Məhkəmə qərarları › İş №3(008)-1586/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1586/2024

26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1586/2024 26.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Rəcəbova Elnurə Hüseyn qızının sədrliyi, Şirinova Nuray ilqar qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 26 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2292/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən X2 nəvələri ilə hər həftənin şənbə günü görüş müəyyən edilmişdir. Görüş zamanı uşaqlar görüşdən imtina etmişdirlər. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icra məmuru X1 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, zərərşəkmiş şəxsin tələbi əsasında protokol tərtib edilmiş, uşaqları Şəxs görüşə gətirsə də uşaqlar görüşdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2292/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü onunla ilə hər həftənin şənbə günü saat 11:00-dan sat 16:00-dək sərbəst şəkildə görüş hüququ müəyyən edilmişdir. Lakin görüş zamanı uşaqlar görüşdən imtina etmişdir. Şəxs narazılığı olmadığını, o, ikinci dəfə ailə qurduqdan sonra həyat yoldaşının onun nəvələri ilə görüşünə maneə yaratdığını qeyd etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2292/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan sat 16:00-dək sərbəst şəkildə görüş hüququ müəyyən edilmişdir. Lakin uşaqlar X4 ilə görüşdən imtina etmişdirlər. Bunda onun heç bir təqsiri olmamışdır, deyilən vaxtda uşaqları görüş üçün gətirsə də, uşaqlar özləri istəmədiyindən görüşdən imtina etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2292/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan sat 16:00-dək X5 ilə sərbəst şəkildə görüş hüququ müəyyən edilmişdir. icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, həmin qərar əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, 2(008)-2292/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasəni icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Şəxs uşaqların nənələri ilə görüşməsi üçün gətirsə də uşaqlar görüşməkdən imtina etmişdir. Bu hal zərərçəkmiş şəxs və icra məmurunun izahatları ilə də öz təsdiqini tapmışdır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxsnun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elnurə Rəcəbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar