Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1593/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X5 İmanovanın sədrliyi, Səbinə Şair qızı Ramazanovanın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin polis sahə inspektoru, polis kapitanı X2 iştirakları ilə, 25 avqust 1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsindən daxil olmuş 28 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən Şəxs 28 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin sahə inspektoru X3 izahatında göstərmişdir ki, Şəxs 28 mart 2023-cü il tarixdə, saat 15 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, bu səbəbdən də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında özünü AR İXM-nin 535.1-ci maddəsi ilə qismən təqsirli bilərək bildirmişdir ki, o, öz evində təmir işləri aparır, 28 mart 2023-cü il tarixdə polis əməkdaşı X1 ona yaxınlaşaraq aparılan təmir işləri ilə əlaqədar məişət tullantılarının tullantılarının kənar yerlərə atılmasına görə protokol tərtib edəcəyini qeyd etmişdir. Bu zaman onların arasında söz mübahisəsi yaranmışdır. O, məsələnin polis bölməsində araşdırılmasını təklif edərək işini bitirdikdən sonra polis bölməsinə yaxınlaşacağını qeyd edib ərazidən uzaqlaşmışdır. İş yerində olan zaman 3 polis maşını onun avtomobilinə yaxınlaşmış və onu Polis Bölməsinə dəvət etmişdir. Şəxs onlarla polis bölməsinə getməkdən imtina etmiş və öz avtomobili ilə gedəcəyini bildirmişdir. O, polis Bölməsində olan zaman onun 2-ci qrup əlil olmasını və onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirərək Bölmədə saxlanılmamalı olduğunu qeyd etməsinə baxmayaraq polis əməkdaşları onu məcburi Polis Bölməsində saxlamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 13cü Polis Bölməsinin sahə inspektoru, polis baş leytenantı X1 izahatında göstərmişdir ki, 28 mart 2023-cü il tarixdə, saat 15.30 radələrində o, inzibati ərazidə xidmət edərkən 81 saylı MKİS-in işçisi ona zəng edərək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Vazeh küçəsi, ev 6, mənzil 22 ünvanında məişət tullantılarının kənar yerlərə atıldığını qeyd edərək əraziyə çağırmışdır. O, əraziyə gələrək Şəxs barəsində məişət tullantılarının kənar yerlərə atılması ilə əlaqədar inzibati xəta haqında protokol tərtib edəcəyini bildirmişdir. Bu zaman Şəxs kobud ifadələrlə polis əməkdaşına cavab vermiş, onu itələmiş, polisin qanuni tələbinə tabe olmayaraq polis əməkdaşına əl-qol ataraq avtomobili ilə ünvandan uzaqlaşmışdır.Polis əməkdaşı şəxsin işlədiyi yerin ünvanını öyrənərək həmin yerə getmiş və şəxsi nizam-intizama dəvət etmişdir. Lakin Şəxs avtomobilindən düşmədiyi üçün polis əməkdaşı əməliyyat qrupunu ünvana çağırmış və Şəxs Polis Bölməsinə gətirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “İnzibati qaydada tutma haqqında” 28 mart 2023-cü il tarixli AZA 017786 nömrəli protokoldan görünür ki, Şəxs 28 mart 2023-ci il tarixdə, saat 17:00-da tutulmuşdur. 28 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 mart 2023-cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs polis bölməsində verdiyi izahatından görünür ki, o, polis əməkdaşının onun evində aparılan təmirlə əlaqədar ona protokol yazacağını qeyd edən zaman aralarında mübahisə yaranmış və etdiyi əməlindən peşmandır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi inzibati xəta haqqında protokol, məhkəmə iclasında verilmiş izahatlar, habelə digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-nin 535.1-ci maddəsi ilə tövsif edilmişdir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur, inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs AR İXM-nin 535.1-ci maddəsi ilə təqsirli olması iş materiallarında olan sübutlarla təsdiq olunduğundan onun barəsində həmin maddənin sanksiyası daxilində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini, məsuliyyətini yüngülləşdirən hal kimi əməlindən peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların olmadığını, o cümlədən, onun əlillik dərəcəsinin olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1593/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1593/2023
29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver