Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1599/2023 31.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Ramazanova Səbinə Şair qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə MN ******* saylı, 31 mart 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-67/2022 saylı, 27 fevral 2023-cü il tarixli icra sənədi üzrə X9 hər həftənin cümə günü 14:00-dan 16:00-dək baş tutacaq görüşün həyata keçirilməsindən boyun qaçırmış, bununla da borclu icra sənədinin icrasını təmin etməmiş, icra məmurunun qanuni tələblərinə riayət etməmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Elşən Əlibaxış oğlunun görüş günlərinin hər birində oğlu X7 icra şöbəsinə gətirərək zərərçəkmiş şəxs X8 ilə görüşməsini təmin etmiş, lakin uşaq özü hər görüşdə atasından ayrılmayaraq anası ilə görüşmək istəmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs uşağın atasının təsiri altında olduğunu iddia edir. Bununla bağlı qəyyumluq və himayəçilik orqanlarına müraciət edilmiş və nəticədə həm uşağın, həm də valideynlərin psixoloq yardımına ehtiyaclarının olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs uşağın atasının təsiri altında olduğundan onunla görüşməkdən imtina etdiyini bildirdiyindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında göstərmişdir ki, o, icra vərəqəsinin icrasından bir gün belə yayınmamışdır. O, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş gündə və saatda uşağının anası ilə görüşməsini təmin etmək üçün uşağı icra şöbəsinə gətirmiş, lakin uşaq qışqıraraq anası ilə görüşmək istəmədiyini bildirmiş və anası ilə görüşməkdən imtina etmişdir. O, uşağına anası ilə görüşməməsi üçün heç bir təsir göstərmir. Göstərilənlərin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs X8 öz izahatında bildirmişdir ki, onun oğlu ilk görüşdə onunla normal görüşsə də, sonrakı görüşlərdə onunla görüşməkdən imtina etmişdir. Hesab edir ki, atası uşağa psixoloji təzyiqlər göstərdiyindən uşaq onunla görüşməkdən imtina edir. Sədrlik edənin sualına cavab olaraq zərərçəkmiş şəxs barəsində inzibati qaydada icraat aparılan şəxsin uşağı görüş günləri icra şöbəsinə gətirdiyini, lakin uşağın atasının təsiri altında olduğundan onunla görüşməkdən imtina etdiyini bildirmişdir. Məhkəmə iclasına uşaq X9 dəvət edilmiş və o, anası ilə görüşmək istəmədiyini, atasının bu barədə ona bir söz demədiyini, özü anası ilə vaxt keçirmək istəmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-67/2022 saylı, 27 fevral 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, 16(008)-67/2022 saylı qərardadının “müəyyən etdi” hissəsindəki 3-cü abzası “Məhkəmə, tərəflər arasındakı mövcud vəziyyəti, uşağın yaşını (məktəbyaşlı olması) və mənafeyini nəzərə alaraq müvəqqəti təminat tədbirinə dair ərizənin qismən təmin olunaraq 09 fevral 2015-ci il təvəllüdlü X9 ilə hər həftənin cümə günü, saat 14:00-dan 16:00dək sərbəst şəkildə ünsiyyətdə olmaq hüququnun təmin edilməsini məqsədəmüvafiq hesab edir” məzmunda oxunmaqla yanlışlıq aradan qaldırılmışdır. “İcraata başlama haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-67/2022 saylı, 27 fevral 2023-cü il tarixli icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. 2022-ci il və 2023-cü illərdə müxtəlif tarixlərdə icra məmuru tərəfindən mütəxəssisin (psixoloq) iştirakı ilə tərtib edilmiş aktlardan görünür ki, uşaq icra şöbəsində qışqıraraq anası ilə görüşməkdən imtina etmiş, bəzi görüş günlərində psixoloqlar uşaqla söhbət aparmış və uşağın anası ilə görüşmək istəmədiyini və reabilitasiyaya ehtiyacının olduğunu bildirmişlər. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-67/2022 saylı, 27 fevral 2023-cü il tarixli icra vərəqəsindən sonrakı tarixlərdə tərtib edilmiş 24 fevral 2023-cü il tarixli və 10 mart 2023-cü il tarixli aktlardan görünür ki, Şəxs icra vərəqəsi ilə müəyyən edilmiş görüş günlərində uşağı anası ilə görüşməsi üçün icra şöbəsinə gətirmiş, lakin uşaq qışqıraraq anası ilə görüşməkdən imtina etmişdir. Şəxs tərəfindən verilmiş 31 mart 2023-cü il tarixli izahatından görünür ki, o, həmin izahatlarında uşağa heç bir təsir təsir göstərməmiş, uşaq özü anası ilə görüşmək istədiyi təqdirdə buna etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, zərərçəkmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, məhkəmə iclasına dəvət uşağın fikrini, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-67/2022 saylı, 27 fevral 2023-cü il tarixli icra vərəqəsinə əsasən Mustafayev X3 Amin Elşən oğlunun hər həftənin cümə günü, saat 14:00-dan 16:00-dək anası ilə sərbəst şəkildə ünsiyyətdə olmaq hüququnu təmin etməlidir. Məhkəmə iclasında həm icra məmurunun, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də zərərşəkmiş şəxsin izahatları ilə müəyyən edilmişdir ki, Şəxs icra vərəqəsi ilə müəyyən edilmiş günlərdə oğlu X4 anası ilə görüşməsinin təmin edilməsi məqsədi ilə onu icra şöbəsinə gətirmiş, lakin uşaq özü anası ilə görüşməkdən imtina etmişdir. Bununla yanaşı, iş materiallarında olan icra məmuru tərəfindən tərtib edilmiş aktlarla da görüş günlərində Şəxs X7 icra şöbəsinə gətirməsi, lakin uşağın anası ilə görüşməkdən imtina etməsi təsdiq olunmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs özü də uşağın atası tərəfindən icra şöbəsinə gətirildiyini, uşağın onunla görüşmək istəmədiyini, lakin uşağın psixoloji təzyiq altında olduğunu və atası tərəfindən öyrədildiyini bildirmişdir. Zərərçəkmiş şəxsin həmin dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin icra vərəqəsinə və icra məmurunun qanuni tələbinə əsasən Şəxs məhkəmə aktı ilə müəyyən edilmiş görüş günlərində oğlunu anası ilə görüşməyə gətirdiyindən və məhkəmə qərardadının icrasını təmin etmək üçün öz tərəfindən tələb olunan addımı atdığından uşağın özünün anası ilə görüşmək istəməməsi və zərərçəkmiş şəxsin uşağın atası tərəfindən psixoloji təsirə məruz qalmasını ehtimal etməsi Şəxs əməlində inzibati xəta tərkibin olması kimi qiymətləndirilməməklə şəxsin məsuliyyətə cəlb edilməsi üçün əsas ola bilməz. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun, zərərçəkmiş şəxsin və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə aktını nəinki üzürsüz səbəbdən, ümumiyyətlə icra etməmə halı öz təsdiqini tapmamış, əksinə onun məhkəmə aktını vaxtında icra etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs məhkəmə aktı əsasında verilmiş icra sənədini vaxtında və lazımi qaydada icra etməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1599/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1599/2023
31.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver