməyə sürməyini demiş, bundan qorxduğu üçün lezva ilə özünə xəsarət yetirmişdir. Avtomobildən enmiş, yenidən minmək istəməmiş, qaçmağa cəhd etmişdir. Polisin ona nəsə etməməsi üçün bunu etmişdir. Polisin qanuni tələbinə tabe olmamış, kömək istəyərək qışqırmışdır. Narkotik vasitə marixuana istifadə etmişdir. Məhkəmə iclasında iştirak edən şahid kimi ifadə verən Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi cinayət axtarışı üzrə əməliyyat müvəkkili X1 izahatında bildirmişdir ki, Nihad dindirilməsi üçün şöbəyə aparılacaqdı, birinci dəfə müqavimət göstərmədən avtomobilə otursa da, sonra su içmək istəmişdir. Su almaq üçün avtomobili saxlayan zaman Nihad özünə lezva ilə xəsarət yetirmiş, sonra qaçmağa cəhd etmişdir. Qaçmaq istədiyi üçün qoluna qandal vurub fiziki güc tətbiq edilərək şöbəyə gətirilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsindən daxil olmuş MN ******* və ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokollar və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə təxminən saat 01:50 radələrində Sabunçu rayonu, Ramanı qəsəbəsi D.Bünyadzadə küçəsində əl-qol hərəkətləri ilə yayınmağa çalışmış və qaçmağa cəhd göstərmiş, 15-20 dəqiqə ərzində polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərmiş, xx.xx.2025-ci il tarixli AR Respublika Narkoloji Mərkəzin 1752 nömrəli rəyinə əsasən aparılmış narkoloji tibbi yoxlama zamanı THC(+), yəni narkotik vasitə marixuana istifadə etdiyi aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs polisdə verdiyi izahatından görünür ki, polisin qanuni tələblərinə tabesizlik görtərmiş, qaçmağa cəhd etmişdir. Onu da qeyd edir ki, narkotik vasitə olan marixuana istifadə etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 018178 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:50 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 1752 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Şəxs sidiyində THC(+) aşkar edilmişdir. Kannabinoidlərdən istifadə etmə halları olmuşdur. Onda narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji tibb müəsissəsində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, inzibati xəta haqqında materialları araşdırıb, inzibati protokolu tərtib etmiş şəxsin, barəsində inzibati protokol tərtib edilmiş şəxsin izahatlarını, şahid ifadələrini dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokol və işin digər materiallarının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə araşdırması zamanı iş materialları ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. 34.1. Bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. 34.2. Şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, Şəxs əməlini səmimi etiraf etməsini və peşman olmasını, şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini və digər halları nəzərə alaraq ona daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 manat məbləğində cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Hakim: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar