Məhkəmə qərarları › İş №3(008)-1535/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1535/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1535/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, taksi fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanınnda qeydiyyatda olan, ünvan 2a yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Bakı şəhər Sabunçu Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu RPİ DYPŞ tərəfindən tərtib edilmiş 11 mart 2025-ci il tarixli, AP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakıxanov qəsəbəsində, Sülh küçəsində hərəkət edərkən, manevr qaydasını pozub, yolu sağdan sola tərəfindən piyada zolağı ilə keçən piyada Zərərçəkmiş şəxs2 vurmuşdur. Nəticədə sonuncu yüngül bədən xəsarəti almışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 13:15 radələrində idarə etdiyi “Toyota Aqua” markalı, **-RU-*** d.q.n-lı avtomobil ilə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov küçəsi ilə üzü icra hakimiyyəti istiqamətində hərəkət edib, Sülh küçəsinin kəsişməsində yolun sol hissəsinə doğru təxminən 20-30 km saat sürətlə dönüş edərək hərəkətinə davam etmişdir. Həmin vaxt qarşısında sol tərəfdən “Mercedes” markalı avtomobil piyada zolağına görə dayanmasını görərək o, da tam dayanmışdır. Dayanarkən həmin piyadaların keçməsini təsəvvür edib, hərəkətə təxminən 5-10 km saat sürətlə başlayarkən anidən avtomobilin ön hissəsi ilə yolu keçən iki nəfər qadını vurmuşdur. Həmin iki nəfər piyadalar zərbədən avtomobilin qarşısına yıxılmışlar. O, avtomobildən düşüb onlara yaxınlaşaraq köməklik etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Əməlindən peşmandır. Əvvəllər nə cinayət, nə inzibati məsuliyyətə cəlb edilməmişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram vuraraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs barəsində heç bir şikayətinin olmadığını bildirmiş, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib etmiş orqana məlumat verilsə də məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bununla da məhkəmə protokolu tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X1” Publik Hüquqi şəxsi Sabunçu Rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 268 saylı ekspert rəyinin surətindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 ağrı simptomu və qismən hərəkət məhdudluğu ilə müşayiət olunan sağ aşıq-baldır oynağı-baldır nahiyəsinin hematoması müəyyən edilmişdir. Xəsarətlər bərk-küt əşya (əşyalar) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə və şəraitdə, yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Sabunçu Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş xx.xx.2025-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarın surətindən görünür ki, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alması əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbir görülməsi məqsədilə toplanmış materialın Sabunçu RPİ-nin DYPŞ vasitəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır; AE 445741 saylı, xx.xx.2019-cü il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, Şəxs xx.xx.2029-cu il tarixədək qüvvədə olan BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair verilmiş xx.xx.2025-ci il tarixli etibarnamədən görünür ki, X2 tərəfindən qeyd edilən tarixdə Şəxs “Toyota Aqua” markalı, **-RU-*** d.q.n-lı avtomobili 1 il 7 ay 24 gün müddətinə idarə edilməsinə dair etibarnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, habelə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AR İXM-nin 327.8-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar