Məhkəmə qərarları › İş №3(008)-1656/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1656/2024

28.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1656/2024 28.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Səfərova Aytən Eldar qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1993-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana Südçülük sovxozunun binasında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 28 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs 4 icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən üzürlü səbəb olmadan yayınmışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 icra işinin başqa icra məmurunun icraatında olduğunu, həmin icra məmuru işdə olmadığından protokolu tərtib etdiyini, barəsində inzibati qaydada icraat aparılan şəxsin axtarışla gəlməsi səbəbindən inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etdiyini bildirmişdir. Sədrlik edənin sualına cavab verən icra məmuru icra işində “tələbin könüllü icrası barədə” bildirişin Şəxs təqdim olunmasını və onun icra sənədi üzrə icraatın başlanmasından məlumatının olmasını təsdiq edən hər hansı sənədin olmadığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, o, icra sənədinin icrasından yayınmır. Tələbin könüllü icrası barədə bildiriş bu günə qədər ona təqdim edilməmişdir. Məhkəmə qərarlarından və onların icraya yönəlməsindən bu gün xəbəri olmuşdur. Ona tələbin könüllü icrası barədə bildiriş də bu gün təqdim olunmuşdur. Heç vaxt icra məmurunun çağırışlarından yayınmamış, hər hansı sənəd və ya çağırış almadığından bu günədək icra şöbəsinə yaxınlaşmamışdır. Göstərilənlərin nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Kəlbəcər Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(040)-1074/2018 saylı məhkəmə əmrindən görünür ki, Şəxs ümumilikdə 520 manat pulun "xxxx" MMC-yə ödənilməsi əmr edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-(032)-1173/2021 saylı icra vərəqəsindən görünür ki, qızıl-zinət əşyalarının Şəxs alınaraq X1 verilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(104)-556/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 1619,43 manat pul və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Bakı şəhəri 17 saylı notariat tərəfindən verilmiş 2679 saylı, 31 avqust 2019-cu il tarixli icra qeydindən görünür ki, Şəxs 2338 manat pulun tutulması qeyd olunmuşdur. “İcraata başlama haqqında” 09 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(104)-556/2021 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “İcraata başlama haqqında” 17 noyabr 2021-ci il tarixli qərarın surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 27 sentyabr 2021-ci il tarixli, 2-(032)-1173/2021 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “İcraata başlama haqqında” qərarın surətindən görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 24 iyul 2018-ci il tarixli, 2(040)-1074/2018 saylı icra vərəqəsi əsasında iş üzrə icraat başlanılmışdır. “İcraata başlama haqqında” 04 sentyabr 2019-cu il tarixli qərarın surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2679 saylı icra qeydi əsasında iş üzrə icraat başlanılmışdır. Barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs 28 fevral 2024-cü il tarixdə icra şöbəsində verdiyi izahatından görünür ki, o, öz izahatında məhkəmə aktlarından və onların əsasında verilmiş icra sənədlərindən xəbərinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, iş materiallarından görünür ki, məhkəmə qətnaməsinin icraya yönəldilməsi və icraata başlama barədə qərarın, o cümlədən, tələbin könüllü icrası barədə bildirişin Şəxs tərəfindən alınmasına dair hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs məhkəmə qətnaməsinin icraya yönəlməsindən xəbərinin olmadığını, onun ünvanına icra şöbəsinə gəlməsinə dair hər hansı bildirişin daxil olmadığını, tələbin könüllü icrası barədə bildirişin ona təqdim edilmədiyini, ilk dəfə olaraq bu gün icra şöbəsinə gəldiyini, məhkəmə aktlarının da onun iştirakı olmadan çıxarıldığını və bu səbəbdən barəsində qəbul edilmiş məhkəmə aktlarından da xəbərsiz olduğunu, icra məmuru da borclunun ilk dəfə olaraq bu gün icra şöbəsinə gəldiyini, onun yaşayış yeri məlum olmadığından barəsində axtarış elan edildiyini bildirmişdir. Göründüyü kimi, həm iş materialları, həm barəsində inzibati qaydada icraat aparılan şəxsin, həm də icra məmurunun izahatları ilə Şəxs tələbin könüllü icrası barədə bildirişi almadığı, bu günədək icra şöbəsinə çağırılaraq izahatlarının alınmaması, ona xəbərdarlıq məktublarının göndərilmədiyi öz təsdiqini tapmışdır ki, bu da Şəxs əməlində inzibati xəta tərkibinin olmasını və onun üzürsüz səbəbdən məhkəmə qətnaməsini icra etməməsini istisna edir. Göstərilənləri nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, Şəxs tərəfindən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsi kimi hərəkətlərə yol verilməmişdir. Borclu barəsində axtarış elan edilməsinə dair qərara münasibətdə isə məhkəmə qeyd edir ki, həmin qərar borclunun icra məmurunun bildirişlərini alaraq və ya icra sənədindən məlumatlı olaraq icra şöbəsinə gəlmədiyinə görə deyil, onun yaşadığı yerin müəyyən edilməməsi səbəbindən qəbul edilmişdir ki, bu da bir daha icra məmurunun borclunun yaşayış yeri barədə məlumatlı olmamasına və icra sənədi barədə onu məlumatlandıra bilməməsinə dəlalət edir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarında olan icra sənədlərindən görünür ki, məhkəmə aktlarının və icra qeydinin icraya yönəlməsindən kifayət qədər uzun müddət keçmiş, lakin icra məmuru məhkəmə qətnaməsinin icrası üçün Azərbaycan Respublikası “İcra haqqında” Qanununda nəzərdə tutulmuş lazımi tədbirləri görmədən, qətnamənin icrası üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün imkanlar tükənmədən inzibati xəta haqqında protokol tərtib etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs icra sənədindən, qətnamələrin və icra qeydinin icraya yönəlməsinin xəbərinin olması iş materialları ilə müəyyən edilmədiyindən və belə olan halda onun tərəfindən üzürsüz səbəbdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətinə işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar