Məhkəmə qərarları › İş №3(008)-1740/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1740/2024

07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1740/2024 07.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X4 İmanovanın sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə, Şikayət vermiş şəxs X1 iştirakları ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X2 hadisə günü yolda hərəkət dayandırıldığından və uzun müddət hərəkətsiz vəziyyətdə qaldığından səbrsiz davranaraq əks istiqamətli hərəkət zolağına çıxdığını, hadisənin 17 yanvar 2024-cü il tarixdə baş verməsinə baxmayaraq inzibati tənbeh vermə haqqında qərarının 02 fevral 2024-cü il tarixdə qəbul edildiyini, qərarın gec qəbul edilməsi səbəbindən həmin qərarın ləğv edilməsinin zəruri olduğunu, lakin törətdiyi inzibati xətanı etiraf etdiyini bildirmişdir. Səlahiyyətli orqanın nümayəndəsinin sualına cavab olaraq şikayət vermiş şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edilmədən öncə protokolla razılaşmadığı təqdirdə polis orqanına yaxınlaşması barədə ona polis əməkdaşı tərəfindən zəng olunduğunu, lakin özünün ora getmədiyini və protokolun aqibəti barədə maraqlanmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, X2 tərəfindən AR İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi həm şəxsin özü tərəfindən etiraf edilmiş, həm də tərəfindən təqdim edilmiş görüntülərlə öz təsdiqini tapmışdır. Şikayətçi inzibati tənbeh vermə haqqında qərarın 02 fevral 2024-cü il tarixdə qəbul edilməsinin qanunsuz olduğunu qeyd etsə də, həmin qərar inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş, həmin protokol isə qərardan da göründüyü kimi 17 yanvar 2024-cü il tarixdə tərtib edilmişdir. Odur ki, məhkəmədən şikayətin təmin edilməməsini xahiş edir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin izahatını dinləyib, məhkəməyə təqdim edilmiş videogörüntünü tədqiq edib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməməli, X2 barəsində AR İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənheh vermə haqqında 02 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 17 yanvar 2024-cü il tarixdə, saat 09:37 radələrində idarə etdiyi “Mercedes Benz C180” minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, 28 May küçəsi ilə Səfərəliyeva küçəsinin kəsişməsində hərəkətdə olarkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Azərbaycan Respublikası DİN Bakı şəhər Baş Polis İdarəsi X5 İdarəsinin nümayəndəsi tərəfindən təqdim edilmiş videogörüntüdən görünür ki, etdiyi “Mercedes Benz C180” minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmiş, həmin vaxt ona qarşı əks istiqamətli yolda başqa avtomobil (qırmızı rəngli) hərəkətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xəatalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 327.4-cü maddəsinə əsasən birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə təqdim edilmiş videodiskdə olan görüntünü tədqiq edərək “Mercedes Benz C180” minik markalı, ** CK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 AR İXM-nin 327.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinin məhkəməyə təqdim edilmiş videogörüntü ilə müəyyən edildiyini, o cümlədən, şikayət vermiş şəxsin özünün də tərəfindən törədilmiş inzibati xətanı etiraf etdiyini nəzərə alaraq onun əməlində AR İXM-nin 327.4-cü maddəsinin tərkibinin olması qənaətinə gəlir. Məhkəmə iclasında şikayət vermiş şəxsin mübahisələndirdiyi məsələ inzibati xətanın onun tərəfindən törədilməməsi deyil, inzibati tənbeh vermə haqqında 17 yanvar deyil, 02 fevral 2024-cü il tarixdə tərtib edilməsi olmuşdur ki, həmin hala da münasibətdə məhkəmə qeyd edir ki, iş materiallarında olan inzibati tənbeh vermə haqqında 02 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, həmin qərar 17 yanvar 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında tərtib edilmiş, həmin qərar qəbul edilməzdən öncə isə vətəndaş özünün polis idarəsinə yaxınlaşaraq öz fikrini bildirməsi üçün o, idarəyə dəvət edilmiş, lakin o, özü getməkdən imtina etmişdir. Belə olan halda qanunverici məhz inzibati xəta haqqında protokolun dərhal tərtib edilməsini birbaşa müəyyən etdiyindən, inzibati xəta haqqında protokol isə məhz hadisə günü, yəni 17 yanvar 2024-cü il tarixdə tərtib edildiyindən və inzibati tənbeh vermə haqqında qərar da məhz həmin protokol əsasında qəbul edildiyindən şikayətin dəlilləri əsassız olmaqla 02 fevral 2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğvi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə hesab edir ki, verilmiş şikayət təmin edilməməli, X1 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. X1 İXM-nin 327.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN Bakı şəhər X5 İdarəsi tərəfindən qəbul edilmiş 02 fevral 2024-cü il tarixli, TP ******* nömrəli qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya qaydasında şikayət verilə bilər. Hakim Nigar İmanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar