Məhkəmə qərarları › İş №3(008)-1655/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1655/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1655/2025 15.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Günel İqbal qızının sədrliyi, Qaralov Kənan Dünyamalı oğlunun iclas katibliyi, Səmədov Vasif Əsgər oğlunun iştirakı ilə, Səmədov Vasif Əsgər oğlunun Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi Mərkəzi İnformasiya Sistemi vasitəsilə tərtib edilmiş inzibati tənbeh vermə haqqında 30.12.2024-cü il tarixli, EQ 25288334 saylı elektron qərarın ləğvi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səmədov Vasif Əsgər oğlu Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İXM-nin 339.1-1-ci maddəsinə əsasən onun barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında 30.12.2024-cü il tarixli, EQ 25288334 saylı elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırılmışdır ki, ASANPAY vasitəsilə ona SMS gələrək cərimə olunduğu, 2 ay müddətində ödənilmədiyi üçün nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edilmişdir. Onun hər hansı cəriməsi olmadığı üçün bunu aydınlaşdırmaqdan ötrü Dövlət Yol Polisi idarəsinə yaxınlaşaraq ona gələn SMS-i göstərdiyini, orada isə ona DAEWOO BS090 markalı 99 JR 074 dövlət qeydiyyat nişanlı avtobusa cərimə gəldiyini və ödənilmədiyi üçün saxlanılma qərarı çıxarıldığı bildirilmişdir. Onlara belə bir nəqliyyat vasitəsini idarə etmədiyini, qeyd edilən avtobusu heç bir zaman sürmədiyini, həmin avtobusun kimə məxsus olduğunu bilmədiyini və bununla bağlı hər hansı etibarnaməsinin olmadığını bildirsə də, heç bir nəticə olmamışdır. Bununla bağlı Dövlət Yol Polisi İdarəsinə dəfələrlə müraciət etdikdən sonra barəsində tərtib edilmiş qərar ona təqdim edilmişdir. Belə ki, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Socar YDM qarşısında Zabrat qəsəbəsi istiqamətində olarkən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” AR Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə törətdiyi inzibati xətaya görə 30.12.2024-cü il tarixli, EQ 25288334 saylı inzibati xəta haqqında qərar tərtib olunaraq inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və O, İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 manat məbləğində cərimə edilmişdir. Halbuki təqdim olunan qərardan görünür ki, DAEWOO BS090 markalı 99 JR 074 dövlət qeydiyyat nişanlı avtobusun yalnız dövlət qeydiyyat nişanı olan hissəsini kamera görüntüləmişdir, sükan arxasında kimin əyləşdiyi çəkilməmişdir avtomobili idarə edən şəxs o olmamışdır. İşin faktiki hallarından, habelə iş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, şəxsə istindad edilmiş maddə üzrə təqsirliliyi sübuta yetirilməmişdir və mənim qeyd edilən nəqliyyat vasitəsi ilə hər hansı əlaqəm yoxdur. Həmin nəqliyyat vasitəsinin harada, kimin olması, habelə kim tərəfindən idarə olunması barədə heç bir məlumatım yoxdur. Qeyd olunanlara əsasən barəmdə tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında Səmədov Vasif Əsgər oğlu şikayət ərizəsinin xüsusatlarına uyğun izahat verərək Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin görə 30.12.2024-cü il tarixli, EQ 25288334 saylı inzibati tənbeh vermə haqqında elektron qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 30.12.2024-cü il tarixli, EQ 25288334 saylı qərardan görünür ki, Səmədov Vasif Əsgər Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, Socar YDM qarşısında Zabrat qəsəbəsi istiqamətində olarkən DAEWOO BS090 markalı 99 JR 074 dövlət qeydiyyat nişanlı avtobusu “Yol hərəkəti haqqında” AR Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməklə törətdiyi inzibati xətaya görə 30.12.2024-cü il tarixli, EQ 25288334 saylı elektron qərar qəbul edilmiş və o İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə tətbiq edilmişdir; Təqdim olunan fotodan görünür ki, DAEWOO BS090 markalı 99 JR 074 dövlət qeydiyyat nişanlı avtobusun yalnız dövlət qeydiyyat nişanı olan hissəsi kamerada görüntüləmişdir, sükan arxasında kimin əyləşdiyi məlum deyil. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə - əlli manat məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda Səmədov Vasif Əsgər oğlu DAEWOO BS090 markalı 99 JR 074 dövlət qeydiyyat nişanlı avtobusu vasitəsini texniki baxışdan keçirmədən idarə etməsi göstərilmiş və o, Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinmişdir. Törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən 30.12.2024-cü il tarixli, EQ 25288334 saylı elektron qərar qəbul edilmiş və o İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 50 manat məbləğində cərimə tətbiq edilmişdir Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iş materiallarında olan 30 dekabr 2024-cü il tarixli EQ seriyalı 25288333 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, qərarda sübutlara istinad edilməmiş, ona Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə qərarda müvafiq qeyd aparılmamışdır. Belə ki, protokolu tərtib etmiş orqan “DAEWOO BS090 AVTOBUS” minik markalı, 99-JR-074 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Səmədov Vasif Əsgər oğlu tərəfindən idarə edilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki, İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Beləliklə, Səmədov Vasif Əsgər oğlu barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli EQ seriyalı 25288334 saylı inzibati tənbeh vermə haqqında qərar heç bir sübuta istinad edilmədən qəbul edilmiş, həmçinin Səmədov Vasif Əsgər oğlu həmin qərarla Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 339.1-1-ci məddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında qərar Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə riayət edilmədən, araşdırma aparmadan qəbul edilmişdir. Səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.2-ci maddəsinə əsasən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə , yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) videomüşahidə vasitələrinin qeydə aldığı videoyazıya baxış keçirməklə və araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.4-cü maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, Səmədov Vasif Əsgər oğlunun şikayəti təmin edilməli, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsi tərəfindən qəbul edilmiş 30 dekabr 2024-cü il tarixli EQ seriyalı 25288334 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi idarəsinə göndərilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Səmədov Vasif Əsgər oğlunun şikayəti qismən təmin edilsin. Səmədov Vasif Əsgər oğlunun Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 339.1-1 -ci maddəsilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş 30.12.2024-cü il tarixli, EQ 25288334 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Günel Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar