Məhkəmə qərarları › İş №3(008)-1572/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1572/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1572/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, X5 iclas katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən orqanın nümayəndəsi, polis sahə inspektoru, polis kapitanı X4 , Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1977-ci ildə Lerik rayonu Laman kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ortaixtisas təhsilli, Lerik rayonu Laman kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, ferma yolunda fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixli, MN ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollara əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində uca səslə nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmiş, bundan başqa, polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində Bilgəh qəsəbəsi ərazisində əmisi oğlu X2 olduğu üçün Natiq Şahbazovla mübahisə edərək söyüş söymüş, o da sərxoş olduğundan mübahisəyə qarışıb yüksək səslə nalayiq söyüşlər istifadə etmişdir. Sonradan polis əməkdaşı ona yaxınlaşaraq polis bölməsinə dəvət etmişlər, o da heç bir etiraz etməyərək onlarla bölməyə getmişdir. Beləliklə o, törətdiyi əməldən peşman olduğunu bildirmiş və bir daha belə halların təkrarlanmayacağına söz vermişdir. Protokol tərtib etmiş Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin nümayəndəsi polis sahə inspektoru, polis kapitanı X7 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsində yüksək səslə nalayiq söyüşlər istifadə etmiş və polis əməkdaşlarına tabe olmamışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş 27 mart 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində uca səslə nalayiq küçə söyüşləri söyərək xırda xuliqanlıq etmişdir. Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən daxil olmuş 27 mart 2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 00:05 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi ünvanında polis əməkdaşları vətəndaşı polis bölməsinə dəvət edərkən polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir; İnzibati qaydada tutma haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs 26 mart 2023-cü il tarixdə saat 00:15-də tutulmuşdur. xx.xx.2023-cü il tarixli raportdan görünür ki, 25 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Bilgəh qəsəbəsi, bağlar massivində yaşayan vətəndaş X8 DİN-nin 102 xidmətinə məlumat verərək Bəxtiyar və Cəmil adlı şəxslərin küçədə sərxoş vəziyyətdə onunla mübahisə edərək nalayiq ifadələrlə söyüb təhqir etdiklərini bildirmişdir. Daxil olmuş məlumatla əlaqədar PB-nin əməliyyat qrupu hadisə yerinə getmiş və əməliyyat qrupu qeyd olunan ünvanda olan zaman vətəndaş Şəxs və X1 olduğu müəyyən edilmişdir. Əməliyyat qrupu hadisə yerində olmasına baxmayaraq həmin şəxslər yenə də öz qeyri etik davranışlarını davam etdirərək uca səs tonu ilə nalayiq ifadələr işlədərək kənar şəxsləri özlərinə cəlb etməyə çalışmışlar. Həmin vətəndaşlara dəfələrlə sakitçiliyə və etik davranış qaydalarına riayət etmələri izah edilsə də onlar yenədə polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmiş və Azərbaycan qanunlarını heçə saydıqlarını ictimaiyyət içərisində uca səs tonu ilə nümayişkar şəkildə və aqressiv hərəkətlərini davam etdirərək öz əməllərindən əl çəkmədən qəsdən tabesizlik göstərmişlər. Bundan sonra həmin şəxs saxlanılaraq 14-cü PB-nə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokolu, inzibati xəta törətmiş şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 26 mart 2023-cü il tarixdə saat 00:05 radələrində Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində ictimai qaydanı pozaraq xırda xuliqanlıq etmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsində nəzərdə tutulmuş polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Əməlindən səmimi peşman olması İXM-nin 32.1.1-ci maddəsinə əsasən Şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməli, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata Azərbaycan Respublikası İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinin tələbinə uyğun olaraq inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan hesablanır Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 26 mart 2023-cü il tarixdən saat 00:15-də protokol tərtib etmək üçün Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə gətirilmişdir. Məhkəmə hesab edir ki, Şəxs həbs etməsinin əvvəli protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, yəni «26» mart 2023-cü il tarixdən saat 00:15-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4 (dörd) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 26 mart 2023-cü il tarixdən saat 00:15-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan inzibati həbs olunanların saxlanılması məntəqəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar