Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1739/2024 03.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızının sədrliyi, məhkəmə iclasının katibi Osmanlı Nurlan Azər oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib edən şəxs Kənan Cəfərovun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, 22 aprel 1984-cü il tarixdə Gürcüstan Respublikasında anadan olmuş, azərbaycanlı, Gürcüstan Respublikasının vətəndaşı, ailəli, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ərazisində yaşayan-Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyən etdi: Vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xidmət aparan X5 əməkdaşları və əraziyə yaxınlaşan post-patrul xidməti əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu barədə Bakı şəhər Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin sahə inspektoru, Kənan Cəfərov tərəfindən xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Kənan Cəfərov izahatında göstərmişdir ki, vətəndaş Şəxs 01 mart 2024-cü il tarixdə, saat 14:00 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xidmət aparan X5 əməkdaşları və əraziyə yaxınlaşan post-patrul xidməti əməkdaşları ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərmişdir. Daha sonra o polis əməkdaşları tərəfindən şöbəyə gətirilmiş, tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib etdiyi protokolu müdafiə edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, polis əməkdaşlarına qarşı müqavimət göstərməmişdir. X5 əməkdaşları 01 mart 2024-cü il tarixdə Bakıxanov qəsəbəsində onu saxlayaraq piyada keçidində piyadaya yol vermədiyini bildirdikdə o, bununla razılaşmayaraq heç bir inzibati xəta törətmədiyini bildirmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərmişdir ki, 01 mart 2024cü il tarixdə Sabunçu rayonu, Bakıxanov qəsəbəsində xidmətdə olarkən “BMW” markalı avtomobilin sürücüsü piyada keçidində piyadaya yol vermədiyi üçün tərəflərindən saxlanılmış, ona törətdiyi inzibati xəta izah olunarkən o, bununla razılaşmayaraq heç bir inzibati xəta törətmədiyini bildirərək ünvanlarına nalayiq ifadələr işlətmişdir. Daha sonra kömək üçün əraziyə yaxınlaşan post-patrul xidməti əməkdaşları ilə mübahisə edərək onlarında qanuni tələblərinə tabe olmayaraq tabesizlik göstərərək onlarlada aqressiv danışaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün tərəflərindən ərazi üzrə şöbəyə gətirilmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 izahatında göstərmişdir ki, 01 mart 2024cü il tarixdə ərazidə xidmətdə olan zaman tərəflərindən saxlanılan sürücü onlarla aqressiv danışaraq polis əməkdaşlarının ünvanına nalayiq söyüşlər söydüyü üçün tərəflərindən ərazi üzrə şöbəyə gətirilmişdir. Bakı Şəhəri Sabunçu Rayon Prokurorluğuna məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin prokurorluğun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə prokurorluğun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materialları və şahid ifadələri ilə təsdiq olunur ki, Şəxs polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə inzibati xəta haqqında materialları araşdırıb, tərəfləri dinləyib hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarına əlavə edilmiş 01 mart 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 01 mart 2024-cü il tarixdə, saat 19:30-da inzibati qaydada tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 4-cü maddəisinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən inzibati xətaya görə inzibati tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 11.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbulu və icra edilməsi, həmin vaxtı qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsində hakim, inzibati xəta haqqında protokolun və işin digər materialların Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmadı. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materialları və şahid ifadələri ilə tam sübuta yetirilmişdir. Şəxs özünü təqsirli bilməməsi barədə məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə tutulan pul məbləğidir. Məhkəmə Şəxs şəxsiyyətini, törədilmiş inzibati xətanın xarakterini, ilk dəfə inziabti məsuliyyətə cəlb olunmasını, törətdiyi əməldən peşman olmasını və iş üzrə olan digər halları nəzərə alaraq onu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1ci maddəsinin sankisiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 57, 106, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Tahirə Əsədova
Məhkəmə qərarları › İş №3(008)-1739/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1739/2024
03.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver