Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(008)-1771/2024 04.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim İmanova Nigar Arzu qızının sədrliyi, Aytən Eldar qızı Səfərovanın katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Beyləqan rayonu, Miladabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Beyləqan rayonu. Miladabad qəsəbəsi ərazi dairəsi, Miladabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə 04 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-8801/2017 saylı icra vərəqəsinə əsasən Şəxs hər ay 137 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməkdən yayınmış və bununla bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin icra məmuru X2 məhkəmə iclasında inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verib şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərmişdir ki, o, uzun 10 ilə yaxındır ki, uşağını görmür və uşaqdan soyumuşdur. Belə ki, uşağın anası ona övladı ilə görüşməyə imkan verməmişdir. Bu səbəbdən də o alimenti ödəməmiş və ödəmək fikri də yoxdur. Barəsində qanunamüvafiq qərar qəbul edilməsinə, hətta həbs edilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İnzibati xəta haqqında 04 mart 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-8801/2017 saylı icra vərəqəsinə əsasən Şəxs 02 aprel 2021-ci il tarixdən etibarən hər ay 137 manat aliment tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu icra sənədini icra etməkdən yayınmış və bununla bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən icra etməmişdir. “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)-8801/2017 saylı icra vərəqəsi üzrə 2018-ci ildə inzibati icraat başlanmışdır. Şəxs 04 mart 2024-cü il tarixli izahatından görünür ki, o, bu günədək 2500 manat aliment ödədiyini, işsizlik səbəbindən alimenti ödəmədiyini, qalıq borcunu heç vaxt ödəməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə iclasında tədqiq edilmiş materiallar, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları ilə sübuta yetirilmişdir ki, Şəxs icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyini üzrsüz səbəbdən yerinə yetirməyərək icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında Şəxs icra şöbəsində verdiyi izahatında işləməməsini əsas gətirərək borc məbləğini ödəyə bilmədiyini göstərsə də, məhkəmə sağlam və işləməsinə mane olmayan hər hansı xəstəliyi olmayan şəxsin işləməməsinin onun tərəfindən məhkəmə qətnaməsinin icra edilməməsinin üzürlü səbəbi kimi qiymətləndirilmədiyini və hər bir halda uşaqlarının saxlanılmasının valideyinin ən mühüm vəzifələrindən biri olmasını nəzərə alır. Məhkəmə iclasında Şəxs məhkəmə qətnaməsini özü bilərəkdən icra etmədiyini bildirərək buna səbəb kimi zərərçəkmiş şəxsin ona uşağı ilə görüşməyə imklan verməməsini göstərsə də, məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ona uşağı ilə görüşə imkan verməməsi şəxs tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini icra etməməsi üçün deyil, əksinə onun uşaqları ilə görüş günlərini və saatlarını müəyyən edən məhkəmə qətnaməsinin çıxarılmasını təmin edilməsi üçün müvafiq olaraq aidiyyəti məhkəməyə müraciət etməsi üçün əsasdır ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs hələ indiyədək belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyini bildirmişdir. Hazırki halda Şəxs zərərçəkmiş şəxsin ona uşağı ilə ünsiyyət saxlaması üçün şərait yaratmaması və uşağından soyuması səbəbindən alimenti qəsdən ödəməməsini göstərməsi özüözlüyündə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 09 oktyabr 2017-ci il tarixli, 2(008)- 8801/2017 saylı icra sənədinin məhz üzürsüz səbəbdən icra edilməməsinə, zərərçəkmiş şəxslə aralarında olan şəxsi prinsiplər üzündən uşağın saxlanması üçün qanunla müəyyən edilmiş alimenti ödəməməsinə və bununla da üzərinə düşən vəzifələri icra etməməsinə dəlalət edir. Göründüyü kimi, Şəxs aliment məbləğinin icra sənədində göstərildiyi qaydada ödənilməsini təmin etməmiş, borcun ödənilməsinə laqeydlik göstərmiş və icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikasinin İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, özünün şəxsiyyətini, əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməklə inzibati tənbehin AR İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş məqsədlərinə nail olunması mümkündür. Odur ki, Şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 10 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. Həbsetmənin əvvəli 04 mart 2024-cü il tarixdən, saat 16:35-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan X3 Saxlanılma Mərkəzinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nigar İmanova
Məhkəmə qərarları › İş №3(008)-1771/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərar — İş №3(008)-1771/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver