Məhkəmə qərarları › İş №3(008)-1590/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1590/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1590/2025 02.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Teymur Həsən oğlunun sədrliyi, Səfərova Aytən Rauf qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs X1 iştirakları ilə, xx xxxxxxxx 1989-cu il tarixdə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, İSMD-32-də qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 02 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-884/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 15 noyabr 2021-ci il tarixdən hesablanmaqla iki uşağın yetkinlik yaşına çatanadək saxlanmaları hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat aliment tutularaq X1 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt yığılmış 10850 (on min səkkiz yüz əlli) manat aliment borcunun ödənilməməsi ilə təsdiq edilir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X6 izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt yığılmış 10850 (on min səkkiz yüz əlli) manat aliment borcunun ödənilməməsi ilə təsdiq edilir. Bu səbəbdən də inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib etdiyi protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, aliment borcunu ödəməkdən yayınmır, aliment miqdarın hamısını tam şəkildə ödəyə bilmir, icra vərəqəsi barədə xəbərdar və icra sənədi üzrə tələbi tam şəkildə icra etməməyinin səbəbi kimi işsiz və 3-cü qrup əlil olduğundan iş fəaliyyətini itirdiyini göstərmişdir. Hər ay tam olmasa da mütəmadi ödənişlər edir. İcra sənədinin icrasından üzürsüz səbəbdən yayınmır, qalan məbləği isə yaxın günlərdə ödəniş edərək tamamlayacaqdır. Özü 3-cü qrup əlildir hər ay 150 manat pensiya alır. Belə ki, onun hər ay aldığı 150 manat pensiya(sosial ödənişin) ödənişinin 105 manatı aliment borcuna ödənilir. Buna dair qəbzlər və sənədlər iş materiallarında mövcuddur. Əlavə olaraq məhkəmə iclasında 500 manat ödəyərək, qəbzlərini təqdim edir. Bundan əlavə tələbkarla razılaşmışdır ki, hər ay əlavə ödənişlər edəcəkdir. Məhkəmə iclasında tələbkar X9 öz izahatında göstərmişdir ki, hər ay 100-105 manat arası ödənişlər edir, lakin qalıq məbləğ yığılıb qalmaqdadır. Hazır borclu tərəfindən ona 500 manat ödənilməsini təsdiq edir. Borclu ilə aralarında hər ay pensiyadan tutulan 105 manatdan başqa əlavə ödənişlə bağlı razılaşma olduğunu bildirir. Hazırki dövrdə nəzərə alınmasını xahiş edir. Borclu 3-cü qrup əlil olsa da, əvvəllər ailəsinə yaxşı baxmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 2(008)-884/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2021-ci il tarixdən hesablanmaqla, xx.xx.2016-cı il təvəllüdlü X7 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanılmış və borcluya icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixdə “tələbin künüllü icrası haqqında” borcluya bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixdə xəbərdarlıq məktubu borclu Şəxs tərəfindən qəbul edilmişdir. Protokola əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiaysında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şəxs İİİ qrup əlildir, əmək qabiliyyətsizdir. Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 02 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər tələbkar X2 416973***7351 saylı "xxxx" ASC-nin hesabına 5320 manat köçürülmüşdür. Sistem üzərindən çıxarışdan görünür ki, Şəxs 3-cü qrup əlilliyə görə 150 manat pensiya alır. Təqdim edilmiş qəbzlərin surətindən görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs tərəfindən Mehparə Pirverdiyevaya 400 və 100 manat ödənişlər köçürülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcədə inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə, ödəniş qəbzləri Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini ödəməkdən qərəzli olaraq üzürsüz səbəbdən yayınması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin ödəniş kartı üzrə çıxarışından görünür ki, Şəxs tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə qədər tələbkar X2 416973***7351 saylı "xxxx" ASC-nin hesabına 5320 manat köçürmüş, məhkəmə iclasında 500 manat ödəniş etmiş və bununla üzrsüz səbəbdən məhkəmə qətnaməsini icra etmədiyini nümayiş etdirmişdir. İş materiallarından görünür ki, Şəxs 3-cü qrup əlilliyə görə 150 manat pensiya alır. Bundan əlavə tələbkarla razılıq əsasında aylıq pensiyadan tutulan məbləğdən başqa əlavə ödənişlər edilməsi barədə razılığa gəlmişlər. Məhkəmə icra sənədi üzrə icraatın xx.xx.2022-ci il tarixdə başlamasını, icra sənədi üzrə yığılmış aliment borcunun alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən hesablanmasından irəli gəlməsini, xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixə olan müddətlərdə 5320 manat və məhkəmə iclasında 500 manat ödəniş etməsini, tələbkarla aylıq ödənişlər barədə razılığa gəlməsini nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsini üzürsüz səbəbdən icra etməməsi müəyyən olunmamışdır. Yuxanda sadalanan qanunun tələbləri və işin halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edan icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar