Məhkəmə qərarları › İş №3(008)-1640/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1640/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1640/2025 03.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Samirə Məhəmməd qızının sədrliyi, Axund-zadə Ayşən Elimxan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Ermənistan SSR, Çəmbərəkdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şossesi – 2, döngə, 10B ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Bakı şəhəri Sabunçu rayon İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən daxil olmuş 03 aprel 2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1658/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 2 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 440 manat aliment tutularaq X4 ödənilməlidir. Həmin icra vərəqəsi üzrə borclunun 5900 manat aliment borcu yaranmışdır. Bununla da o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək Şəxs barəsində qanunauyğun tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, 3 aydır işləmir. Bu səbəbdən yuxarıda qeyd olunan icra sənədi üzrə borcu yaranmışdır. Lakin borcu 5900 manat olmamışdır. Sadəcə 3 ay üzrə ödənilməyən aliment borcu vardır. O, mütəmadi olaraq aliment ödəmiş, bəzən əlbəəl vermişdir. Hazırda onları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmir. Bundan sonra hər ay alimenti vaxtlı-vaxtında ödəyəcəkdir. Yığılmış aliment borcunu imkanı olduqca alimentə əlavə olaraq ödəyə bilər. Məhkmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 bildirmişdir ki, aliment borcunun ödənilməsini tələb edir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Uşağın biri autizim xəstəsidir. Özü əl işlərini satıb onlara baxmağa çalışır. Lakin bu uşaqların saxlanması üçün kifayət etmir. Aliment 2023-cü ildən təyin olunan alimentdir. Heç alimentin artırılması ilə bağlı məhkəməyə də müarciət etməmişdir. Borclu 11 ayın aliment borcunu ödəməmişdir. Aliment ödəməyə imkanı olmasına baxmayaraq aliment ödəməkdən yayınır. Məhkəmədən alimentin ödənilməsini, ödəmədiyi halda barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1658/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədindən görünür ki, Şəxs X2 xeyrinə, xx.xx.2017-ci il təvəllüdlü X8 və xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanmaları üçün xx.xx.2023-cü il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır; İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-1658/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmiş və sonuncu tərəfindən xx.xx.2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir; tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs 2(008)-1658/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi xahiş olunmuş, tələbi üzrsüz səbəbdən icra etmədikdə, icranın məcburi qaydada təmin ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati xəta kimi müəyyən edilmişdir. Həmin xətaya görə inzibati cərimə və ya inzibati həbs nəzərdə tutulmuşdur. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin izahatı, icra vərəqəsi, bildiriş və işdə olan digər sənədlər ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yalnız son 3 ay üzrə aliment ödəməməsi barədə mövqeyinə məhkəmə münasibət bildirərək qeyd edir ki, iş materialları ilə şəxsin 11 ay üzrə ümumiyyətlə aliment ödəmədiyi, bəzi dövrlər üzrə isə qismən ödəniş etdiyi müəyyən olunduğundan onun qeyd edilən mövqeyi özünümüdafiə xarakteri daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, iş üzrə sübutları qiymətləndirərək, törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-nin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Samirə Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar