Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-17/2024 22.01.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Zeynalov Mirheydər Seyidəmir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, 06 iyul 1973-cü il tarixdə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 39, mənzil 11-də qeydiyyatda olan və yaşayan-X1 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, İdarənin nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə işə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şikayətçi X4 izahatında göstərmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən vəzifə öhdəliklərinin icrası ilə bağlı tərtib edilmiş, lakin Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin bütün müddəalarına zidd olan, sahibkarlıq fəaliyyətinə zərbə vuran, Respublikanının iqtisadiyyatına mənfi təsir göstərən və tərəfindən absurd hesab edilən inzibati xətanın törədilməsi barədə 27 noyabr 2023-cü il tarixli, MN ******* №-li qərar ona təqdim edilmişdir. Qərar 07 dekabr 2023-cü il tarixdə 1097 saylı saylı Poçt Şöbəsinin vasitəsi ilə və müvafiq qeydlər aparmaqla ona təhvil verilmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin inzibati ərazisində 68 hektar ölçüdə və dövlətə məxsus «X5» yerləşir. Bu yataq Azərbaycan SSR ərazi ehtiyyatları komissiyasının 1966-cı il tarixli 3 saylı protokolu ilə təsdiq olunmuş və hal- hazırda Azərbaycan Respublikasının ərazisində yataq ehtiyatlarının vahid dövlət fondunun tərkib hissəsidir. Bu yatağın idarə olunması Azərbaycan Respublikasının «Yerin Təki haqqında» Qanunu ilə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə tənzimlənir. Qeyd olunmuş yatağ ərazisində «X8» MMC və müəssisə «X7 Təsərrüfatı LTD» MMC-i fəaliyyət göstərirlər. Müəssisənin fəaliyyəti zəruri hüquqi sənədlər əsasında həyata keçirilir. Belə ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin vahid məlumat reyestrindən KY231958292 saylı çıxarışa əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 05 sentyabr 2023-cü il tarixində direktoru olduğu «X7 Təsərrüfatı LTD» MMC-də kompleks yoxlama keçirilmişdir. Yoxlamanın nəticəsi olaraq ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən rəhbərlik etdiyi müəssisə barəsində 15 sentyabr 2023-cü il tarixli 6-M9/2623- 067 saylı «Məcburi Göstəriş» tərtib edilmişdir. Həmin «Məcburi Göstəriş» rəsmi olaraq şəxsən onun tərəfindən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində müvafiq qeydlər aparılmaqla 19 sentyabr 2023-cü il tarixində icra üçün qəbul edilmişdir. «Məcburi Göstəriş»in 1-ci bəndində ekoloci ekspertiza rəyinin 30 gün ərzində əldə edilməsi müəssisəyə tapşırılmışdır. «Məcburi Göstəriş»in 2-ci bəndində müəssisənin fəaliyyəti nəticəsində formalaşan tullantıların müvəqqəti saxlanması üçün yerlərin 30 gün ərzində müəyyən edilməsi və müəssisənin fəaliyyəti nəticəsində formalaşan məişət tullantılarının daşınaraq zərərsizləşdirilməsi üçün 30 gün ərzində aidiyyəti müəssisə ilə müqavilə bağlanmasının təmin edilməsi müəssisəmizə tapşırılmışdır. «Məcburi Göstəriş»in 3-cü bəndində müəssisənin ətraf mühitə təsirinin uçot və hesabatları aparılaraq 25 yanvar 2024-cü il tarixədək İdarəyə təqdim olunması tapşırılmışdır. Eyni zamanda ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarının gəldiyi nəticəyə görə «X2 rəyi» olmadan «X7 Təsərrüfatı LTD» MMC-i «X3»a faydalı qazıntıların hasilatı ilə məşğuldur və bununla da İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsinin tələbləri pozulmuşdur. Ona görə də ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 275.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibatı xətanın törədilməsi barədə və ona qarşı yönəlmiş 21 sentyabr 2023-cü il tarixli MN ******* №-li qərar verilmişdir. «Məcburi Göstəriş»in icrası ilə bağlı tərəfindən K/43 saylı, 12 oktyabr 2023-cü il tarixli məktub ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir və həmin məktubda «Məcburi Göstəriş»in hər 3 (üç) bəndinin icrası barədə əsaslı məlumatlar verilmişdir. Belə ki, «Məcburi Göstəriş»in 1-ci bəndində qeyd olunmuş «X2 rəyi»in əldə edilməsinin zəruriliyinə aydınlıq gətirmək üçün ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 sentyabr 2023-cü il tarixli, MN ******* №li qərarına qarşı Sabunçu Rayon Məhkəməsinə şikayətin verilməsi bildirilmiş və məhkəmənin qərarından asılı olaraq tərəfimizdən müvafiq tədbirlərin görülməsi vurğulanmışdır. «Məcburi Göstəriş»in 2-ci bəndində qeyd olunmuş tapşırıqların icrası ilə bağlı istehsalat zəruriyyətinin və hüquqi əsasların olmamasının nəzərə alınması xahiş edilmişdir. «Məcburi Göstəriş»in 3-cü bəndində isə qeyd olunmuş tapşırıqın 25 yanvar 2024-cü ilədək icra olunması bildirilmişdir. Əlavə olaraq bildirir ki, son illər sahibkarlıq subyektinin direktoru olduğu «X7 Təsərrüfatı LTD» MMC-in fəaliyyəti ilə bağlı ekoloji vəziyyəti nəzarət edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən müəssisələrinə qarşı tətbiq edilən əsassız ittihamlara və psixoloji təzyiqlərə məruz qalmışıq. 20 aprel 2023-cü il tarixdə ETSN-in 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən müəssisə barədə MN №1762649 saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokola əsasən müəssisənin fəaliyyəti nəticəsində ətraf mühitə yayılan toz hissəciklərinin miqdarı yol verilən hədd normasından artıq olmuşdur və güya müəssisə tərəfindən İnzibati Xətalar Məcəlləsinin 233.1 maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif bölmələri tərəfindən müəssisə ona qarşı qərəzli mövqeyin tutulması ilə ifadə olunan hərəkətlərdən geri çəkilməsi, bu kimi hərəkətlərə son qoyulması və fəaliyyətlərinin sağlam iş şəraitində davam etdirilməsi ilə bağlı tərəflərindən K/40 saylı 29 sentyabr 2023-cü il tarixli məktubla Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində qəbul edilmiş 27 noyabr 2023-cü il tarixli, MN ******* №-li qərar qanunsuz və əsassızdır. İşin hallarına əsasən ona münasibətdə inzibati xəta hadisəsi və inzibati xətanın tərkibi yaranmamışdır. Bu əsasdan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati xəta haqqında iş üzrə icraatı aparmamalı idi. Məhkəmədən qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında MN №1440754 №li, 27 noyabr sentyabr 2023-cü il tarixli qərardan görünür ki, X4 barəsində İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati xəta törətmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)5807 saylı, 03 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 sentyabr 2023-cü il tarixli, MN ******* saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında material üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Yerin təki haqqında Azərbaycan Respublikasının Qanunun 27-ci maddəsinə əsasən yer təkinin geoloci öyrənilməsi, faydalı qazıntıların çıxarılması, eləcə də onların çıxarılması ilə əlaqədar olmayan məqsədlər üçün verilən yer təki sahələri və onlarla əlaqədar müvafiq işlər dövlət uçotuna və dövlət qeydiyyatına alınır. Dövlət uçotu və dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vahid sistem üzrə aparılır. Dövlət qeydiyyatı olmadan yerin təkindən istifadə ilə əlaqədar işlərin aparılması qadağandır. Həmin Qanunun 30-cu maddəsinə əsasən yer təkinin faydalı qazıntı ehtiyatlarının səmərəli və kompleks işlənilməsini təmin etmək, yerin təkindən istifadə haqqını və istifadəyə verilən yer təki sahələrinin sərhədlərini müəyyən etmək məqsədilə mineralxammal üçün kondisiyalar və kəşfiyyatı aparılmış yataqların faydalı qazıntı ehtiyatları dövlət ekspertizasından keçirilməlidir. Dövlət ekspertizası yatağın geoloci öyrənilməsinin bütün mərhələlərində aparıla bilər. Bu hallarda ekspertizaya təqdim olunan geoloci materiallar faydalı qazıntı ehtiyatlarının kəmiyyətini və keyfiyyətini, sənaye əhəmiyyətini, onların çıxarılmasının dağ-mədən-texniki, hidrogeoloci, ekoloci və digər şəraitini obyektiv qiymətləndirməyə imkan verməlidir. Faydalı qazıntıların çıxarılması ilə əlaqədar olmayan, yeraltı qurğuların tikintisi və istismarı üçün yararlı olan yer təki sahələri haqqında geoloci informasiya da dövlət ekspertizasından keçirilməlidir. Həmin sahələrdən istifadəyə yalnız geoloci informasiyanın dövlət ekspertizası aparıldıqdan və təsdiq edildikdən sonra icazə verilir. İstifadəyə verilən yer təki sahələri haqqında geoloci informasiyanın və faydalı qazıntı ehtiyatlarının dövlət ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada həyata keçirilir. Həmin Qanunun 31-ci maddəsinə əsasən kəşf edilmiş faydalı qazıntı yataqlarının ehtiyatları və eləcə də yataqların istismarı zamanı əlavə kəşf edilmiş faydalı qazıntıların ehtiyatları dövlət ekspertizası aparıldıqdan sonra təsdiq edilir. Faydalı qazıntı ehtiyatları təsdiq edilərkən kəşf edilmiş ehtiyatların sənaye əhəmiyyəti, səhihliyi, kəmiyyəti, keyfiyyəti, yerləşmə şəraiti, öyrənilmə dərəcəsi və istismara hazır olması müəyyənləşdirilir. Kəşf olunmuş faydalı qazıntı ehtiyatının sənaye əhəmiyyəti barədə qərar onların dövlət balansında qeydiyyata alınmasına və uçotunun aparılmasına əsas verir. Yer təkinin faydalı qazıntılar çıxarılması üçün istifadəyə verilməsinə yalnız onların ehtiyatları təsdiq edildikdən sonra icazə verilir. Çıxarılmış faydalı qazıntılar, habelə çıxarılma prosesində sənaye əhəmiyyətini itirmiş, sonrakı geoloci öyrənilmə işləri və ya yataqların işlənilməsi zamanı təsdiq olunmamış faydalıqazıntı ehtiyatları müəyyən edilmiş qaydada, faydalı qazıntı ehtiyatlarının dövlət balansında müvafiq dəyişikliklər edilməklə, istismar işlərini aparan subyektin hesabından silinir. Ətraf mühitin mühafizəsi haqqında Azərbaycan Respublikasının Qanunu ətraf mühitin mühafizəsinin hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir. Qanunun məqsədi ətraf mühitin ekoloci tarazlığının mühafizəsi sahəsində ekoloci təhlükəsizliyin təmin edilməsindən, təbii ekoloci sistemlərə təsərrüfat və başqa fəaliyyətin zərərli təsirinin qarşısının alınmasından, bioloci müxtəlifliyin qorunub saxlanılmasından və təbabətdən istifadənin səmərəli təşkilindən ibarətdir. Bu Qanun ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı əlaqəsini tənzimləyir. Həmin Qanunun 50-ci maddəsinə əsasən ekoloci ekspertiza təsərrüfat fəaliyyətinin ətraf mühitə ola bilən mənfi təsirinin və onlarla bağlı nəticələrin aşkar edilməsi, qarşısının alınması və proqnozlaşdırılması məqsədilə ətraf mühitin keyfiyyət normativlərinə və ekoloci tələblərə uyğunluğunun müəyyən edilməsidir. Ekoloci ekspertiza dövlət və ictimai ekoloci ekspertiza formalarında həyata keçirilir. Həmin Qanunun 52-ci maddəsinə əsasən dövlət ekoloji ekspertizası bu Qanunun 54-cü maddəsində göstərilən obyektlərə münasibətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. dövlət ekoloci ekspertizasının həyata keçirilməsi qaydası, «Lisenziyalar və icazələr haqqında» Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Təsərrüfat fəaliyyəti yerin təkindən istifadə ilə bağlı olduqda, həmin fəaliyyətə dair dövlət ekoloci ekspertizası bu işlər «Yerin təki haqqında» Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq dövlət uçotuna və dövlət qeydiyyatına alındıqdan sonra aparılır. Dövlət ekoloci ekspertizasının obyektləri barədə ekoloci ekspertiza rəyi olmadan sənaye və ərzaq məhsullarının istehsalı, işlərin, xidmətlərin yerinə yetirilməsi və ya Azərbaycan Respublikasının ərazisinə gətirilməsi qadağandır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsinə əsasən ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə tərəfi dinləyib, iş materiallarında olan sənədləri araşdırıb hesab edir ki, iş materialları ilə hüquqi şəxs «X7 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş, məhkəmə baxışı zamanı da məhkəməyə bu halı təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş materiallarda hüquqi şəxs «X7 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı xətanın baş verməsi faktı vurğulanmamış və müəyyən edilməmişdir. Qərar qəbul olunarkən xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə hüquqi şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, hüquqi şəxs «X7 Təsərrüfatı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə materiala baxmış məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Məhkəmə iclasda müəyyən edilmiş hallara və iş materiallarına hüquqi qiymət verərək hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 noyabr 2023-cü il tarixli, MN ******* №li inzibati tənbeh qərarının ləğv edilməli, X1 ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq qərara aldı: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 27 noyabr 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin, inzibati xəta haqqında material üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş məhkəmə vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Mirheydər Zeynalov
Məhkəmə qərarları › İş №3(008)-17/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-17/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver